AZ

Camal Musiala cərrahi əməliyyat edildi

“Bayern”in 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala uğurla cərrahi əməliyyat edilib.

Arena.az bu barədə “Bayern”in rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, Musiala 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/4 final oyununda (0:2) ağır zədələnmişdi. Musiala oyunun birinci hissəsində PSJ-nin 26 yaşlı italyan qapıçısı Canluici Donnarumma ilə toqquşaraq, sınıqla üzləşmişdi. Musialanın sol baldır sümüyü sınmış və topuğunun çıxması səbəbindən ayaq vətərləri zədələnmişdi.

Münhen klubu futbolçunun tezliklə bərpa mərhələsini başlayacağını bildirib. Musialanın bərpa müddəti ilə bağlı yekdil rəy olmasa da, bu müddətinin bir neçə aydan ən azı yarım ilə qədər çəkə biləcəyi təxmin edilir.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

2024/2025-ci illər mövsümündə Musiala “Bayern”in heyətində 44 oyun keçirib, 21 qol vurub, 8 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 207 oyun, 64 qol və 39 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
7
1
arena.az

10Mənbələr