AZ

Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər?

İngilis nəşri yazır ki, hər iki ölkədə qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün yer buraxmır və silahlı münaqişə hər an başlaya bilər

“İsrail və İran arasında son eskalasiyanın nəticələri yeni böyük qarşıdurmaya səbəb ola bilər. Təl-Əvivin aqressiv ritorikası Türkiyəni narahat edib. İndi iki güc arasında birbaşa toqquşma ehtimalı dəfələrlə artıb”. Bu barədə “Financial Times” yazır.

İsrail və İran arasında 12 günlük müharibə Yaxın Şərqdə güc balansını yenidən cızıb. Lakin ən təhlükəli nəticə İranla daha da gərginləşmə deyil, Türkiyə ilə İsrail arasında dartışmanın daha da şiddətlənməsi ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən sammitində çıxışı zamanı Ankaranın mövqeyini açıqlayıb: “Fələstin problemi yoxdur, Livan problemi yoxdur, Suriya problemi yoxdur, Yəmən problemi yoxdur, İran problemi yoxdur - açıq şəkildə İsrail problemi var”.

“Financial Times” yazır ki, bu sözlər Türkiyənin İsrailin bölgədəki rolu ilə bağlı müttəfiqdən rəqibə, indi isə birbaşa düşmənə çevrilməsini əks etdirir. Ankara İsrailin artan iddiasından və regional hegemon olmaq üçün yeni ambisiyalarından narahatdır.

Ərdoğanın HƏMAS-a ictimai dəstəyi Netanyahu hökumətinin kəskin reaksiyasına səbəb olub. Onsuz da qeyri-sabit olan bölgədə, hər ikisi Birləşmiş Ştatlarla müttəfiq olan ən güclü iki ordu arasında qarşıdurma baş verə bilər. Münaqişə həm ideoloji, həm də geosiyasi xarakter daşıyır. Ərdoğanın islamçı hökuməti türk millətçiliyi bir tərəfdə, İsraildə ifrat sağçı koalisiya bir tərəfdə. Bu qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün çox az yer buraxır.

Suriya əsas qarşıdurma meydanına çevrilib. Ankara artıq Suriyanın şimalında geniş ərazilərə nəzarət edir və bütün ölkə ərazisində iqtisadi və hərbi təsirini artırmağa çalışır. İsrail də öz növbəsində hava hücumlarını gücləndirib və cihadçı qruplarla əlaqələri səbəbindən Suriyanın yeni hakimiyyətlərinə şübhə ilə yanaşan kürdlərin və druzların muxtariyyətini dəstəkləyir. Gərginlik aprel ayında İsrailin Türkiyə hərbi bazasının tikintisi üçün nəzərdə tutulan əraziyə zərbə endirməsi ilə pik həddə çatıb.

Bəllidir ki, Bakıda bir neçə raundda Türkiyə-İsrail danışıqları keçirilib. Britaniya nəşri yazır ki, hazırda iki tərəf arasında hərbi qaynar xətt mövcud olsa da, diplomatik əlaqələr dondurulub. Həm Ankaranın, həm Tel-Əvivin Azərbaycan masasından çəkilməsi və yaşanan istənilən gərginlik Bakının maraqlarına ziddidir. Çünki Türkiyə Azərbaycanın müttəfiqi və qardaş ölkədir, İsrail də daima mühüm məsələlərdə ölkəmizə dəstək olub.

Qulamhüseyn

Qulamhüseyn Əlibəyli 

Politoloq Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”da İsraillə bağlı çox ciddi, hər kəsin marağına səbəb olacaq faktlar açıqladı: “İsrail və Türkiyənin Bakı masasından geri çəkilməsinin əsas səbəbi Tel-Əvivin iştahalarının artmasıdır. Onun üçün də İsrailin "Böyük İsrail doktrinası"na görə, öz ərazilərini ərəb ölkələrinin hesabına genişləndirməlidir. Bir sözlə, “Böyük Ermənistan”la yanaşı “Böyük İsrail” ideyası da fəaliyyət göstərir. Vaxtaşırı olaraq, İsrail çalışır ki, bu və ya digər formada ərəb ölkələri ilə müharibə etməklə həmin əraziləri tutsun. Təbii ki, burada ərəb ölkələrinin öz səhvləri də olmamış deyil. İsrail ilhaq edir, sonra məskunlaşdırma siyasəti aparır, yəni özününküləşdirir. Bu da istər-istəməz ətraf ölkələrin narahatlığına səbəb olur. Hakan Fidan təbii ki, çox haqlıdır. Doğrudan da ortada bir İsrail problemi mövcuddur. “Böyük İsrail” yaratmaq cəhdləri var və təbii ki, bu da ətraf qonşular tərəfindən sükutla qarşılana bilməz. Çünki həmin qonşuların təhlükəsizliklərinə təhdidlər yaradır. İsrailin Amerika tərəfindən qeyd-şərtsiz müdafiə olunması İsrail hakimiyyətinin iştahasını daha da artırır. Nəticədə bir qədər də ağzınlaşır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Xüsusən də son bir ayda biz bunu İranla bağlı hadisələrdə gördük. Tel-Əviv Vaşinqtona arxayın olub, həm İrana hücum etdi, həm də üstəlik, Amerika onu müdafiə edib cənub qonşumuza silahlı raket hücumları həyata keçirdi. Amma açıq müharibəyə girməkdən qorxdular. Çünki, İsraillə İranın qüvvələri qeyri-bərabərdir. İran nə qədər hərbi cəhətdən zəif görünsə də, hər halda İsrail qüvvələrinə kifayət qədər cavab vermək imkanlarına malikdir. Problemi yaradan İsrail hakimiyyətidir. Ortada bir doktrina var və bu Türkiyəni təbii ki, narahat etməlidir".

Reallıq

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Türkiyə və İsrailin Azərbaycan masasından çəkilməsi onların ikitərəfli münasibətlərində son dövrlərdə yaşanan ciddi gərginliklə bağlıdır: “İran və İsrail arasında 12 günlük qarşıdurma Yaxın Şərqdə güc balansını dəyişdirərkən, bu vəziyyət eyni zamanda Türkiyə-İsrail münasibətlərində də dərin uçurum yaradıb. Tel-Əvivin aqressiv ritorikası və bölgədə artan hərbi fəallığı Ankaranı narahat edir. Türkiyə bu gərginliyi yalnız İrana deyil, eyni zamanda bütün regiona təhlükə kimi qiymətləndirir.

Gərginlik aprel ayında İsrailin Türkiyə hərbi bazasının tikilməsi nəzərdə tutulan əraziyə zərbə endirməsi ilə kulminasiya nöqtəsinə çatdı. Bütün bu proseslər fonunda Bakıda keçirilən Türkiyə-İsrail danışıqları təbii olaraq donduruldu. Hər iki tərəf Azərbaycanın vasitəçilik etdiyi formatdan geri çəkildi. Halbuki bu format Bakı üçün regional diplomatiya baxımından strateji əhəmiyyət daşıyırdı. Türkiyə Azərbaycanın qardaş dövləti, İsrail isə uzun illərdir ki, Bakının təhlükəsizlik və müdafiə sektorlarında mühüm tərəfdaşı olub. İndi bu iki aktorun birgə masadan çəkilməsi Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Bakı balanslı xarici siyasət kursu çərçivəsində həm Ankaranı, həm də Tel-Əvivi paralel şəkildə tərəfdaş kimi qorumağa çalışırdı.

Hazırda diplomatik əlaqələr rəsmi səviyyədə tam qopmasa da, prosesin donduğu, əməkdaşlıq kanallarının bağlandığı aydındır. Hərbi “qaynar xətt”in saxlanması isə tərəflərin açıq qarşıdurmadan qaçmaq istədiklərini göstərir. Amma bu, siyasi gərginliyin və ideoloji qarşıdurmanın masaya qayıtmağa imkan verəcəyi anlamına gəlmir. Belə bir vəziyyətdə Azərbaycan üçün əsas çağırış balansı qorumaq, regionda dərinləşən qarşıdurmada neytrallığını və maraqlarını müdafiə edə bilməkdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
3
5
musavat.com

6Mənbələr