Bir çoxumuz orta yaş dövründə özümüzə sual veririk: “Bu tempdə nə qədər davam edə biləcəyəm?” Bəzilərimiz hələ də idmanla məşğul olur, digərlərimizsə hələ başlayıb-başlamayacağımızı düşünürük. Elə bu məqamda Diana Fridman adlı 100 yaşlı qadının 400 metr məsafəni qaçaraq başa vurması hər birimiz üçün ilham mənbəyidir.
Diana Fridman: “Flash” ləqəbli atlet
Valyuta.az xəbər verir ki, Diana Fridmanla bağlı hekayə onun məşqçisi və dostu, idman fizioloqu Dr. Bryus Şerman vasitəsilə gün üzünə çıxıb. Belə ki, Şerman 30 ildir məşqçi və şəxsi təlimçi kimi fəaliyyət göstərir və yaşlı atletlərlə çalışma təcrübəsi kifayət qədər zəngindir.
Diana ilə tanışlığı isə 2017-ci ildə – Diana 95 yaşında olarkən baş tutub. Başlanğıcda məqsəd sadəcə gündəlik bədən fəallığını artırmaq idi. Şerman ona sadəcə koridorda qaçmağı təklif etdi. Və nəticə heyrətamiz oldu - Diana təkcə qaça bildi, həm də gözləniləndən yaxşı performans göstərdi. Beləliklə, məşqçi Şerman “məşqçi”dən çox “komanda yoldaşı”na çevrildi.
17 illik fasilədən sonra rekordlar qıran dönüş
Diana əslində atletikaya yad deyildi. 70 yaşlarında master yarışlarında iştirak etmişdi. Lakin həyat yoldaşının itkisi ilə yarışlardan uzaqlaşmışdı. Ancaq 95 yaşında yenidən başlayaraq cəmi bir neçə ay içində yenidən yarış pistlərinə qayıtdı.
96 yaşında 100 və 200 metr məsafələrdə dünya rekordlarını yenilədi. 98 yaşında isə 400 metr məsafədə əvvəlki rekordu bir dəqiqədən çox qabaqladı. Yüz yaşı tamam olanda isə bu məsafələri bir daha rekordla başa vurdu.
Və o bununla kifayətlənmədi, Diana hətta nizəatma yarışlarında da iştirak edir, bu sahədə də qalib gəlir. Əlavə olaraq, 99 yaşında oturaraq 3 dəqiqəyə 100 dips (bazu əymə) hərəkəti icra edib.
Qeyd edək ki, YouTube-da 2021-ci ildə keçirilən Miçiqan Yaşlılar Olimpiadasında Diana'nın qaçış videosunu tapmaq mümkündür. Orada fon səsində məşqçi Şermanın dəstəkləyici səsi eşidilir: “Daha sürətli, Diana, daha sürətli!” – bu, onun öz istəyilə təkrar edilən şüar olub.
Və bəlkə də bu cümlə, yalnız Diana üçün deyil, bizim hamımız üçün motivasiyadır. Yaşlandıqca həyat keyfiyyətimizi itirmək istəmirik. Hələ də güclü, çevik və aktiv qalmaq istəyirik. Hələ də qaçmaq, qalib gəlmək, yaşa yox, iradəyə tabe olmaq istəyirik. Diane Friedman sübut edir ki, nə yaş, nə də zaman insanın fiziki və ruhən güclü olmasına maneədir. Əsas olan məqsəd qoymaq, səbrlə çalışmaq və heç vaxt gec olmadığını xatırlamaqdır.
Sərvanə Rəmixanova