AZ

Yunanıstanda güclü istilər səbəbindən Akropol bağlanıb

Bakı, 9 iyul, AZƏRTAC

Yunanıstan hakimiyyəti dözülməz istilər səbəbindən ölkənin ən çox ziyarət edilən turistik məkanlarından biri olan Akropolu bir neçə saatlıq bağlayıb. Temperaturun 41 dərəcə Selsiyə qədər yüksələcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın “Proto Thema” qəzeti məlumat yayıb.

Məlumata görə, Afinada temperaturun 38 dərəcəyə çatacağı gözləntisi hakimiyyət orqanlarının demək olar ki, kölgəsi olmayan qayalıq təpədə yerləşən Akropolu ziyarət üçün bağlamağa məcbur edib. İstiyə baxmayaraq, bəzi turistlər abidəni bağlanmazdan əvvəl ziyarət edə biliblər.

Havanın temperaturu və rütubətin artması ilə əlaqədar olaraq hakimiyyət Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə, eləcə də materikdə və cənubdakı Peloponnes yarımadasının bir sıra bölgələrində çalışan əməkdaşların günorta saatlarında açıq havada işlərini məhdudlaşdırmağı əmr edib.

Yunanıstan Milli Meteorologiya Xidməti anomal istilərin çərşənbə gününədək davam edəcəyini, eyni zamanda güclü küləklərin gözlənildiyini bildirib. Buna görə də Afina da daxil olmaqla bir çox bölgədə meşə yanğınlarına qarşı hakimiyyət orqanları hazırlıq vəziyyətində saxlanılır.

Qeyd edilir ki, 2024-cü il müşahidələr tarixində dünyanın ən isti ili olub: ilk dəfə olaraq qlobal orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi yüksək qeydə alınıb.

Avropanın cənubunda yerləşən Yunanıstanda isə ötən il həm ən isti qış, həm də ən isti yay müşahidə olunub. Alimlərin sözlərinə görə, iyulda 16 gün davam edən istilər indiyədək qeydə alınmış ən uzunmüddətli istilər olub.

Seçilən
35
2
azertag.az

3Mənbələr