AZ

"Trampdan Putinə "balaca sürpriz": ABŞ-dan yeni sanksiyalar və silah yardımı gözlənilir" - "The Wall Street Journal"

 
"Putinin nəzakətli danışığı nəticə vermir və mən boş sözlərə qulaq asmaqdan artıq bezmişəm..."
 
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı davam edən işğalçı siyasətinə münasibətdə getdikcə sərtləşən mövqe nümayiş etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
"Putin çox adam öldürür, bu, yolverilməzdir..."
 
Nəşr qeyd edir ki, son həftələrdə bir neçə çıxışında Vladimir Putinə açıq şəkildə narazılıq bildirən Tramp "balaca sürpriz" anonsu ilə yeni sanksiyalar və əlavə silah yardımı ehtimalını gündəmə gətirib.
 
Ağ Evdə jurnalistlər və nazirlərlə görüşdə Tramp Rusiya rəhbəri barədə emosional və kəskin çıxış edib: "Putin çox adam öldürür. Onların arasında onun öz əsgərləri də var, ukraynalılar da. Bu artıq həftədə 7 min nəfərə çatır və mən buna razı deyiləm", - o, bildirib.
 
ABŞ prezidenti həmçinin əlavə edib ki, Rusiya rəhbərinin nəzakətli danışığı nəticə vermir və artıq "boş sözlərə qulaq asmaqdan bezib".
 
Trampın "sürprizi" nə ola bilər?
 
Jurnalistlərin "bu narazılıq konkret hansı addımlara çevriləcək?" sualına Tramp gülümsəyərək belə cavab verib: "Bunu sizə indi deyə bilmərəm. Axı biz bir balaca sürpriz etmək istəmirikmi?". Söhbət senator Lindsi Qremin hazırladığı və iyulun 9-da Konqresə təqdim olunması gözlənilən yeni sanksiya qanun layihəsindən gedir.
 
Bu qanunvericilik təşəbbüsü Rusiyaya qarşı "çox sərt iqtisadi zərbə" kimi qiymətləndirilir. Layihədə, o cümlədən, Rusiya mallarını alan ölkələr üçün 500 faizlik rüsumlar, enerji sektoru ilə bağlı məhdudiyyətlər və Rusiya iqtisadiyyatını dəstəkləyən üçüncü tərəflərə sanksiyalar nəzərdə tutulur.
 
ABŞ-ın Konqresinin sabiq spikeri Nyut Qinqriç bu qanunu "Putinə güclü siqnal" adlandıraraq, belə deyib: "Danışmaq və adam öldürmək - bu, uğursuz strategiyadır. Amerika xalqı diktatorun yalanlarına sonsuz dözməyəcək".
 
"Patriot" kompleksləri gündəmdə
 
Tramp administrasiyası həmçinin Ukraynaya yenidən hava hücumundan müdafiə vasitələri, o cümlədən "Patriot" sistemləri verməyi nəzərdən keçirir. Müdafiə Nazirliyinin rəsmilərinə əsasən, Tramp bu qərarı Ukraynanın son zamanlar üzləşdiyi genişmiqyaslı raket hücumlarından sonra müzakirəyə çıxarıb.
 
Bu, Trampın əvvəlki mövqeyindən müəyyən qədər fərqlənir. Xatırladaq ki, o, əvvəllər ABŞ-ın silah ehtiyatlarının tükənməsindən ehtiyat edərək bəzi təchizatları dayandırıb. Lakin Zelenski ilə son təmaslardan sonra Tramp bildirib ki, "Ukrayna özünü müdafiə edə bilməlidir" və yardım bərpa olunacaq.
 
Avropa da sanksiyaları gücləndirməyə hazırlaşır
 
ABŞ-ın yeni sanksiyalarına paralel olaraq Avropa İttifaqı da son üç ilin ən sərt məhdudiyyətlərini hazırlayır. Fransa diplomatiyasının rəhbəri Jan-Noel Barro bildirib ki, Rusiya neft gəlirlərinə və maliyyə dairələrinə qarşı daha sərt addımlar nəzərdə tutulur.
 
Trampın ritorikası dəyişir - real addımlar gözlənilir
 
Son həftələrdə Tramp Putinlə bir neçə telefon danışığı aparsa da, artıq o, Rusiya prezidentinə əvvəlki "müsbət ümidlərlə dolu" yanaşmasından uzaqlaşır. Əvəzində o, narazılığını açıq bəyan edir, Ukraynaya yardım və sanksiya kartını masaya qoyur və Moskvanın müharibəyə son qoyması üçün təzyiqləri artırmaq istəyir.
 
Trampın sözləri bir tərəfdən daxili siyasətdə həm respublikaçı, həm də demokrat qanadları birləşdirmək, digər tərəfdən isə Beynəlxalq aləmdə Kremlə xəbərdarlıq siqnalı göndərmək cəhdidir. "Balaca sürpriz"in əslində nə olduğunu isə dünya yaxın günlərdə oyrənəcək.
Seçilən
15
34
moderator.az

10Mənbələr