AZ

Müəllimlərin NƏZƏRİNƏ: vakant yerləri və yerdəyişmə....

"Müəllimlərin işə qəbulu müsabiqəsi ilə sertifikasiya prosesi arasında mahiyyətcə ciddi fərqlər var. Sertifikasiya hazırda fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədi daşıyırsa, müəllimlərin işə qəbulu müsabiqəsi birbaşa vakant yerlərə kadr seçimi və yerləşdirmə prosesidir".

Bu fikirləri News24.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib. 

Onun sözlərinə görə, sertifikasiya prosesində sualların məzmunu, uzunluğu və uyğunluğu ilə bağlı müşahidə olunan neqativ hallar, eləcə də müəllimlərin haqlı narazılığı geniş ictimai müzakirə mövzusuna çevrilib: "Müəllimlərin işə qəbulu prosesində isə məqsəd fərqlidir. Burada Elm və Təhsil Nazirliyi konkret bilik və bacarıqlara malik olan şəxslərin seçimini həyata keçirməyə çalışır. İmtahanın məzmunu, formatı ilə bağlı meyarları özü müəyyən edir". 

Ekspert keçən dövr ərzində müəllimlərin işə qəbulu, sertifikasiya və təhsil rəhbərlərinin (direktorların) seçimi ilə bağlı ciddi struktur və təşkilati problemlərin mövcudluğunun müşahidə olunduğunu qeyd edib. O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi artıq 14 ildir ki, keçirilir və bu müddət ərzində bir tendensiya aydın şəkildə müşahidə olunur: “Elm və Təhsil Nazirliyinin və onun tabeliyində olan qurumların funksional səlahiyyətlərinə imtahan keçirmək aid deyil. Qeyd etmək lazımdır ki, dövlət qurumlarında, eləcə də, özəl sektorda keçirilən bütün imtahanların təşkili və icrası ilə bağlı ixtisaslaşmış mərkəzi qurum  Dövlət İmtahan Mərkəzidir".

E. Qafarov Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi dövlətin təhsil siyasətini həyata keçirmək, təhsil müəssisələrinə elmi-metodiki dəstək göstərmək, tədris prosesinin keyfiyyətini yüksəltmək və strateji hədəflərə uyğun inkişafı təmin etməkdən ibarət olduğunu vurğulayıb.  

Son illərdə, xüsusilə son beş ildə Elm və Təhsil Nazirliyinin öz funksional çərçivəsindən kənara çıxaraq imtahanların təşkili, müxtəlif layihələrin icrası və təlimlərin keçirilməsi kimi fəaliyyətlərlə məşğul olması müəyyən narahatlıqlar doğurur- deyə əlavə edib. O, Təhsil İnstitutunun da bu istiqamətdə əsasən layihələr, imtahanlar və təlimlər üzərində fokuslanması müşahidə edilir - deyə qeyd edib. 

Təhsil eksperti müəllimlərin işə qəbulu, sertifikasiya, rəhbər vəzifələrə seçim və digər qiymətləndirmə proseslərinin Dövlət İmtahan Mərkəzinin tabeliyində təşkil olunmasının daha məqsədəuyğun olduğunu  bildirib: "Bu səbəbdən təklif olunur ki, hər bir dövlət qurumu yalnız öz funksional vəzifə öhdəlikləri çərçivəsində fəaliyyət göstərsin və qiymətləndirmə ilə bağlı bütün proseslər ixtisaslaşmış qurumun – Dövlət İmtahan Mərkəzinin – səlahiyyətində cəmləşdirilsin".


Xeyrənsə Piriyeva


Seçilən
39
1
news24.az

2Mənbələr