AZ

“Moody’s” Azərbaycanın investisiya reytinqini yüksəltdi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3”-a (investisiya ) səviyyəsinə yüksəldərək proqnozu  “müsbət”  saxlayıb. Aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin, pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

Güclü fiskal mövqe, möhkəm makroiqtisadi sabitlik

Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.

“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və “yaşıl enerji” mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcəkdir. Eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə  dəstəkləyir. Bütün bunlar isə reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.

“Baa3” reytinqi nəyi ehtiva edir?

İlk öncə qeyd edək ki, qlobal iqtisadi mühitdə hələ də davam edən mürəkkəb geosiyasi risklər və qeyri-sabitlik şəraitində “Moody’s” tərəfindən Azərbaycanın reytinqinin “Baa3” investisiya səviyyəsində təsdiq olunaraq proqnozun “müsbət”də saxlanılması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir. Mövcud reytinq qiymətləndirməsi müəyyən edilərkən Azərbaycanın cari balansı üzrə göstəricilərə xüsusi diqqət yetirilib. Ölkəmizin maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Belə ki, ötən il ticarət əməliyyatları üzrə balans müsbət dinamika ilə müşayiət edilib, cari hesabın profisiti ixracın müsbət saldosu hesabına böyüyüb. 2024-cü ilin sonlarında və 2025-ci ilin ötən aylarında neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, cari balans olduqca qənaətbəxş səviyyədə qalıb.

Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2025-2026-cı illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Belə ki, hazırda Azərbaycanın valyuta aktivləri 74 milyard dollara yaxınlaşıb və strateji ehtiyatların 80 faizi Dövlət Neft Fonduna (DNF) məxsusdur. Növbəti illərdə enerji gəlirlərinin sabitliyi fonunda DNF-nin investisiya portfelində rekord yüksək gəlirlilik qalacaq. Hazırda ölkənin strateji ehtiyatları ÜDM-in təxminən 70 faizini təşkil edir ki, bu da güclü təhlükəsizlik yastığı deməkdir. Azərbaycanın xalis aktivləri sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstərici hesab oluna bilər. Bununla yanaşı, Azərbaycanın güclü maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin də təsiredici rolu az deyil. Belə ki, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması və enerji gəlirlərinin əvvəlki illərə nisbətən aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun güclü artımı ilə maliyyə gəlirlərinin artımı kompensasiya edilib ki, bu da büdcə xərclərinin neft daxilolmalarının azalması və digər mənbələr hesabına stimullaşdırılmasına səbəb olub. Bu tendensiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir ki, bu da maliyyə sabitliyinin qeyri-neft dayaqları üzərində köklənməsinə işarədir. Bu xüsusda növbəti illər ərzində Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsi dəstəklənəcək.

“Moody’s”ın reytinqi həm də ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır.

“Fitch Ratings” agentliyinin “BB+” reytinqi

Yeri gəlmişkən,   bir müddət əvvəl “Fitch Ratings” agentliyi də Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib. Təşkilatın hesabatında bildirilir ki, Azərbaycanın çox güclü xarici balansı və fiskal mövqeyi, aşağı dövlət borcuna malik olması və suveren fondun (Dövlət Neft Fondu) böyük aktivlərinin dayanıqlılığı yüksək maliyyə çevikliyini dəstəkləyir ki, bu da sabit reytinq göstəricisinin müəyyən edilməsində əsas faktorlardır. Eləcə də Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər də ölkəmizin reytinq üzrə proqnozunun sabitliyini şərtləndirib. Agentliyin proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq və bu, həm də bəzi dairələrdə yayılan devalvasiya söhbətlərinin gerçəklikdən uzaq olmasını əsaslandırır. Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, ələlxüsus da Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Azərbaycan Mərkəzi Bankı valyuta məzənnəsinin dayanıqlılığını təşviq edən alətləri optimallaşdırır, xüsusilə də valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün tənzimləyici alətləri çevik şəkildə saxlayır.

ELBRUS CƏFƏRLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
yeniazerbaycan.com

2Mənbələr