AZ

OPEC: 2050-ci ilə qədər qlobal neft tələbatı 19% artaraq sutkada 123 milyon barelə çatacaq

BAKI, 10 iyul. TELEQRAF

Qlobal neft tələbatının 2050-ci ilə qədər təxminən 19% artaraq sutkada 123 milyon barel olacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Dünya Neft Perspektivi 2050” hesabatında bildirilib.

Məlumata görə, qısamüddətli dövrdə isə neftə tələbatın 2024-cü ildəki 103,7 milyon bareldən 2030-cu ildə 113,3 milyon barelə yüksələrək 9% artacağı gözlənilir.

Ümumilikdə isə uzunmüddətli dövrdə enerji tələbatının 23% artaraq 2050-ci ildə sutkada 378 milyon barel neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.

Bundan başqa, ABŞ-nin Paris İqlim Sazişindən çıxmasının ümumilikdə karbohidrogenlərə, xüsusilə də neft və qaz məhsullarına tələbatı artıracağı bildirilib.

Təşkilat həmçinin bildirir ki, dünya iqtisadiyyatının həcmi iki dəfədən çox artaraq 2050-ci ildə 358 trilyon ABŞ dollarına çatacaq. Orta qlobal gəlirin də artacağı gözlənilir.

Bununla belə, təşkilat bu ilki hesabatında 2026, 2027, 2028 və 2029-cu illər üzrə neft tələbatı proqnozunu keçən illə müqayisədə endirib.

Belə ki, 2025-ci ildə dünya üzrə neft tələbatı 106,3 milyon barel səviyyəsində proqnozlaşdırılır (ötənilki proqnozda bu rəqəm 108 milyon barel idi). 2027-ci il üçün proqnoz 107,9 milyon barel olaraq qeyd edilib, halbuki əvvəlki hesabatda bu göstərici 109,6 milyon barel idi. 2028-ci il üzrə rəqəm 111 milyon bareldən 109,8 milyon barelə, 2029-cu il üçün isə 112,3 milyon bareldən 111,6 milyon barelə endirilib.

Qeyd edək ki, hesabatın məlumatına görə, qlobal əhalinin 2024-cü ildəki 8,2 milyard nəfərdən 2050-ci ildə 9,7 milyard nəfərə çatacağı gözlənilir. Əmək qabiliyyətli əhali isə eyni dövrdə 800 milyon nəfər artaraq 6,1 milyard nəfərə yüksələcək.

Qloballaşmanın artması fonunda şəhər əhalisinin payı 58%-dən 68%-ə yüksələcək və 2050-ci ilə qədər təxminən 1,9 milyard nəfərin şəhərlərə köçəcəyi proqnozlaşdırılır.

Seçilən
388
47
teleqraf.com

10Mənbələr