525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Loğman RƏŞİDZADƏ yazıçı-publisist
(Kamal Abdullanın yeni çapdan çıxmış "Gizli "Dədə Qorqud" yeni mənalar axtarışında" toplusunun tanıtımı)
İnsan cəmiyyətinin formalaşması, yaşam tərzi, əslində, onun yaddaş tarixidir. Hər şey yaddaşdan süzülüb gəlir. Yaddaş, həm də tarixi sınağa çəkir. Bütövlükdə folklor, nağıllar, dastanlar, bayatı-qoşmalar, ümumiyyətlə, bütün dil faktı milli kimliyin, insan mənəviyyatının tarixi və təzahürüdür. Bunun ilkin özəyində mifologiya dayanır. İnsanlığın "uşaqlıq dövrünə" məxsus mifologiya, eyni zamanda onun müdrikliyinin ən dəruni qatlarını yaşadan mənbədir. Mifologiya təkcə tarix deyil, həm də dildir, nitqdir, hərəkətdir, ibtidai əcdadımızın jest və mimikalarını, jonqlyor hərəkətlərini, davranış və məişət mədəniyyətini yaşadan məxəzdir. İnsan mədəniyyəti, eləcə insanın dünyaya yönəlik ilk heyrətindən yaranıb. İlk qışqırıq arxaik insanın heyrətdən doğan ilk dil faktı olmuşdur. Sonralar formalaşıb bitkin hala gələn bu ilkin yaradıcılıq məhsulları primitiv olduğu qədər də o qədər mükəmməldir ki, öz elmi, ədəbi-bədii dərinliyi, mənası, rəngarəng məzmunu ilə bu gün ən inkişaf eləmiş intellektual insan kəsimini heyrətdə qoymaqdadır. Bu ibtidai təfəkkür o qədər mükəmməl məzmuna, obrazlı çalarlara mənsubdur ki, lay-lay, qat-qat açıldıqca yenə onun məna dərinliyinin qatlarına gedib çıxmaq olmur.
Akademik Kamal Abdulla öz elmi fəaliyyətini mif araşdırıcılığına, Azərbaycan xalqının kökü dərinlərə gedib çıxan mədəni keçmişinin tədqiqinə həsr etmiş nadir elm xadimlərindəndir. Bu fəaliyyətin əsasında dədə kitabımız "Kitabi-Dədə Qorqud" durur. Kamal müəllim uzun müddətli elmi təcrübəsində bütün şüurlu həyatını "Kitabi-Dədə Qorqud"un tədqiqinə həsr etmişdir. Kamal müəllimə qədər, onunla bərabər və ondan sonra da bu qədim abidənin araşdırmaçıları olub. Lakin Kamal müəllim kimi bu kitabın hərtərəfli tədqiqi ilə dərindən, sistemli və çoxşaxəli məşğul olan ikinci bir alim olmayıb desək, səhv etmərik. Bir sözlə, Kamal müəllim "Kitabi-Dədə Qorqud" yolunda həyatını qoyub, ömrünü şam kimi əridib, böyük bir elmi müəssisənin görə biləcəyi işi təkbaşına həyata keçirib. Onun tədqiqlərində bu əsər bütün rakurslardan görünür, həm tarix, həm mədəniyyət, həm söz sənəti, ədəbiyyat, dil faktı kimi öz şərhini tapır. Kamal müəllim dastana son dərəcə yaradıcı yanaşır, bəzi məqamlarda akademik soyuqqanlılığını, alim məntiqini çılğın, ehtiraslı şair yanaşması, yazıçı şövqü əvəz edir. Bütün bunların başında isə məhəbbət dayanır, alimin, ədəbiyyatşünasın, şairin, yazıçının xalqın keçmişinə, onun qədim mədəniyyətinə, mükəmməl ədəbiyyatına, dilinə, söz abidəsinə sevgi. Bu sevgi onu yeni çalarlı rəngarəng araşdırmalara sövq edir, "Kitabi-Dədə Qorqud"da indiyədək heç bir alimin sezmədiyi, hiss eləmədiyi, araşdırma obyektinə çevirmədiyi nüanslar tapıb üzə çıxarır, dastanın yeni-yeni elmi-bədii laylarını, qatlarını, sosial-mədəni köklərini aşkarlayır.
Kamal müəllim "Kitabi-Dədə Qorqud" dastanlarına zaman-zaman müraciət etmiş, dədə kitabımızın dərin laylarını, gizli guşələrini, sirli mətləblərini intensiv şəkildə üzə çıxarmışdır. İndiyədək bu tədqiqatlar "Gizli Dədə Qorqud", "Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2", "Mifdən yazıya və yaxud gizli Dədə Qorqud" adları ilə ayrı-ayrı kitablarda şərh olunmuşdur. Yenicə çapdan çıxmış "Gizli "Dədə Qorqud" yeni mənalar axtarışında" kitab-toplunu bu tədqiqatların bütöv variantı da adlandırmaq olar. Dərin mündəricəli, 582 səhifəlik bu sanballı kitabda müəllifin, demək olar ki, mif və dastan yaradıcılığına aid tədqiqatları toplum şəklində təqdim olunur.
Giriş, beş fəsil və müxtəlif əlavələrdən ibarət olan bu ciddi elmi-tədqiqat əsəri dünənimizlə bu günümüzü birləşdirən elmi qənaətlərin, bədii dəyərlərin geniş panoramda təqdimidir. Girişdə müəllif yığcam şəkildə dastanın elmi-tarixi əhəmiyyəti, tədqiqatın istiqamətləri, qənaət və elmi yeniliklər barədə məlumat verir, gələcək araşdırmalar üçün çağırışlar edir. Oxuyuruq: "Kitabi-Dədə Qorqud" dastanlarından bu gün yalnız ədəbi-bədii dəyər kimi danışmaq, əlbəttə ki, çox azdır. Bu sirli Dastanın mahiyyətinə vardıqca, onun çoxqatlı dərinliyinə nüfuz etdikcə, görürsən ki, o, nəinki mənəvi dünyamızın müəyyənləşib formalaşmasına, həm də, ümumiyyətlə, cəmiyyətin - bizim artıq haqsız olaraq unutmağa başladığımız Oğuz cəmiyyətinin bir cəmiyyət kimi inkişafına təkan vermişdir. Təkan demək azdır - cəmiyyətin daxili dünyasını, sinirlərini, aparıcı məqamlarını müəyyənləşdirmiş, hüquqi qanunlarını, etik-əxlaqi prinsiplərini, yasaq sistemini əmələ gətirib nizamlamış, qədim insanın cəmiyyət daxilində inkişafı üçün müəyyən, yəni konkret yollar cızmışdır. Dastan Oğuz cəmiyyətinin varlığını göstərən, onun yaşam normalarını bədiiləşdirib öz içində, daxilində qoruyub saxlayan və bu gün bizə təqdim edən əsl həyat pasportudur".
Ön sözdə "Kitabi-Dədə Qorqud" dastanları haqqında elmi şərhlərin aydın, bədii-poetik və publisitik yanaşmaların silqəti tamamilə məntiqli, səliqəli təqdim olunur. Dastanın pafosu, Oğuz cəmiyyətinin gələcəyə çağırışları həssaslıqla araşdırılır. Doğrudan da dədə dastanımız təkcə tarixi silqətilə deyil, müasir çağırışları ilə də dəyərlidir. Dastanda irəli sürülən əxlaq, yaşam tərzi, davranış şərtləri, törə qanunları, hüquqi qaydalar bugünümüz üçün də aktualdır. Buradakı əxlaq normaları, ailə-məişət sistemi bugünümüzün də əxlaq kodeksi kimi qəbul edilə bilər. Hüquqi sistem müasir demokratik qaydalarla səsləşir. Gör nə qədər mükəmməl, inkişaf etəmiş keçmişimiz, zəngin məzmunlu tariximiz vardır. Bütün bu cəhətlər Kamal Abdullanın tədqiqatlarında dastanın sirli qatlarının şifrələri kimi üzə çıxır. İlk baxışda sadə hadisələrdən ibarət olan dastanın alt qatında, necə də mürəkkəb nəsnələr yatır. Bütün bunları üzə çıxarmaq, sirr pərdəsini qaldırmaq üçün Kamal Abdulla fəhmi, elmi yanaşması, poetik kəşfləri lazım gəlir.
Kamal müəllimin tədqiqatları təkcə dastanın məzmunu, onun məntiqində gizlənmiş sirr qatını araşdırmaqla məhdudlaşmır. O, eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanlarının məzmununu, ideya-estetik qayəsini dünya ədəbiyyatı, bəşəri mifologiya ilə müqayisəli şəkildə araşdırır. Tədqiqatların nəticəsində xalqımızın mifik təfəkkürü yunan mifologiyası ilə yaşıd düşüncə tərzi kimi çıxış edir. Bəzi detallar, nüans və ştrixlər, hadisə və olaylar yunan miflərinin yaşını da ötüb keçir, öz məntiqi və estetikası ilə daha qədimlərə gedib çıxır. Bunlar Kamal müəllimin tədqiqatlarında real, məntiqli əksini tapır. "Kitabi-Dədə Qorqud" dastanlarında baş verən hadisələr, yaşam tərzi, insan münasibətləri yunan miifologiyasının məzmunu, qəhrəmanların tərz-hərəkəti, xarakteri ilə sistemli və sinxron şəkildə müqayisə edilir. Və maraqlı elmi qənaətlər əldə edilir. Kamal müəllimə görə insan cəmiyyəti eyni sistem içində formalaşır. Miflərdəki hadisələrə görə Yunanıstanda baş verən olaylar uzaq Oğuz elində bəzən fərqli, bəzən də sinxron şəkildə üst-üstə düşür. Bununla da bəşər cəmiyyətinin formalaşmasının eyni ictimai-sosial mənbədən qidalandığı qənaətinə gəlmək olar. Kamal müəllim öz tədqiqatlarında Oğuz elində baş verən hadisələrlə, bu yurdun insanları ilə yunan mifologiyasının məşhur olayları və qəhrəmanları arasında maraqlı müqayisələr, paralellər aparır. Üst-üstə düşən, bir-birini təkrar edən, yaxud tamamlayan hadisələrin eyni məntiqdən, insan təfəkkürünün universallığından süzüldüyü qənaətinə gəlir. Dünyanın bu başında yaşayan insanla o başında yaşayan insanların həyat tərzinin, düşüncə sisteminin üst-üstə düşməsi, vahid cəmiyyət ideyasının mövcudluğundan doğur. Müqayisələrə nəzər salaq: "Odisey, Basat, Beyrək", "Polifem və Təpəgöz", "Edip və Buğac", "Admet, Herakl və Dəli Domrul", "Sarı donlu Selcan Xatun və gözəl Yelena", "Salur Qazan və Aqamemnon", "Beyrək və Antiqona", "Banuçiçək və Peneloqa" və s. başlıqlı araşdırmalarda "Kitabi-Dədə Qorqud" dastanları qəhrəmanları ilə yunan mifoloji obrazların oxşar və təkrar cizgiləri tədqiqata cəlb olunur. Bu araşdırmalar öz elmi dərinliyi, məntiqi və inandırıcılığıyla adamı heyrətə gətirir. Bu tədqiqatlarda Kamal müəllimin sistemli informasiyası, məlumat bazası ilə onun geniş erudisiyası, dərin analizləri, intellektual qiymətləndirmə bacarığı, müqayisə məntiqi birləşir. Müqayisələr o qədər dəqiq, zərif, gözlənilməz aparılır ki, hər bir ştrix yeni-yeni ideya çağırışları kimi səslənir.
Kamal Abdullanın yanaşmasında, qeyd etdiyimiz kimi, "Kitabi-Dədə Qorqud" dastanları həm estetik, bədii, həm də tarixi araşdırmalara cəlb edilir. Kamal müəllim dastanlardakı hər bir kiçik nüansı da mükəmməl təhlil edir, onun dərin qatlarında gizlənmiş sirləri üzə çıxarır və çoxlarının ağlına gəlməyən mənalarla süsləyir. Məsələn, "Oğuz - bizim Atlantımız", "Demokratiya" və "antidemokratiya", "İnformasiya mübadiləsi, yaxud xəbərləşmə vasitələri", "Utanc" hissi və onun semantik derivatları", "Təpəgözün intihar arzusu", "Qaraca çoban və dünya ağacı", "Tənha Dədə-Qorqud" sərlövhəsi ilə verilmiş saçmalarda dastanda baş verən hadisələr, qəhrəmanların əzvayi boya-boy, iç-içə, zəngin çalarları, qeyri-adi təhlilləri ilə diqqəti çəkir. Kamal müəllim bizim nağıl kimi oxuyub ötdüyümüz hadisələrin iç qatını yaxşı görür, onun məntiqinə dərindən varır, məna çalarlarını, estetikasını, poetik yükünü üzə çıxarır və gözlənilməz nəticələri ilə oxucunu təəccübləndirir.
Hörmətli akademik "Kitabi-Dədə Qorqud" dastanlarını ideya-estetik, ədəbi-bədii, tarixi-mifoloji aspektlərdən araşdırmaqla yanaşı, onun dilinə də dərindən nüfuz etmiş, dastanın təhkiyə mədəniyyətini, obrazlı düşüncə tərzini, üslubi məqamlarını, nitqin semantik zənginliyini də diqqət mərkəzinə çəkmişdir. Kamal müəllim ixtisasca dilçi-alimdir. Onun dil tədqiqatları orijinal yanaşma üsulu, nitq və üslubun zəngin çalarlarını açıb göstərmək baxımından da diqqətçəkəndir. Kamal müəllim ideya adamıdır. Onun ədəbi və elmi sahədə irəli sürdüyü yeni-yeni ideyalar tükənməzdir. Bu ideya qaynaqları dilçilik sahəsində də özünü göstərir. Böyük alim "Kitabi-Dədə Qorqud"un dilini təhlil edə-edə Azərbaycan dilçiliyində (bəlkə də dünya) yeni kəşfə imza atmışdır. Onun yeni elmi kəşfi - mifolinqvistika, artıq Azərbaycan dilçilik elmində prioritet sahə kimi oturuşmaqdadır. Bu yenilik, həm də, dilçilik elmində bir durğunluğun hiss olunduğu indiki vaxtda elm sahəsinə enerji, hərəkət və canlanma gətirmişdir. Doğrudan da mif dilinin ayrıca bir sahə kimi elm sisteminə qoşulması, bu istiqamətdə tədqiqat üfüqlərinin genişlənməsi, elmi cameəyə bir coşğunluğun, dinamikanın gəlməsi deməkdir. Böyük dilçi alim Humboldt deyir: "Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir". Odur ki, mifoloji dilin tədqiqi, həm də bizi xalqı daha yaxından tanımağa, onun mənəvi-əxlaqi və mədəni-sosial dünyasına daha dərindən bələd olmağa aparır. Dil, həm də xalqın tarixidir. Tarix məxəzlərdən, təzkirələrdən, araşdırma mənbələrindən daha çox, dildə yaşayır, dildə qorunub saxlanılır. Odur ki, mif dilinin tədqiqi, xalqın kökünün, ilkinliyinin, qədimliyinin araşdırılmasında ən optimal vasitələrdən biridir. İnanırıq ki, Kamal müəllimin açdığı bu cığır davamçılar tərəfindən müstəqil elm sahəsi kimi formalaşdırılacaqdır.
Kamal müəllimin elmi kəşflərindən biri də dilçiliyin qeyri-səlis məntiq nəzəriyyəsinə sublimasiyasıdır. Bu sahə də yeni elmi nailiyyət, dilçilikdə orijinal düşüncə və tədqiqat sahəsi kimi öz mövqeyini möhkəmləndirməkdədir. Onun professor Rafiq Əliyevlə bu istiqamətdə araşdırmaları dilçilik elminin yaradıcı potensiyasını genişləndirməklə yanaşı, ona yeni ruh, inkişaf dinamikası verir. Bu tədqiqatlar sübut edir ki, insan həyatı daha çox qeyri-səlis məntiqə bağlıdır, yaşayışımız, danışığımız, nitqimiz, jest və hərəkətlərimiz qeyri-səlis məntiq üzərində qurulub. Humanitar sahədə qeyri-səlis məntiq simptompları axtarıb tapmaq və ona akademik ahəng vermək müasir elmə böyük bir töhfədir.
Kitabda Kamal Abdullanın mif tarixi, mifolinqvistika, qeyri-səlis məntiq və humanitar sahə barədə tədqiqatları haqqında görkəmli elm xadimlərinin fikirləri də yer alır. Bu sırada Kerimə Üstünova, Ali Duymaz. Sunus, Rəhman Bədəlov, Nizami Cəfərov, Ahmet B.Ercilasun, Qorxmaz Quliyev və başqalarının fikirləri alimin araşdırmaları barədə müxtəlif rəylər kimi maraqlıdır.
Kamal Abdullanın "Gizli "Dədə Qorqud" yeni mənalar axtarışında" kitabı cəmiyyətə, elm aləminə, humanitar mühitə ciddi bir mesajdır. İdeya axtarışları üçün yeni perspektivlər açan bu araşdırmalar, dilçiliyin, eyni zamanda türk tarixinin qalın layları, sirli örtükləri, milli arxetipin təyini istiqamətində bələdçi rupordur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.