AZ

Luka Modriç 13 illik “Real” dəftərini bağladı

Xorvatiya millisinin və Madrid “Real”ının mərkəz yarımmüdafiəçisi Luka Modriç İspaniya nəhənginin heyətində sonuncu oyununu keçirib.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə klublararası dünya çempionatının yarımfinalında Fransa çempionu PSJ ilə qarşılaşıb və böyük hesabla (0:4) uduzaraq turnirlə vidalaşıb.

Modriç bu matçın 64-cü dəqiqəsində Cud Bellingemin əvəzinə meydana çıxıb. Bu da xorvatiyalı yarımmüdafiəçinin “Real”da son oyunu olub.

Modriç matçdan sonra azarkeşlərlə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, 39 yaşlı futbolçunun bu turnirdən sonra Madrid klubundan ayrılacağını “Real” hələ xeyli müddət öncə açıqlamışdı.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulmuşdu. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 63 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 188 oyuna çıxıb, 28 qol vurub, 29 məhsuldar ötürmə verib.

Modriç “Real”dan əvvəl “Tottenhem”, “İnter” (Zapreşiç), “Zrinski” (Mostsr), “Dinamo” (Zaqreb) kimi klubların da şərəfini qoruyub. Yeri gəlmişkən, Madrid klubundan azad agent kimi ayrılmış xorvat futbolçunun artıq özünə yeni klub tapdığı da bildirilir. Lukanın bundan sonrakı karyerasını “Milan”da davam etdirməsi gözlənilir. İtaliya klubunun təcrübəli oyunçu ilə hərtərəfli razılıq əldə etdiyi vurğulanır.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr