Bakı, 11 iyul, Gülay Nəzərova, AZƏRTAC
Qarabağ bölgəsi Azərbaycanımız üçün son dərəcə mühümdür. Bu region istər siyasi, strateji, iqtisadi, istərsə də turizm baxımından böyük əhəmiyyət daşıyır. Turizmin təkcə standart növləri deyil, həm də dağ turizmi, ekstremal turizm, kənd turizmi (aqroturizm), sağlamlıq turizmi kimi müxtəlif sahələri burada inkişaf etdirilə bilər. Bildiyiniz kimi, Kəlbəcər rayonu termal suları və isti bulaqları ilə məşhurdur. Hələ sovet dövründə bu ərazilərdə sanatoriyalar fəaliyyət göstərib. Hazırda da bu istiqamətdə böyük potensial mövcuddur.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
O bildirib ki, hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni otellər, restoranlar tikilir və yaxın gələcəkdə burada çox böyük imkanlar yaranacaq. Xaricdən turist axını gözlənilir. Qarabağa keçidin asanlaşdırılması, icazələrin sadələşdirilməsi və müddətinin uzadılması turizm üçün olduqca əlverişli şərait yaradıb.
“Yaxın zamanda Zəngəzur dəhlizinin açılması bu regionun turizm potensialını daha da artıracaq. Bu dəhliz vasitəsilə Naxçıvana da rahat səyahət etmək mümkün olacaq. Eyni zamanda, Naxçıvandan da çox sayda insan quru yolla Qarabağa səfər edə biləcək. Bu isə həm turistlərin sayına, həm də regionun iqtisadi inkişafına, rifahına müsbət təsir göstərəcək. Həmçinin gələcəkdə dəmir yolu xətti ilə də gediş-gəliş mümkün olacaq. Qatarla səyahət edənlər Ağdamda, Xankəndidə, Zəngilanda və digər bölgələrdə düşərək müxtəlif istiqamətlərə səyahət edə biləcəklər. Bu, turizm baxımından böyük üstünlük yaradacaq. Beləliklə, turistlər bölgəyə həm təyyarə, həm qatar, həm də avtobusla gələ biləcəklər”, - deyə o vurğulayıb.