ain.az, Idman.biz saytına istinadən bildirir.
"Klublar arasında çox maraqlı dünya çempionatı gedir. Müxtəlif kontinentlərin futbol mentalitetini görür, fərqli-fərqli oyun üslubları və taktikalarını izləyirik. Futbolun ən çox inkişaf etdiyi Avropa qitəsinin klubları finala yüksəlməyi bacardı. İki komandanı müqayisə etsək, PSJ-nin bu gün dünyanın ən yaxşı klublarından biri, hətta birincisi olduğunu deyə bilərik. Son illərdə əldə etdikləri kuboklar, nümayiş etdikləri möhtəşəm futbol bunu deməyə əsas verir".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununda üz-üzə gələcək İngiltərənin “Çelsi” və Fransanın PSJ komandalarının şanslarını dəyərləndirərkən deyib.
Mütəxəssisin sözlərinə görə, baş məşqçi Luis Enrikenin gəlişindən sonra Paris klubunda müsbət mənada çox şeyin dəyişdiyini görmək olur: “Öz oyun fəlsəfəsini futbolçulara aşılaya bilib. Əvvəllər bu klub daha çox ulduz futbolçulara bel bağlayırdı. Komandanın heyətində Lionel Messi, Neymar və Kilian Mbappe kimi futbol dünyasının tanınmış simalarının yer aldığı dövrlərdə bugünkü qədər uğur qazana bilmirdilər. İspaniyalı çalışdırıcı sayəsində PSJ artıq ulduzlardan ibarət komanda deyil, təşkilatlanmış güclü kollektivə çevrilib. Təbii ki, final görüşündə favorit olaraq Fransa təmsilçisini görürəm. Qalib gələcəklərinə inanıram. Amma “Çelsi”də də baş məşqçi Enzo Mareskanın gəlişindən sonra nizam-intizam baxımından yüksəliş hiss olunur. Sistemli şəkildə oynayırlar. Amma PSJ qarşısında şanslarının az olduğunu düşünürəm”.
Futbol ictimaiyyətinin bu turnirin təşkili ilə bağlı narazılıqlarından da söz açan Əsədov tənqidlərə haqq verdiyini söyləyib: “Meydançalarla bağlı narazılıqlar və şikayətlər çoxdur. Təbii ki, bu gün dünyada texnologiya və futbol o qədər inkişaf edib ki, artıq xırda detallara belə diqqət yetirilir. Digər tərəfdən, futbolçular üçün turnirlərin və oyunların sayı kifayət qədər artıb. Fiziki yorğunluq da öz sözünü deyir. Belə olan halda zədələnmələr də çoxalır. Düşünürəm ki, haqlı üsyandır. Başqa bir narazılıq isə ABŞ-da kəskin istilərin hökm sürməsi ilə bağlıdır. Fikrimcə, istənilən hava şəraitinin öhdəsindən gəlmək olar, amma keyfiyyətsiz meydançaların yox. Meydança amili çox önəmlidir, ona görə də ot örtüyü ideal olmalıdır”.
Qeyd edək ki, iyulun 13-də təşkil olunacaq “Çelsi” – PSJ qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.