AZ

Əbu-Dabi görüşü sülhə doğru atılmış mühüm addımdır - Mehriban Vəliyeva

“Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə heç bir vasitəçi olmadan ikitərəfli formatda görüşün keçirilməsi qaşılıqlı etimad mühütünün yaradılmasında mühüm rol oynayır. İkincisi, bu görüş Azərbaycanı öz hədəflərinə - Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda sülhün əldə olunması və s – məqsədlərinə çatması üçün vacibdir. Üçüncüsü, danışıqların konstruktiv atmosferdə keçməsi, görüşdən sonra ayrı-ayrı sahələr üzrə işçi qrupların yaradılması, ali səviyyədə təmasların davam etdirilməsi ilə bağlı ümumi razılığın ifadə olunmasıdır. Detallar açıqlanmasa da, müşahidələr göstərir ki, Ermənistan tərəfi Azərbaycanın tələbləri qarşısında geri çəkilib. İrəvanın mövqeyindəki yumuşalma ölkəmizin hərbi, iqtisadi və diplomatic gücünün sayəsində mümkün olub”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi də heç də təsadüfi deyil: “BƏƏ həm Azərbaycan, həm də Ermənistanla normal münasibətlərə malikdir. Bu mənada Əbu-Dabi iki ölkə arasında baş verənlərlə bağlı neytral mövqe sərgiləyir. Azərbaycan tərəfinin də görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsi məhz bununla bağlıdır. BƏƏ Azərbaycanla Ermənistan liderləri arasında baş tutan bu görüşdə heç bir tərəf rolunu oynamır. Sadəcə, görüş üçün şəraiti və mühiti təmin edir. Danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Qarşılıqlı olaraq açıq qalan sualların və bir çox məsələlərin iki ölkə arasında birbaşa həlli hər iki tərəf üçün məqsədəuyğundur. Görüşdə əldə olunan razılıq əsasında sərhədin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib. Kommunikasiya xətlərinin açılması və dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilən razılaşma da xüsusi əhəmiyyət kəsb edir. Razılaşdırılan bu məqamlar Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində çox mühüm faktorlardır”.

 

Mehriban Vəliyeva bildirdi ki, bu gün qədər Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarının fərqli formatlarda – vasitəçilərin iştirakı ilə aparılıb: “ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə iki tərəf arasında görüşlər təşkil edilmişdi. Amma əldə edilən nəticələrin əksəriyyəti məhz Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda aparılan müzakirələrin nəticəsində mümkün olub. Bu da göstərir ki, ikitərəfli və vasitəçisiz dialoq formatı özünü doğruldur və işlək mexanizmə çevirilir. Sərhədlərin delimitasiyası və sülh mətni üzərində əldə edilən effektiv nəticə Cənubi Qafqazda Azərbaycanın siyasi iradəsinin və mövqeyinin həlledici olduğunu göstərir. Açıq etiraf olunmasa da, hər kəsə bəllidir ki, bu prosesləri idarə edən rəsmi Bakıdır. 2020-ci ildə əldə etdiyimiz Zəfərə qədər Ermənistan vasitəçilərə güvənərək özlərinin qeyri-konstruktiv mövqelərini həyata keçirməyə çalışırdılar. Ən yaxşı halda isə status-kovunun olduğu kimi qalması üçün cəhd göstərirdilər. Vasitəçilərin də dəstəyi ilə İrəvanın qeyri-konstruktiv siyasəti 30 ilə yaxın münaqişənin həllini mümkünsüz etdi. Əlindəki bütün imkanları, gücləri itiriən Ermənistan bu gün Azərbaycanın güclü siyasi təzyiqləri qarşısında aciz durumdadır”. 

 

Millət vəkili onu da qeyd etdi ki, ikitərəfli formatda aparılacaq danışıqların qalıcı sülhün əldə olunması ilə nəticələnəcəyinə inam güclüdür: “Aydındır ki, normallaşma prosesi çətin və uzun prosesdir. Hələ bu ilin martında tərəflər sülh sazişinin mətni razılaşdırmışdılar. İndi isə Əbu-Dabi danışıqlarından dərhal sonra yeni anlaşmanın konturları açıqlandı. Azərbaycan dövlətinin mövqeyi bəllidir. Münaqişə bitib, Azərbaycan suverenliyini təmin edib, sülhün təmin olunması və bölgəmizin inkişafı üçün konkret addımların atılmasının zamanıdır. 

Rəsmi Bakı özünün siyasi mövqeyini, tələblərini, iradəsini ortaya qoyub. Top Ermənistan tərəfindədir. Bölgəmizdə onilliklərlə davam etmiş münaqişə tarixə gömülməli, sülh, əməkdaşlıq və inkişaf üçün hüquqi zəmin formalaşmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderliyi ilə aparılan normallaşma prosesi dövlətlərarası gündəmi formalaşdırmaqla yanaşı, Ermənistanın siyasi gündəmini də dəyişdirir. Biz ikitərəfli format çərçivəsində dövlətlərimizin, xalqlarımızın maraqlarına və regionda inkişafa xidmət edən davamlı sülhə nail olacağıq.”.

Seçilən
28
2
modern.az

10Mənbələr