Azərbaycana qarşı törədilən erməni terrorunun icrasında daşnakların hər zaman fərqləndikləri heç kimə sirr deyil. Bu qüvvələrin indi Ermənistanın öz daxilində də ciddi təhdidə çevrilməsi fonunda onların hakimiyyət tərəfindən zərəsizləşdirilməyə başlanması təbii xarakerə malikdir.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Asmik Akopyan qeyd edir ki, yenidən “Daşnaksütyun”u qadağan etmək barədə düşünməyin vaxtıdır: “Əziz dostlar, əminəm ki, bizim təhlükəsizlik sistemimizin Daşnaksütyun üzvlərinin evlərindən aşkar edib müsadirə etdiyi arsenalı izləyirsiniz. Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Daşnaksütyunu yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtıdır”.
Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları “Daşnaksütyun” üzvlərinin evlərində axtarış aparıb, təşkilatın bəzi üzvləri saxlanılıb. Ermənistan İstintaq Komitəsi onları terrorçuluqda şübhəli bilir. Erməni vəkil Sergey Arutyunyan məsələ ilə bağlı qeyd edir: “Aparılan axtarışlar, sonrakı həbslər və onu müşayiət edən bütün prosesin qanunla heç bir əlaqəsi yoxdur. Bu hərəkətlər yuxarıdan gələn “təlimatlar” əsasında həyata keçirilir, hədəfi “Daşnaksütyun” partiyası olduğu üçün vəkillər onların iştirakı ilə prosesi legitimləşdirməmək qərarına gəliblər. Bu, sadəcə olaraq, növbəti şoudur. Ya bunu arxiyepiskop Baqrata qarşı cinayət işi ilə əlaqələndirməyə çalışacaqlar, ya da guya başqa "terrorçu qrup"u saxladıqlarını nümayiş etdirmək üçün yeni bir şey ortaya qoyacaqlar. Bütün bunlar “Daşnaksütyun”a qarşı yönəlib. Artıq “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatlarının müəllifliyi olduğu yazılar çıxır ki, “Daşnaksütyun” terror qurumudur”. Vəkil qeyd edib ki, partiyanın bəzi üzvlərində qanuni qeydiyyatda olan silahlar aşkarlanıb və bu, terror aktına hazırlıq kimi təqdim olunur. Politoloq Argişti Kiviryan qeyd edir ki, Paşinyanın öz opponentlərinə qarşı daha sərt repressiyalara əl atacağı, həm də daxili siyasi məqsədlər güdəcəyi proqnozlaşdırılırdı. O, Paşinyanın “Daşnaksütyun”un Ermənistandakı fəaliyyətini dayandırmağa və ya bu qurumla sövdələşməyə gedəcəyini istisna etməyib: “Hazırda Paşinyan “Daşnaksütyun”a qarşı kötəkdən istifadə edir, lakin onlarla razılığa gələ bilsə, onda kökə olacaq”. Kiviryan hesab edir ki, Paşinyan kilsəyə də hər hansı formada hücumlardan əl çəkməyəcək və indi əlverişli bəhanə gözləyir: "Eyni zamanda, Paşinyan kilsəni məğlub edə bilməyəcək. Əgər bütün ermənilərin katolikosu II Qaregin düzgün hərəkət etsə, o zaman Paşinyanın bütün istəkləri baş tutmamış qalacaq. Müəyyən şəraitdə kilsə iqamətgahını köçürə bilər. Hakimiyyət bu ideyanı kəskin tənqid edir, çünki bu, onlar üçün ölümcüldür". Ekspert qanun çərçivəsində hər şəkildə hakimiyyətə can atmalı olan müxalifəti tənqid edib. Onun sözlərinə görə, müxalifət qüvvələri Paşinyanın başqaları tərəfindən devrilməsini və onların hakimiyyətə gəlməsini istəyir: "Ona görə də nəticə belədir”. Onun fikrincə, Paşinyan əvvəlki hakimiyyətin siyasi meydandan getməsinə imkan verməyəcək, çünki bu, onun üçün kifayət qədər sərfəlidir: "2026-cı ildə yeni seçkilər olacaq və bəzi məlumatlara görə, Paşinyan və Anna Akopyan bu ərəfədə yeni siyasi komanda toplayırlar. Ona görə də indiki tərəfdaşlarının çoxu onlara sədaqətlərini göstərmək istəyirlər ki, mandatlarınlardan məhrum olmasınlar və Paşinyanın seçki siyahısına düşsünlər”.
Politoloq Stepan Danielyan isə iddia edir ki, Paşinyanla Əliyev arasında Əbu-Dabi görüşü ilə Ermənistanda daşnakların saxlanması arasında mütləq müəyyən əlaqə var: “Daşnaksütyun” Türkiyə və Azərbaycan üçün qırmızı xətdir, çünki "Daşnaksütyun” Erməni İnqilabi Federasiyası ermənilərin milli-azadlıq mübarizəsinin simvoludur. “Daşnaksütyun” diasporda “soyqırımın” tanınması prosesinə lobbiçilik edən şəbəkələr yaradıb. Yəni türklər və azərbaycanlılar üçün “Daşnaksütyun” erməni millətçiliyinin iki simvoludur. İndi fərziyyələr irəli sürmək olar. Birincisi, bu, Paşinyanın Türkiyə və Azərbaycana nümayiş etdirdiyi bir növ irəliləyişdir. İkincisi, bu və ya digər mümkün razılaşmaya qarşı çıxa biləcək potensial ocaqların sıxışdırılmasıdır. Bu, həm də bu qərarları qəbul etməyənlər üçün dərsdir”. “İnsanlarınküçəyə çıxması üçün Nikol Paşinyanın nəyə imza atması lazımdır” sualına politoloq belə cavab verib: “Kimsə həmişə küçəyə çıxır, kimsə yox, kimsə siyasi mətn eşidəndə küçəyə çıxmağa hazırdır. Burada onu demək lazımdır ki, müəyyən mənada suallara cavabı olmayan siyasi qüvvələrin də günahı var. Nikol Paşinyan deyir: nə bilirsən, mən Ermənistanın maraqlarından hissə-hissə imtina edirəm, amma bunun müqabilində sülh gətirirəm, məişət həyatında isə deyir: Mən sosial ədaləti bərqərar edirəm, baxmayaraq ki, artıq buna heç kim inanmır, ya da çox az adam inanır. Ən azından, onun hansısa xarici və daxili gündəmi var və digər siyasi qüvvələr də elə bu siyasi gündəmi formalaşdıra bilmirlər. Bəlkə də buna görə camaat deyir: bəli, indiki hakimiyyət suverenliyimizə, gələcəyimizə ziyan vuran dəhşətli addımlar atır, bəs əks təklif nədir? Hesab edirəm ki, bu, ilk növbədə Ermənistanda siyasi fikrin məğlubiyyətidir”. İş adamı Samvel Karapetyanın nə dərəcədə siyasi təklif təqdim edə biləcəyindən danışan ekspert deyib: “Heç olmasa həbsxanadan yazdığı məktublarda siyasi təklif təqdim olunur. Başqa bir sual budur ki, o, şüurlu şəkildə siyasətə getdi, yoxsa vəziyyət elə inkişaf etdi ki, siyasətin mərkəzində özünü tapdı? Bu siyasi iddianın hansı inkişafı, hansı siyasi qüvvənin yaranacağını indidən deyə bilmərəm”. Onu da qeyd edək ki, Paşinyan komandası Erməni Apostol Kilsəsi ilə də haqq-hesabı tezliklə çürütmək niyyətindədir. Bu səbəbdən də II Qaregin barədə dosyelər erməni KİV-də yayılmağa başlayıb. Dərc edilən faktlar məcmusu da söyləməyə əsas verir ki, II Qaregin 1979-cu ildən KQB agenti olub, bu gün də FSB ilə əməkdaşlıq edir. Eçmiədzin taxtına yiyələnmək üçün II Qaregin müəmmalı ölümlərə, rəqib keşişlərin qətlinə səbəb olub. O, hətta katolikos seçildikdən sonra da müxtəlif ölümlər davam edib. Eyni zamanda, Rusiya OMON-un köməyi ilə Rusiya yeparxiyasının arxiyepiskopu Tiranı da taxtından uzaqlaşdıra bilib. Tiran Moskva və Rusiyanın digər regionlarında nüfuzlu şəxs olub. Amma II Qaregin onu da ortadan götürərək, yerinə qardaşı Mkrtıçı, yəni Rusiya xüsusi xidmət orqanlarının növbəti agentini gətirə bilib. II Qaregin xeyir-dua verib və bütün imkanları ilə Ermənistanda hərbi çevrilişə çağıran və bu xahişi Robert Köçəryana və Serj Sarkisyana necə etdiyini canlı efirdə dəfələrlə danışan Gevorq Ajapaxyanı müdafiə etməyə çalışıb. Bütün bu faktların da yayılması II Qareginin də tezliklə sıradan çıxarılacağını göstərir.
Samirə SƏFƏROVA