ABŞ administrasiyası Kubanın bəzi rəsmilərinə, o cümlədən ölkə prezidenti Migel Dias Kanel və iki nazirə qarşı viza sanksiyaları tətbiq edib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Məlumata görə, Birləşmiş Ştatlar ölkənin əsas liderlərini insan hüquqlarının pozulmasında iştirakına görə sanksiya siyahısına əlavə edir.
Rubionun qeyd etdiyi kimi, bu məmurlar arasında Dias Kanel, Kubanın Silahlı Qüvvələr naziri Alvaro Lopez Miera və daxili işlər naziri Lazaro Alberto Alvares Kasas da var. Qeyd olunan məhdudiyyətlər onların ailə üzvlərinə, o cümlədən ədliyyə və penitensiar sistemində çalışan bəzi şəxslərə şamil ediləcək. Onların adları və vəzifələri açıqlanmır. Amerika tərəfinin fikrincə, onlar 2021-ci ilin iyulunda nümayişçilərin qanunsuz saxlanması və işgəncələrə məruz qalmasında iştirak ediblər.
Qeyd edək ki, Kuba ilə ABŞ arasında diplomatik münasibətlər 2015-ci il iyulun 20-də bərpa edilib. 2017-ci ilin yanvarında ABŞ-də respublikaçı Donald Tramp hakimiyyətə gəldikdən sonra iki ölkə arasında yaxınlaşma dayandırılıb. Xüsusən, o, amerikalıların Kubaya səfəri qaydalarını sərtləşdirib və Kuba ordusunun nəzarətində olan təşkilatlarla iş görməsinə qadağa qoyub.
Kuba hakimiyyəti blokadanı ölkədəki ağır iqtisadi vəziyyətin əsas səbəbi adlandırır və onun aradan qaldırılmasını tələb edir.