Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hindistanın Aviasiya Hadisələrinin Araşdırılması Bürosu (AAIB) Əhmədabadda 12 iyunda baş verən təyyarə qəzası ilə bağlı ilkin araşdırma hesabatını dərc edib.
Oxu.Az xəbər verir ki, hesabat sənədi qurumun rəsmi saytında yerləşdirilib.
Sənəddə bildirilir ki, təyyarə yerə çırpıldıqdan sonra bir neçə binaya dəyib və nəticədə yanğın baş verib.
"Ümumilikdə beş bina ciddi konstruktiv zərər alıb və yanğın nəticəsində dağılıb", - deyə məlumatda vurğulanıb.
Hesabatda hadisə yerindən qrafiklər, şəkillər və diaqramlar təqdim olunub və qəzanın əsas detalları açıqlanıb.
Qeyd olunur ki, təyyarədə ikisi də təkmilləşdirilmiş olan iki bort qeydiyyat cihazı (EAFR) quraşdırılmışdı - biri quyruq, digəri isə ön hissədə. Onlardan biri hadisə yerinə yaxın binanın damında tapılıb. Qurğunun üzərində zərbə və yüksək temperaturun izləri müşahidə edilib, korpusundan kabellər çıxmış vəziyyətdə olub. Digər qeydiyyat cihazı isə üç gün sonra tamamilə yanmış şəkildə aşkar olunub.
"Qara qutudan yüklənmiş məlumatlar ümumilikdə 49 saatlıq uçuşu əhatə edirdi, altı fərqli, o cümlədən qəza baş verən uçuşun qeydləri olub. Səslərin yazıldığı material 2 saat davam edir və qəza anını əhatə edir. Qeydlər və uçuş məlumatları ilkin analiz olunub".
Hesabata əsasən, təyyarənin qalxış çəkisi normal hədlər daxilində olub, göyərtədə təhlükəli yüklər olmayıb.
Qəzadan az əvvəl, təyyarənin sürəti 180 düyünə (təxminən 333.36 km/saat) çatdıqdan sonra birinci və ikinci mühərrikə yanacaq verilməsi dayandırılıb və onların fırlanma sürəti tədricən azalmağa başlayıb.
Kabinə yazısında pilotlardan birinin digərinə "Niyə yanacağı kəsdin?" deyə soruşduğu, digərinin isə "Mən etməmişəm" cavabını verdiyi qeyd olunur.
Hazırda qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, iyunun 12-də "Air India" şirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi havaya qalxdıqdan sonra Hindistanın qərbində Əhmədabad şəhəri yaxınlığındakı yaşayış məntəqəsinə düşüb. Təyyarə Londona uçub. Qəza nəticəsində 275 nəfər - 241 sərnişin və ekipaj üzvü, eləcə də 34 yerli sakin həlak olub. Hadisə ilə bağlı istintaq davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.