AZ

Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak bazarına marağı artmaqda davam edir. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları bu ölkədə 203 mənzil alıblar. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20,1 faiz çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil almışdılar. Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda altıncı yerdə qərarlaşıb. Bu ilin may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar.
Bəs vətəndaşlarımızı qardaş ölkənin əmlak bazarına çəkən nədir?

Yatırım üçün əlverişli ölkə

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədən qurtulub mənzil sahibi olmaq istəyirlər: “Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir”.

E.Fərzəliyev bildirdi ki, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq gösətrməsinin digər bir səbəbi də yatırım məqsədidir: “Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edir. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır”.

“Alanya və Antalyadan alırlar”

Ekspert Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alarkən hansı ərazilərə üstünlük verildiyinə də toxundu: “İstanbulda əmlakların qiyməti xeyli yüksəkdir. Təkcə azərbaycanlılar deyil, digər ölkə vətəndaşları da Türkiyədən mənzil alarkən, əsasən turistik zonalara üstünlük verirlər. Alanya, Antalya kimi ərazilərdə tikintilər daha sürətlə gedir. Məsələn, Alanyaya ilin bütün fəsillərində xeyli turist axını olur. Həm yaşayış, həm də kirayə üçün əlverişli olan bu tip ərazilərə yatırımlar daha çox edilir”.
Ekspertin sözlərinə görə, Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar.

Seçilən
8
2
publika.az

4Mənbələr