ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Tovuz döyüşlərindən 5 il ötür
SSRİ-nin son illərinə təsadüf edən erməni separatizminin baş qaldırması və Ermənistanın işğalçılıq planları Cənubi Qafqazı 30 ilə yaxın müharibə meydanına çevirdi. İşğalçı ölkə Qarabağı və ona bitişik 7 rayonu işğal etməklə beynəlxalq konvensiyaların tələblərini pozdu, bölgədə təhdid formalaşdırdı, Azərbaycanın təməl haqlarını pozdu, bir milyona yaxın azərbaycanlını öz dədə-baba yurdlarından didərgin saldı, insanların öz evlərində yaşamaq hüququnu məhdudlaşdırdı. Problemin həlli ilə bağlı davam edən “sülhyaratma” missiyası ilə elə başladığı nöqtədə də yerində saydı - nə vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyəti, nə Ermənistanın işğalçılıq faktının qeyd-şərtsiz aradan qaldırılmasını tələb edən BMT TŞ-nın məlum 4 qətnaməsi, nə də aparılan danışıqlar fayda vermədi - tam əksinə, ötən illər ərzində Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından təmas xətti üzrə yeni hücumlar etdi, təxribatlar törətdi. Nəticədə onlarla günahsız insan, hətta körpə uşaqlar belə erməni təxribatlarının qurbanına çevrildi.
XXI əsrin ikinci onilliyinin ilk aylarında isə bu təxribatlar daha intensiv hal almağa başladı. 2020-ci ilin əvvəlindən etibarən dünyada baş verən dəhşətli koronavirus pandemiyasını özünə fürsətə çevirməyə çalışan Ermənistan beynəlxalq aləmin diqqətinin fərqli məsələlərə qarışdığını zənn edərək yenidən təxribatçı hücumlara başladı. Bu hücumlar isə genişmiqyaslı döyüşlərdən başqa yol qoymurdu - uzun illər boyunca problemin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyən Azərbaycan öz təhlükəsizliyini təmin etmək və işğal altındakı torpaqlarını azad etmək üçün 2020-ci ilin sentyabrında erməni təxribatlarına əks-həmlə ilə cavab verdi. Azərbaycan dövləti qısa bir zamanda - cəmisi 44 günə öz ərazi bütövlüyünü təmin etdi.
Mühüm mərhələ...
Amma 44 günlük müharibəyə qədər Zəfərə gedən yolda olduqca mühüm mərhələlər yaşanmışdı. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri qələbəmizə gedən yolda oldaqca vacib bir məqam kimi tarixə yazıldı.
İlk olaraq qeyd edək ki, Tovuz döyüşləri 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş versə də, bu hərbi qarşıdurmanın təsirləri regional təhlükəsizlik və siyasi dinamika baxımından çox daha geniş miqyasda hiss olundu. Ermənistanın münaqişənin cəbhə xəttindən kənara çıxaraq Azərbaycanın Tovuz rayonuna hücumu, həm ölkənin kritik enerji və nəqliyyat infrastrukturuna yönəlmiş təxribat idi, həm də beynəlxalq diqqəti yayındırmaq məqsədi daşıyırdı. Azərbaycan Ordusunun qətiyyətli cavabı, şəhidlərin qəhrəmanlığı və xalqın misilsiz həmrəyliyi bu hadisəni təkcə sərhəd insidenti deyil, strateji dönüş nöqtəsi kimi tarixə yazdı. Tovuz döyüşləri, əslində, 44 günlük müharibənin siyasi və psixoloji əsaslarını formalaşdıran mühüm mərhələ idi.
Qəhrəmanlıq salnaməsi...
Artıq Tovuz döyüşlərindən beş il ötür. Bütövlükdə, Tovuz döyüşləri Azərbaycan cəmiyyətinin monolitliyini, nə ilə nəfəs aldığını, düşüncələrdə hansı amalları daşıdığını ortaya qoydu. Göstərdi ki, bizim üçün milli maraqlar, ərazi bütövlüyümüz keçilməz qırmızı xəttdir. Azərbaycanın şərəf tarixinə “Beş günlük müharibə” kimi düşən Tovuz döyüşləri müzəffər Ordumuzun qəhrəmanlıq salnaməsinə çevrildi. Döyüşlərin ilk günündə, 12 iyulda Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutaraq hücuma keçməyə cəhd göstərdilər. Ordumuzun layiqli cavabı ilə geri oturdulan düşmən böyük itki verdi - döyüşlərdə Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid oldu, beş nəfər isə yaralandı. İyulun 13-də isə Ermənistan hərbi birləşmələri gərginliyi daha da artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açdılar - bu mübarizədə böyük qəhrəmanlıq nümayiş etdirən ordumuzun bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Bildirildi ki, hərbi birləşmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüblər. Həmin gün döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı. Ordumuzun bölmələri şəhidlərimizin qanını yerdə qoymadılar - görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu darmadağın edildi.
İyulun 13-dən 14-nə keçən gecə isə qızğın döyüşlər davam etdi - düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. İyulun 14-də Ermənistan silahlı birləşmələri tərəfindən Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndləri iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyuldu. Həmin gün döyüş zamanı müdafiənin ön xəttində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucaldılar. Bu, Silahlı Qüvvələrimizin general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirmələrini dünyaya nümayiş etdirib. Həmin gün davam etdirilən cavab tədbirləri sayəsində Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı. Digər günlərdə də düşmənin atəşləri, hücumları ordumuz tərəfindən layiqincə cavablandırıldı.
Milli birlik, milli iradə...
Döyüşlərin davam etdiyi 5 gün ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək Ali Baş Komandanın əmrinə hazır olduğunu nümayiş etdirdi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alındılar.
Tovuzdan Xankəndiyə...
1990-cı illərin əvvəlində başqa dövlətlərin köməyi ilə, ölkədəki səriştəsiz AXC-Müsavat hakimiyyətinin varlığından istifadə edərək Azərbaycan torpaqlarını işğal edən Ermənistan Tovuz döyüşləri ilə əsl reallığı anladı - artıq Azərbaycan regionun ən nizami, dünya reytinqində yüksək yerlərdə təmsil olunan ordusuna sahib idi. Vaxtilə “qələbə”nin eyforiyasına dalaraq özləri haqda “yenilməz” mifi yaradan Ermənistanın bütün yalanları üzə çıxdı. Tovuz döyüşləri 44 günlük müharibənin ilkin anonsuna çevrildi - ermənilər anladılar ki, ildən-ilə güclənən Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəklər.
Azərbaycan Ordusuna gəldikdə isə, bütün gücünü ortaya qoyan əsgər və zabitlərimizə Vətən həsrəti, işğal altındakı torpaqların azadlığı hissi əlavə güc verirdi. Onlar hər an doğma torpaqları erməni işğalından azad etməyə hazır olduqlarını Tovuz döyüşlərində əyani şəkildə ortaya qoydular. Azərbaycan Ordusu bir daha göstərdi ki, düşmənin istənilən təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir. 2020-ci il Vətən müharibəsində, 2023-cü il antiterror tədbirlərində bu güc, qüdrət və qətiyyət açıq şəkildə ortaya qoyuldu. Tovuzdan başlanan azadlıq yolu Xankəndidə öz məntiqi və ədalətli nəticəsini göstərdi...
P.SADAYOĞLU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.