AZ

Mirzə Fətəlinin Tbilisidəki daha bir mülkü: Hökumət bağına, sanatoriyaya çevrilən yay evi - REPORTAJ

TBİLİSİ, 12 iyul. TELEQRAF

Bu gün Azərbaycanın görkəmli yazıçı-dramaturqu, ictimai xadimi, maarifçi və şairi Mirzə Fətəli Axundovun (1812-1878) anadan olmasından 213 il ötür. 66 illik ömrünün 44 ilini Tbilisidə yaşayıb yaratmış böyük ədibin Gürcüstanda xatirəsi hələ sovet dövründə əbədiləşdirilib. Gürcüstanın paytaxtında 1932-ci ildən M.F.Axundovun adına küçə var, 1982-ci ildə yaşadığı evdə muzey açılıb. Qorqasali küçəsi 17 ünvanında yerləşən və ədibin adını daşıyan Azərbaycan Mədəniyyəti Muzeyi 2007-ci ildə Gürcüstanın rəsmi muzeyi statusunu alıb, 2012-ci ildə yazıçının 200 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi ilə əsaslı təmir-bərpa olunub. Muzeyin yerləşdiyi binanın vaxtilə ədibin öz vəsaiti hesabına inşa etdirdiyi bildirilir.

Azərbaycan mədəniyyəti ocağına, gürcü xalqı ilə dostluğumuzun ünvanına çevrilmiş bu muzey Gürcüstanda M.F.Axundova məxsus olmuş yeganə mülk deyil. O, Tbilisi yaxınlığında, indiki Kocori qəsəbəsində malikanəyə də sahib olub. Axundovun həyat və yaradıcılığı mövzusundakı kitablardan məlum olur ki, ədib Kocoridə ev tikdirmək üçün 1858-ci ilin noyabrında ştab rəisinə ərizə yazaraq altı uşağının xəstəliyə tutularaq tələf olduğunu bildirmiş və qalan iki uşağının səhhətini qorumaq üçün Qocur yaylağında ev tikdirməyə icazə istəmişdi. Axundov inşa etdirdiyi yay evində ailəsi ilə istirahət etməklə yanaşı yaradıcılıqla da məşğul olub. O, şahmat oyununa həsr etdiyi şeiri məhz Kocoridə qələmə alıb. Maraqlıdır, görəsən Mirzə Fətəlinin Kocoridəki mülkünun ədibin vəfatından sonra taleyi necə olub və günümüzə qədər gəlib çatıbmı?

Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı bu suallara cavab tapmaq üçün Kocorini ziyarət edib, Axundovun evinin tarixçəsi və aqibəti ilə yaxından tanış olub.

Şəhər tipli qəsəbə olan Kocori Tbilisiyə məsafə baxımından yaxındır, şəhər mərkəzindən 18 kilometr aralıda yerləşir. Kocoriyə şəhər avtobusu ilə 45 dəqiqəyə gedib çatmaq mümkündür. Sərt döngələrlə dağ-iqlim kurortuna yaxınlaşdıqca göz önündə yaşıllıq örtüyü ilə zəngin heyranedici peyzajlar açılır. 2008-ci ilədək Kocori Kvemo Kartli bölgəsinin Qardabani bələdiyyəsinin tərkibində olub, daha sonra Tbilisi şəhərinin Mtatsminda rayonunun ərazisinə daxil edilib.

Müalicəvi iqlimə malik Kocori hələ gürcü çarlarının vaxtından yay iqamətgahları üçün ideal məkan olub. Bu statusunu Qafqaz canişininin dövründə də saxlayıb. Görkəmli gürcü yazıçıları və ictimai xadimləri burada istirahət edərdilər. SSRİ-nin dövlət və siyasi xadimi Lavrenti Beriyanın da bağ evi məhz Kocoridə yerləşib.

Sovet dönəmində Kocoridə bir sıra pioner düşərgələri, körpələr evləri, uşaq bağçaları, sanatoriyalar fəaliyyət göstərib. Əsasən uşaqlar üçün nəzərdə tutulmuş sanatoriyalarda qan azlığı, raxit, bağırsaq xəstəlikləri, bronxit, sümük vərəmi və digər xəstəliklərin effektiv müalicəsi aparılıb.

““Axundovun bağı”na meyvə oğurluğuna getmişəm”

Axundovun Kocoridəki yay evi haqqında ən çox məlumata sahib qəsəbə sakini, həkim-kordioloq Dodo Kaçaxidzedir. Dodo xanımla məni Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva əlaqələndirir. Onun sözlərinə görə, Dodo xanım 2014-cü ildə Kocoridə Axundovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Qeyd edib ki, memorial muzeyin yaradılması ideyası Azərbaycan tərəfi ilə müzakirə olunub, hətta əraziyə bir neçə dəfə baxış da keçirilib, amma heç bir qərar verilməyib və məsələ unudulub.

Dodo xanımla danışdığımız məkanda və vaxtda görüşürük. O, məni özünün idarə etdiyi avtomobillə qarşılayır. Yaşı 80-dən çox olan qadını rul arxasında görcək təəccübümü gizlədə bilmədim. Dodo xanımın maşını ilə Axundovun evinin vaxtilə yerləşdiyi əraziyə yola düşürük. Yolboyu rastımıza çıxan kocorililərin hamısı Dodo xanımı rəğbətlə salamlayır, o, maşını saxlayıb bir neçə nəfərlə danışıb hal-əhval tutur. Məni xüsusi hörmətlə onlara bu sözlərlə təqdim edir: “Azərbaycandan olan jurnalist qonağımdır. Axundovun evi ilə maraqlanmaq üçün Kocoriyə gəlib”.

Qarşımıza çıxan yaşlı sakinlərdən biri Axundovun evi haqqında məlumatlı olduğunu bildirir, mülkə məxsus tikililərin əksəriyyətinin artıq qalmadığını deyir. Bir məqamı mütləq qeyd etməliyəm ki, Dodo xanım məni qonaqlamaqdan qəribə sevinc hissi keçirirdi. Bu, həm onun azərbaycanlılara xoş münasibətinin, amma ən əsası isə Axundovun şəxsiyyətinə böyük sayğısının göstəricisi idi.

Dodo xanımın göstərdiklərindən məlum olur ki, Axundovun yay evi Kocorinin hazırkı mərkəzində - 9 May memorial abidəsindən başlamış 214 saylı orta məktəb və mərkəzi parkın daxil olduğu böyük ərazini əhatə edib.

Dodo xanım Axundovun evinin böyük meyvə bağı ilə əhatə olunduğunu xatırlayır:

“Uşaq olanda “Axundovun evi”, “Axundovun bağı” sözlərini çox eşidirdim. O zamanlar Axundovun kim olduğunu bilmirdim. Onun keçmiş malikanəsi Kocoridə məhz bu adlarla tanınırdı. Malikanədə bir deyil, bir neçə ev var idi. Bağda müxtəlif meyvə ağacları bitirdi. Öz həyətlərimizdə çoxlu meyvə ağacları olsa da, dostlarımla həvəslə “Axundovun bağı”na oğurluğa gedərdik. Meyvələri hələ kal ikən dərirdik. Çox gözəl meyvə bağı idi”.

Mirzə Fətəlinin mülkünün yerində ədib dostunun büstü ucalır

Kocori mərkəzi parkının ərazisində bir büst diqqətimi cəlb edir. Dodo xanım büstün gürcü şair, Rusiya İmperator Ordusunun generalı Qriqol Orbelianiyə məxsus olduğunu bildirməklə yanaşı abidənin tarixçəsini də danışır. O, tarixçəni çox yaxşı bilir, çünki həyat yoldaşı mərhum Omar Çixladzenin də adı ilə bağlıdır. Məlum olur ki, 1972-ci ildə heykəltəraş Temur Çkoniyanın betondan yaratdığı büst 1991-1992-ci illərdə baş vermiş, Gürcüstanın o vaxtkı prezidenti Zviad Qamsaxurdiyanın sürgün edilməsi ilə nəticələnmiş Tbilisi müharibəsi zamanı zədələnib. Omar Çixladze heykəltəraş Soso Baxtadzedən büstün bərpasını xahiş edir. O, büstün eskizləri əsasında abidəni öz hesabına bərpa edir, üzərini mis örtüklə örtür. Abidə 1999-cu ildə iyulun 7-də təntənəli şəkildə açılıb.

Qriqol Orbelianini M.F.Axundovla dostluq və yaradıcılıq əlaqələri bağlayıb. Gürcü şair hətta azərbaycanlı ədibin adına layiq dəfn edilməsinə nail olmaq üçün çalışıb. Məlumdur ki, bütün dinləri puç və əfsanə adlandırmış yazıçının Tbilisidəki müsəlman və xristian məzarlıqlarında dəfninə icazə verilməyib. Orbeliani Axundovun ölümə məhkum edilmiş dustaqların qəbiristanlığında dəfn edilməsinin qarşısını alıb. Nəticədə dramaturq gizli yolla o zamankı gorxanada, hazırkı Tbilisi Botanika Bağı ərazisində torpağa tapşırılıb.

Taleyin təsadüfü nəticəsində Orbelianinin büstünün ucaldılması üçün seçilən yer vaxtilə onun azərbaycanlı ədib dostu Mirzə Fətəlinin evinin yerləşdiyi ərazi olub. Bəlkə də hər iki ədib sağlıqlarında Axundovun evində ədəbi müzakirələr aparıblar. Azərbaycanlı dramaturqun Kocoridə xatirəsi isə əbədiləşdirilməmiş qalıb.

Kocorinin tarixinə yaxşı bələd olan Dodo xanımdan qəsəbədə M.F.Axundovun adına küçənin olub-olmadığını soruşuram. O, belə küçənin olmadığını təəssüflə deyib əlavə edir ki, Kocoridə adsız küçə qalıbsa, ona Axundovun adının verilməsi ilə bağlı təşəbbüslə Mtatsminda rayonu idarəsinə mütləq müraciət edəcək. Dodo Kaçaxidze Axundovun xatirəsinin Kocoridə əbədiləşdirilməsi istəyindən hələ də vaz keçməyib, ahıl yaşda olsa belə təşəbbüskarlıq göstərməyə hazırlığını ifadə edir.

Malikanənin yeganə izi

Həmsöhbətimin sözlərinnə görə, malikanəyə aid olmuş evlərin əksəriyyəti sökülərək yerində yeniləri tikilib və hasarlanıb. Dodo xanımdan Axundovun evindən hər hansı bir izin qalıb-qalmadığını maraqlanıram. O, yalnız bir tikilinin günümüzə qədər gəlib çatdığını bildirir. Həmin evin olduğu istiqamətə yol alırıq. Axundovun Kocoridəki izinin yeganə nişanəsi Udzo küçəsində yerləşən, baxımsızlıqdan yarımuçuq, qəzalı və dağınıq vəziyyətdə, tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə olan birmərtəbəli tikilidir. Dodo xanım qəzalı evin hzırda kimə məxsus olduğu, satışa çıxarılıb-çıxarılmadığı barədə məlumata malik deyil.

Axundovun bağ evində 10 otaq vardı

Dodo Kaçaxidze 2010-cu ildə işıq üzü görmüş “Kocori kurortu” adlı gürcüdilli kitabın müəllifidir. Ziyalı xanım məni həmin kitabla evində tanış edir. Qeyd etməliyəm ki, Dodo xanımın yaşadığı ev atası, tanınmış həkim Giorgi Kaçaxidzenin adını daşıyır. Bu küçəyə onun adının verilməsinin təşəbbüskarları Dodo xanım və həyat yoldaşı batono Omar olub.

Həmin nəşrdə Kocorinin tarixi ilə yanaşı bu qəsəbə ilə bağlı olmuş M.F.Axundov da daxil olmaqla görkəmli şəxsiyyətlərdən bəhs olunur. Kitabda Axundovun bağ evi haqqında vaxtilə Kocoridə meşəbəyi olmuş Anton İluridzenin qızının valideynləri haqqında xatirələrində də rast gəlinir:

“O zamanlar yaşıllığın içində itib batan Kocori istirahət üçün ən yaxşı məkanlardan biri idi. Burada gürcü və əcnəbi ictimai xadimlər, qonşu respublikaların rəhbər şəxsləri dincələrdilər.

Biz görkəmli azərbaycanlı yazıçı Mirzə Fətəli Axundovun bağ evində istirahət edirdik. Həmin vaxtlar bu ev hökumət bağı idi. Kocorinin mərkəzində yerləşirdi və bir neçə hektar ərazini tutan böyük meyvə bağları ilə əhatəli idi. Bağda xüsusi olaraq Kocori iqlimi üçün seçilmiş bütün mümkün meyvə ağacları bitirdi. Bu ərazi Kocorinin və ətrafındakı bütün yaşıllıqlar kimi atamın nəzarətində idi. Evdə 10 otaq var idi: beşi bir tərəfdə, beşi isə digər tərəfdə”.

Kitabda vaxtilə Kocoridə mövcud olmuş bir sıra yay evlərinin planlarına da rast gəlinir. Müəllifin Gürcüstan arxivindən əldə etdiyi həmin sənədlər arasında Axundovun evinin planına rast gəlinmir. Dodo xanım deyir ki, həmin planı arxivdə axtarsa da, aşkarlaya bilməyib: “Bəlkə də arxivdə saxlanılır, amma təəssüf ki, mənim qarşıma çıxmadı”.

Dodo xanım kitabdakı uşaq sanatoriyasına aid bir fotoşəkli göstərərək deyir ki, arxa fondakı ev Axundovun mülkünə aiddir.

Azərbaycan tərəfdən maraq olub, amma...

Dodo xanım danışır ki, vaxtilə həyat yoldaşı Omar Çixladze ilə birgə Mirzə Fətəlinin xatirəsinin Kocoridə əbədiləşdirilməsinə nail olmağa çalışıblar. Təşəbbüsün məqsədi Kocorinin tarixi ilə yanaşı burada vaxtilə yaşayıb yaratmış tanınmış görkəmli şəxsiyyətləri də tanıtmaq olub. Müsahibimin sözlərinə görə, o zaman Azərbaycan tərəfdən də maraq ifadə edilib:

“Haradasa 10 il bundan öncə Azərbaycan tərəfdən nümayəndələr Kocoriyə gəldi. Aralarında SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşı da var idi. Onları Axundovun evinin vaxtilə yerləşdiyi ərazi ilə tanış etdik. Baxış keçirildi. Amma çox təəssüf ki, təşəbbüs reallaşdırılmamış qaldı. Bunun səbəbini bilmirəm. Ehtimal edə bilərəm ki, memorial muzeyin yaradılmasına kimsə və yaxud nəsə mane oldu. Məncə, köhnəni bərpa etmək yenisini yaratmaqdan daha nəcib əməldir. Hesab edirəm ki, Axundov kimi görkəmli şəxsiyyətin izlərinin itməsinə yol verilməməlidir”.

“Ermənilərin Axundov kimi şəxsiyyəti olsaydı, ...”

Axundovun Tbilisidəki daha bir mülkündən qalan dağınıq olsa belə yeganə iz deməyə əsas verir ki, ədəbiyyatımızın görkəmli nümayəndəsinin Kocoridə memorial muzeyini yaratmaq hələ də mümkündür. Nə qədər ki, çox gec deyil Azərbaycan tərəfi bu məsələyə yenidən diqqət göstərməli, ədibin xatirəsinin Kocoridə də əbədiləşdirilməsi istiqamətində nəticəli və qərarlı addımlar atmalıdır. Dodo Kaçaxidze söhbətimiz zamanı bir fikir səsləndirir. Nəzakətli və mehriban xanım elə zənn edir ki, həmin sözlərlə xətrimə dəyə bilər. O dedi ki, ermənilərin Axundov kimi şəxsiyyəti olsaydı və onun Kocoridə belə bir izi tapılsaydı, mütləq sahib çıxardılar. Mən onun bu fikrini bu yaxınlarda gürcü rəssamın dilindən eşitdiyim bir ifadə ilə qüvvətləndirdim: “Biz tariximizdən yalnız qürurla danışmağı sevirik, onun qayğısına isə qalmırıq”.

Gürcüstanda Azərbaycanın zəngin mədəni irsinə aid və bu günə qədər hələ də aşkarlanmayan saysız-hesabsız izlərimiz qalmaqdadır. Bu izlər Gürcüstandakı tariximizin dərin kökləridir, onları itirə bilmərik. Zəngin irsimizlə yalnız qürurlanmamalıyıq, həm də onların mütləq qayğısına qalmalıyıq.

Kocori Tbilisiyə səfər edən azərbaycanlılar da daxil olmaqla əksər xarici turistləri, elə gürcüləri də əsrarəngiz təbiəti, xoş iqlimi ilə yanaşı üç qədim adından biri Koroğlu olan qala ilə də cəlb edir. Müalicəvi iqlimi və sərin havasına görə yay aylarında Kocori əsas istirahət məkanlarından biri olur. Axundovun Kocoridə memorial muzeyi yaradılsa, bu məkan “Müsəlman Molyer” kimi tanınan böyük azərbaycanlı ədibin irsinin Gürcüstanda təbliğinə xidmət edəcək daha bir mərkəzə çevrilə bilər.

Ümid edirəm ki, bu yazı Azərbaycan milli dramaturgiyasının banisinin Kocoridə memorial muzeyinin yaradılması, adına küçənin verilməsi ilə xatirəsinin əbədiləşdirilməsi kimi nəcib və xeyirxah fəaliyyətimizə yeni təkan verə biləcək.

Seçilən
34
teleqraf.com

1Mənbələr