Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafı üçün üzvlər arasında güclü əməkdaşlıq tələb olunur.
"Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.
Onun sözlərinə görə, ittifaq kurortlar arasında əməkdaşlıq və birgə inkişaf üçün dəyərli bir mərkəz kimi fəaliyyət göstərir: "Bütün bu məqsədlərə çatmaq, əlbəttə ki, vaxt, təcrübə və üzvlərimiz arasında daha güclü əməkdaşlıq tələb edir. Ümid edirik ki, üzvlərin sayını artıracağıq və çox sürətlə böyüyəcəyik. Artıq ümidverici nəticələr əldə etmişik. Əsas nümunə keçən il Özbəkistanın "Amirsoy" Dağ Kurortunda keçirilən ilk xizək yarışı idi. Bu, həvəskar idmançılar arasında idi və çox uğurlu bir yarış oldu. Bu uğura əsaslanaraq, üzv ölkələrimizdə hər il xizək və snoubord yarışları ilə yanaşı, mədəni və əyləncə tədbirləri keçirməyi planlaşdırırıq".
O qeyd edib ki, növbəti yarış "Uludağ" Dağ Kurortunda gələn mövsümdə keçiriləcək: "Çox şadıq, çünki ümumiyyətlə bütün kurortları tez-tez ziyarət etsək də, "Uludağ" bizim üçün yəqin ki, ilk təcrübə olacaq və orada gözəl bir yarış keçirəcəyik".