AZ

Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..


Xəyalə Rəis: “Haqq səsimizi kino vasitəsilə dünyaya çatdırmaq imkanımız var, bu təkcə sənət hadisəsi deyil, milli borcdur”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı və digər çoxsaylı cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının cinayət işləri üzrə açıq məhkəmə prosesi davam edir. Məhkəmə prosesində zərərçəkmiş şəxslər müharibə zamanı başlarına gələn, yaşadıqları ağrı-acıları şahid qismində danışır. Hətta şahid qismində danışanların əksəriyyəti əsirlikdə olarkən ermənilər tərəfindən onlara necə, hansı formada işgəncə verildiyini açıq şəkildə dilə gətirir.

Onu da bildirək ki, əksər ölkələrdə əsirlikdə olan şəxslərin ifadələri əsasında kino çəkilir. Bizdə də belə bir film çəkilə bilərmi?

“Əsirlikdə işgəncəyə məruz qalan insanların acı dolu hekayələri, onların göz yaşları və sarsıdıcı xatirələri yalnız məhkəmə protokollarında yox, eyni zamanda kino sənətində də əbədiləşdirilməlidir”

Sənətşünas Xəyalə Rəis baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan xalqı onilliklər boyu Ermənistanın hərbi təcavüzü, işğal və zorakılığı ilə üz-üzə qalmışdır. Bu illər ərzində yalnız torpaqlarımız deyil, insan talelərimiz, ailələrimiz, yaddaşımız və mənəviyyatımız da hədəf alınmışdır. Bu gün davam edən məhkəmə prosesləri zamanı şahid qismində danışan zərərçəkmişlərin ifadələri bir daha göstərir ki, təkcə fiziki deyil, mənəvi cəhətdən də millətimizə qarşı böyük cinayətlər törədilmişdir: “Əsirlikdə işgəncəyə məruz qalan insanların acı dolu hekayələri, onların göz yaşları və sarsıdıcı xatirələri yalnız məhkəmə protokollarında yox, eyni zamanda kino sənətində də əbədiləşdirilməlidir. Dünya təcrübəsində belə misallar kifayət qədərdir. Müharibələrdən, soyqırımlardan, insanlıq faciələrindən bəhs edən filmlər həm sənədli, həm də bədii formatda yaddaşlara hopub. Bu filmlər təkcə bir xalqın faciəsini göstərmir – onlar eyni zamanda insanlığın ortaq vicdanına xitab edir, "bir daha təkrarlanmasın" çağırışı ilə çıxış edir. Bizim də haqq səsimizi kino vasitəsilə dünyaya çatdırmaq imkanımız var. Bu, təkcə sənət hadisəsi deyil, milli borcdur.

Belə bir filmin çəkilməsi – əsirlikdə işgəncəyə məruz qalmış azərbaycanlıların real ifadələrinə, onların yaşadıqları dəhşətə əsaslanan ekran əsərinin ərsəyə gəlməsi – həm tariximizə işıq tutacaq, həm də gələcək nəsillərə ibrət dərsi olacaq. Eyni zamanda, bu film beynəlxalq auditoriyaya Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin şahidi olacaq bir sənəd kimi təqdim edilə bilər. Əsərin formatı sənədli film, bədii film və ya mini-serial şəklində ola bilər. Əsas olan mövzunun dərinliyinə enmək, ifadə olunan ağrıların bədii estetikaya çevrilməsi və reallığın qorunmasıdır. Burada təkcə ssenaristlərin və rejissorların deyil, psixoloqların, tarixçilərin, hüquqşünasların da əməkdaşlığına ehtiyac var.

Kino bir sənət növü olmaqla yanaşı, həm də milli yaddaşdır. Bu yaddaşın pozulmasına, unudulmasına yol verməməliyik. Çünki biz susduqca, başqaları danışacaq – ya bizi əvəzləyəcək, ya da bizi təhrif edəcək. Ona görə də bu gün Azərbaycan reallıqlarını, xalqımızın keçdiyi iztirablı yolu sənət vasitəsilə dünyaya tanıtmaq vaxtıdır”.

Günel CƏLİLOVA

Seçilən
5
baki-xeber.com

1Mənbələr