AZ

Türkiyədə gənə KABUSU - Ölənlərin sayı 11-ə çatdı

Türkiyədə Krım-Konqo qanamalı qızdırması (KKQX) təhlükəsi artmaqda davam edir. Xüsusilə Sivas vilayətində gənələrin səbəb olduğu bu ölümcül virus geniş yayılaraq ciddi narahatlıq yaradıb.

2025-ci ilin mart ayından etibarən Sivasda gənə dişləməsi nəticəsində yayılan KKQX virusuna yoluxanlardan 11 nəfər həyatını itirib. Sonuncu ölüm hadisəsi vilayətin Mərkəz rayonuna bağlı Gülpınar kəndində baş verib. Məlumata görə, zərərçəkmiş şəxs vaxtında səhiyyə müəssisəsinə müraciət etsə də, vəziyyətinin ağırlığına görə həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislər bu xəstəliyin əsas daşıyıcısı olan "Hyalomma" cinsinə aid gənələrin aktivləşdiyini bildirirlər. Yaz və yay aylarında gənələrin çoxalması ilə yoluxma riski də artır. Xəstəlik əsasən heyvanlarla təmasda olan insanlar arasında daha çox yayılır. Ən böyük risk qrupunu isə kənd təsərrüfatı işçiləri, çobanlar və açıq sahədə çalışan şəxslər təşkil edir.

Səhiyyə qurumları əhalini xüsusilə təbii ərazilərdə olarkən diqqətli olmağa çağırır. Uzunqol geyimlər geyinmək, açıq sahələrdə yerə oturmamaq, dəridə gənə aşkarlanarsa, onu əllə çıxarmağa çalışmadan dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, Türkiyədə hər il bahar və yay aylarında gənə ilə bağlı yoluxmalar artır. Bununla əlaqədar olaraq, hökumət və səhiyyə qurumları tərəfindən maarifləndirmə kampaniyaları aparılır və riskli bölgələrdə tədbirlər gücləndirilir.

Seçilən
0
1
news365.az

10Mənbələr