AZ

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur

Beynəlxalq yoxsulluqla mübarizə təşkilatı “Oxfam”ın açıqladığı hesabata görə, Afrikanın ən zənginlərindən yalnız dördü 57,4 milyard dollarlıq sərvətə (təxminən 48,9 milyard avro) nəzarət edir. 

Bu, qitənin 750 milyondan çox əhalisinin təxminən 50 faizinin ümumi sərvətindən çoxdur.

Hesabata görə, hələ 2000-ci ildə qitədə bir nəfər də olsun milyarder yox idi. Bu gün onların sayı 23 nəfərdir və ümumi sərvəti son beş ildə 56 faiz artaraq 112,6 milyard dollara çatıb.

Bundan əlavə, “Oxfam”ın qiymətləndirməsinə görə, afrikalıların ən zəngin 5 faizi təxminən 4 trilyon dollara sahibdir ki, bu da Afrikanın qalan hissəsinin ümumi sərvətindən iki dəfə çoxdur.

Araşdırmada vurğulanır ki, sosial bərabərsizliyin ən yüksək olduğu ölkələrin demək olar ki, yarısı Afrikada yerləşir.

Ədalətsiz vergi distemi

“Oxfam” hesab edir ki, qitədə mövcud hökumət siyasəti çox vaxt varlıların maraqlarına uyğun işləyir və onlara kapitallarını daha da artırmağa imkan verir.

Hesabatda deyilir: "Əksər Afrika ölkələri fövqəladə zənginləri effektiv şəkildə vergiyə cəlb etmək və bərabərsizliyi azaltmaq üçün mütərəqqi vergidən tam potensialından istifadə etmir".

Afrikadakı vergi sistemləri gəlirlərin əhalinin ən zəngin 1 faizinə yenidən bölüşdürülməsində qlobal miqyasda olduğundan demək olar ki, üç dəfə az effektivdir. Ekspertlərin hesablamasına görə, sərvətdən cəmi 1 faiz və afrikalıların ən zəngin 1 faizinin gəlirindən 10 faiz əlavə verginin tətbiqi hər il büdcəni 66 milyard dollar artıracaq - bu, pulsuz keyfiyyətli təhsil üçün maliyyə çatışmazlığını aradan qaldırmaq və qitənin bütün sakinlərini elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. 

Bundan əlavə, Afrika qeyri-qanuni maliyyə axınları səbəbindən hər il təxminən 88,6 milyard dollar itirir.

Afrikanın ən zəngini kimdir

Hesabata görə, 23,3 milyard dollar sərvətlə nigeriyalı milyarder Aliko Danqote Afrikanın ən varlı adamı olaraq qalır. İlk dördlüyə həmçinin cənubi afrikalılar Yohan Rupert və Nikki Oppenheymer, həmçinin misirli Nassef Saviris daxil olub.

“Oxfam” xəbərdarlıq edir ki, belə yüksək səviyyəli bərabərsizlik demokratiyaya zərbə vurur, yoxsulluğun azaldılmasına mane olur və iqlim böhranını pisləşdirir. Əsas institutların varlı elita tərəfindən “siyasi ələ keçirilməsi” yoxsulları dəstəkləməyə yönəlmiş dövlət siyasətini səmərəsiz edir.

Qitənin ən böyük demokratiyası olan Nigeriyada siyasi partiyalar tərəfindən namizədlərdən tələb olunan hədsiz rüsumlar çox vaxt sadə insanları seçkilərdən kənarlaşdırır. Bu fonda milyonlarla nigeriyalı həddindən artıq yoxsulluq içində yaşasa da, səslərin satın alınması adi hal olaraq qalır.//Lent.az

Seçilən
0
3
musavat.com

4Mənbələr