AZ

Ceyhum Məmmədov: Dünya Makron kimi siyasətçilərin əlində qalıb

BAKI, 12 iyul. TELEQRAF

"Dünyada çox mürəkkəb proseslər baş verir. Əvvəllər ölkələri böyük şəxsiyyətlər idarə edirdilər. Amma indi dünya Emmanuel Makron kimi heç bir uğuru olmayan siyasətçilərin əlində qalıb".

Bunu Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Makrona müxalif olan şəxsin özünü pəncərədən atması və bunun səbəbinin gizlədilməsi böyük ajiotaja səbəb olub: "Bu fakt Fransada müxalifətçilik edənin aqibətinin heç də yaxşı olmamasına diqqət çəkir. Ekspertlər bildirirlər ki, bu, Rusiya nümunəsini çox xatırladır. Çünki orada da kim müxalifətçilik edirsə, aqibəti heç də yaxşı olmur və əsl səbəbləri bilinmir, gizlədilir".

Fransa prezidenti ilə bağlı müəmmalı və qalmaqallı hadisələrin səngimək bilmədiyini deyən C.Məmmədov Makronun hakimiyyətinin uğursuzluğuna diqqət çəkib:

“Xalqın iki pisdən birini seçməyə məcbur qaldığı Fransada Makron hakimiyyətə gəldi. Orada davamlı müxtəlif qalmaqallar baş verir. Son günlər Makron xanımı ilə bağlı qalmaqalla gündəmdədir. Fransada siyasi müstəvidə də müəyyən proseslərin getdiyinin şahidiyik, yəni rəqiblər arasında amansız mübarizə, həbs və qətllər baş alıb gedir. Artıq normal rəqabət, əlaqələrdən söhbət getmir, rəqiblər bir-birinə qarşı ən amansız metodlardan istifadə edirlər, proseslər daha çox qalmaqallarla müşahidə olunur. Buna görə bu gün bütün gözlər Fransaya dikilib”.

O qeyd edib ki, bu cür hadisələrin baş verməsi ciddi sual və narahatlıqlar yaradır.

Seçilən
42
teleqraf.com

1Mənbələr