Üzeyir Hacıbəyli – 140
1940-cı ildə yaradılmış, 1952-ci ilə qədər fəaliyyət göstərmiş Stalin mükafatı komitəsi SSRİ-də elm, texnika, ədəbiyyat və incəsənət sahəsində fərqlənənləri təltif edirdi. Mötəbər komitəyə ən görkəmli şəxsiyyətlər daxil idi.
Türk dünyasının dahi bəstəkarı, publisisti, dramaturqu, alimi, pedaqoqu, ictimai xadimi Üzeyir bəy Hacıbəyli də Stalin mükafatı komitəsi yarandığı gündən ona üzv seçilib, ömrünün sonuna kimi də həmin tərkibdə qalıb. O, Dövlət mükafatı ilə bağlı müzakirələrdə Səməd Vurğun, Sergey Prokofyev, Dmitri Şostakoviç, Mixail Şoloxov və başqalarının əsərləri haqqında müzakirələrdə fikir söyləyib, mükafatların verilməsində müstəsna rol oynayıb. Sonralar bu mükafat SSRİ Dövlət mükafatı adlandırılmışdır.
Ü. Hacıbəyli özü də iki dəfə Stalin mükafatına layiq görülüb. Birinci dəfə 15 mart 1941-ci ildə bu mükafat dahi bəstəkarın “Koroğlu” operasına verilib. Bu barədə Stalin mükafatı komitəsinin 1940-cı il 30 dekabr tarixli geniş iclasının stenoqramında professor A .B. Qoldenveyzerin çıxışında oxuyuruq: “...Biz 6 namizədin siyahısını vermişik. Opera bölməsi üzrə seksiya “Koroğlu” operasına görə Hacıbəyovu təqdim etmişdir. Əsas belədir: Milli dekadalar bir sıra opera əsərləri göstərmişlər. Onların arasında Hacıbəyovun operası böyük müvəffəqiyyət qazanmışdır. Böyük teatrda tamaşaya qoyulmaq üçün qəbul edilmişdir. Bu, milli operalardan ən dəyərlisidir”.
İkinci dəfə isə Üzeyir bəy Hacıbəyli 26 iyun 1946-cı ildə “Arşın mal alan” filminə görə Stalin mükafatı ilə təltif edilib.
Üzeyir bəyin özünün Stalin Mükafatı Komitəsinin iclaslarında maraqlı, dəyərli çıxışlarından ikisi mənə rast gəlib. Onlardan biri Dmitri Şostakoviçin, digəri isə Səməd Vurğunun “Fərhad və Şirin” dramı nın Stalin mükafatına namizədliyinin müzakirəsi ilə bağlıdır. Komitənin 21 noyabr 1940-cı il tarixli geniş iclasında başqa bəstəkarlar haqqında da fikirlər söylənilmişdir. Üzeyir bəy Hacıbəyli Prokofyev, Şostakoviç, Xaçaturyan, Myaskovski, Qlier haqqında tənqidi fikirlərini bildirib, səlis və obyektiv çıxışı ilə onların yaradıcılığının dərinliyinə varıb.
Beləliklə, Üzeyir bəy Hacıbəylinin Stalin komitəsindəki çıxışlarının stenoqramını ana dilimizə çevirərək, musiqi ictimaiyyətinin və Üzeyir bəy pərəstişkarlarının diqqətinə çatdırırıq. İnanırıq ki, bu, xalqımız üçün dəyərli nümunə olacaq. Bir daha Üzeyir bəyin nə qədər humanist, obyektiv, sənəti dərindən bilən və hörmət edən sənətkar olduğunu bariz şəkildə görəcəyik.
Sitat: “Şostakoviç yüksək üsluba malik dünya əhəmiyyətli sənətkardır. Onun 5-ci simfoniyasına mükafat verilməsinə heç kim etiraz etməzdi. Burada yalnız böyük sənətkara xas olan, özünəməxsus orkestr səslənməsi sirri vardır. Qavranılmasına görə də bu əsər 1-ci yerdə durur. Burada geniş dinləyici kütləsi üçün heç bir formallıq, heç bir hoqqabazlıq yoxdur.
Lakin Şostakoviçin kvinteti məcbur edir ki, klassikanı unudasan və musiqini başqa cür anlamağa yönələsən. Burada aydın, məntiqli musiqi fikri görünmür. Bu nədir, lad musiqisidir, ya qeyridir? Əsərin əsasında müəyyən bir məqsəd olmalıdır, burada isə o yoxdur.
Qeyd etdiyim kimi, Üzeyir bəy Hacıbəylinin Stalin mükafatı komitəsindəki ikinci çıxışı böyük şairimiz Səməd Vurğunun dili haqqında, onun ”Fərhad və Şirin” dram əsərinin ali mükafatına təqdim edilməsi ilə bağlıdır. 19 fevral 1942-ci ilə aid həmin çıxışdan müddəalar: “Səməd Vurğun müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hisslərlə, hədsiz məhəbbətlə doludur. O, seir sənətinə mükəmməl yiyələnmişdir. Dramaturgiya yoluna isə o, 3 dramla daxil olmuşdur. Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur.
Bir dramaturq olaraq deyim ki, onun yaradıcılığının ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı “Fərhad və Şirin” əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir. O, Nizami haqqında yazmış və onu müasirləşdirərək, sözün əsl mənasında, çağdaş vətənpərvərlik dramı yaratmağa müvəffəq olmuşdur. Bu, nəzmlə yazılmış dramdır.
O, epik asudəliyi və dramatizmi birləşdirir. Bunlar hər zaman çox gözəl dillə yazılmışdır. Və bu nəinki Azərbaycan, hətta bütün çağdaş dramaturgiyanın nailiyyətlərindən biridir”.
Dahi, müdrik sənətkar Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun “Fərhad və Şirin” dramı qeydsiz-şərtsiz Stalin mükafatına layiq görülüb.
Bəli, əvəzsiz sənətkar olan Üzeyir bəy, sözün əsl mənasında, müdrik şəxsiyyət idi. Düzü-düz, əyrini-əyri söyləməkdən çəkinmirdi. Bütün situasiyalarda xeyrin qalib gəlməsinə çalışırdı. Qoyulan məsələlərə müdrikcəsinə yanaşır, yaxşıların uğuruna imza atırdı. Yüksək səviyyələrdə böyük dühanın fikir və mülahizələri hörmətlə qarşılanırdı. Həm Azərbaycan, həm də SSRİ rəhbərliyi yanında onun sözü keçirdi. Və Üzeyir bəy Hacıbəylinin fikirlərinə, düşüncələrinə hər zaman ehtiyac duyulurdu...
Səadət QARABAĞLI,
üzeyirbəyşünas