AZ

Sülh sazişi üçün tarixi şərait yaranıb

Ermənistan prosesi düzgün qiymətləndirməli və konstruktiv mövqe nümayiş etdirməlidir

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşü tarixi hadisə kimi qiymətləndirmək olar. Bu görüş iki dövlət arasında tam formatlı dialoq kimi xarakterizə edilir. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında xatırladıb ki, Azərbaycan və Ermənistan liderləri arasında əvvəlki görüşlər müxtəlif platformalarda başqa dövlətlərin liderlərinin iştirakı ilə və ya Xarici İşlər Nazirləri səviyyəsində keçirilirib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması heç bir vasitəçi ölkə olmadan həyata keçirilməlidir. Budəfəki görüşün formatı və yeri də Prezidentimiz tərəfindən irəli sürülüb. "Sirr deyil ki, bir sıra dövlətlər və qüvvələr ikitərəfli dialoqun baş tutmasına maneələr törədirdilər. Artıq Ermənistan rəhbərliyi də reallığı qəbul edir və başa düşür ki, Azərbaycan dövlətinin irəli sürdüyü təkliflər regionda sülhün, əmin-amanlığın yaranmasına xidmət edir. Ermənistan dövlətinin də müstəqil yaşaması və inkişaf etməsi Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamasından asılıdır", - deyə o əlavə edib. 

Ekspert qeyd edib ki, Əbu-Dabi görüşünün vacib məqamlarından biri də hər iki tərəfin bu danışıqları konstruktiv adlandırması və bir sıra məsələlərdə fikirlərin üst-üstə düşməsidir. Bu da onu deməyə əsas verir ki, Ermənistan artıq iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına təşəbbüs göstərir. Əlbəttə, Azərbaycanın iki əsas - Minsk qrupunun ləğvi ilə əlaqədar hər iki dövlətin müraciəti və Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasının olmaması şərtləri yerinə yetirilməlidir. Beş saata yaxın davam edən görüşlərdə sərhədlərin delimitasiya və demarkasiya məsələləri əsas mövzulardan biri olaraq müzakirə olunub və bu istiqamətdə birgə ikitərəfli görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. 

Kamilə Əliyeva vurğulayıb ki, digər vacib məsələ bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə də danışıqların bərpa edilməsidir: "Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqələri yaranacaq və Avropa ilə Asiyanı birləşdirən bu dəhlizin işə düşməsi hər iki dövlətin iqtisadiyyatına böyük gəlirlər gətirəcək. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün  bir həyat qapısı ola bilər. Bu gün iqtisadiyyatı ağır durumda olan Ermənistanın iqtisadi vəziyyətinin bununla dirçəlməsi mümkündür". 

Siyasi şərhçi bildirib ki, Əbu-Dabi görüşündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin yaydıqları bəyanatların oxşar olması sübut edir ki, sülh sazişinin imzalanması üçün tarixi şərait yaranıb. 

Professor ümüd edir ki, Ermənistanın siyasi rəhbərliyi bu tarixi şəraiti düzgün qiymətləndirəcək və sona qədər konstruktiv mövqe nümayiş etdirəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr