Yeni Kaledoniyada Faransa müstəmləkəsinə qarşı 2024-cü ildə başlanan müstəqillik mübarizəsi öz bəhrəsini verdi. İyulun 2-də Kanakinin (Yeni Kaledoniya) gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Fransa Hökuməti, müstəqillik tərəfdarları və əleyhdarları arasında Parisdə başlanan yüksək səviyyəli Sammit çərçivəsində iyulun 12-də müqavilə imzalandı.
Yeni Kaledoniyanın gələcəyi ilə bağlı imzalanan bu müqavilədə kanaklar tam müstəqillik əldə etməsələr də (Fransa daxilində Yeni Kaledoniya dövləti yaradılır), müstəmləkə şərtlərindən böyük ölçüdə xilas oldular, xüsusilə yerli xalqın öz müqəddəratını təyin etmə hüququ əldə etməsi bu kontekstdə ən əhəmiyyətli nəticələrdəndir.
Bu qələbə bir neçə kontekstdə diqqət çəkir.
Birincisi, XXI əsrdə kolonizm siyasətinin artıq süquta uğraması deməkdir;
İkincisi, neokolonizm siyasətinə qarşı Azərbaycanın qlobal müstəvidə dəstəklədiyi siyasət nəticəsini verdi;
Üçüncüsü, Yeni Kaledoniyada Fransanın törətdiyi qanlı qırğınlar və yerli xalqın hüquqlarının tapdaması ilə bağlı məsələlərin beynəlxalq müstəviyə çıxarılmasında Azərbaycanın atdığı addımlar hər kəs tərəfindən qəbul edilir.
Kanakların, ümumilikdə Fransa müstəmləkəsində yaşayan xalqların azadlıq mübarizəsində 2023-cü ildə dekolonizasiya məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) mühüm rol oynayıb. 2024-cü ilin may ayında Yeni Kaledoniyada yerli kanaklar Fransa hökumətinin konstitusiyaya dəyişiklik cəhdinə qarşı mübarizəyə başladı. Dinc şəkildə həyata keçirilən mübarizə Fransa ordusunun müdaxiləsi ilə qanlı qırğına çevrildi. Rəsmi Paris Yeni Kaledoniyada informasiya blokadası yaradaraq, baş verənlər haqqında beynəlxalq ictimaiyyətin məlumat əldə etməsinə mane yaratmağa çalışsa da, məhz BTQ-nin fəaliyyəti nəticəsində bütün dünya törədilən zorakılıqlardan xəbər tutdu. Daha sonra BTQ Yeni Kaledoniyada baş verənlərlə bağlı BMT-yə hesabatlar təqdim etdi, nəticədə məsələ beynəlxalq müstəviyə daşındı.
2024-cü ilin iyun ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi. Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim etdi. Oktyabr ayında BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirildi. BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.
Oktyabrın 25-də BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais Fransanın təqdim etdiyi hesabatı sərt şəkildə tənqid etdi, xüsusilə Yeni Kaledoniyada baş verənlərlə bağlı rəsmi Parisin “arqumentlərinin” yalan olduğunu bəyan etdi. Jose Manuel Santosun bu çıxışında toxunduğu faktlar BTQ tərəfindən Komitə rəhbərliyini daha öncədən məlumatlandırmasına, baş verənlərlə bağlı təqdim etdiyi alternativ hesabatlara əsaslanırdı. 7 noyabr tarixində isə BMT İnsan Hüquqları Komitəsinin yayımladığı hesabatda Fransanın gerçək siması – bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı.
Fakt qarşısında qalan Fransa hökuməti kanakların azadlıq mübarizəsini siyasiləşdirmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə Azərbaycanı “daxili işlərə müdaxilə etməkdə” ittiham etsə də, nəticə əldə edə bilmədi. Çünki Azərbaycanın neokolonizmə qarşı mübarizəsi beynəlxalq hüquqa əsaslanırdı. Nəhayət, Fransa kanakların müstəqillik mübarizəsi qarşısında geri çəkilməyə məcbur oldu. İmzalanan müqavilə bunun real nümunəsidir.
Razılaşmaya əsasən, ilkin mərhələdə Parisdə danışıqlarda iştirak etmiş şəxslər Kanakiyə geri döndükdən sonra layihəni təmsil etdikləri hərəkatlara təqdim edəcəklər. Yekunda isə layihə Kanak xalqı tərəfindən qəbul edilməlidir. 1998-ci il tarixli Noumea Sazişinin bu layihə ilə ziddiyyət təşkil etməyən müddəaları qüvvədə qalacaq.
Noumea Sazişinə əsasən, sənəd imzalanana qədər adada yaşamış sakinlərin və onların nəsilləri yerli parlamentdə səsvermə hüququna malikdir. Bu, kanaklar üçün əhəmiyyətli məsələdir, çünki mühacirlərin adanın idarəetməsində güclü təsirləri onların mövqelərini zəiflədir. Makronun “islahatlar” adı altında atdığı qeyri-qanuni addımlar bu sazişə uyğun deyildi.
Noumea Sazişindən imtina edən Makron adada 10 il yaşayan hər kəsə yerli parlament seçkilərində səsvermə hüququ verən qanun layihəsi irəli sürdü. Bu, Yeni Kaledoniyada ağ fransızların səsvermə hüququ alması və seçicilərin sayının kanakların əleyhinə 14 faiz artması demək idi. Adada demoqrafik vəziyyət də yerli əhalinin əleyhinə dəyişir, çünki fransızlar iş üçün bura gəlir və öz ailələrini də gətirirlər. Onilliklərdir davam edən mühacirət prosesi demoqrafiyaya mənfi təsir edib. Məlumatlara görə, adada 300 minə yaxın sakinin 100 minə yaxını yeni gələnlərdir. Gəlmələr Yeni Kaledoniyanın müstəqillik mübarizəsinin əleyhinədir. Makron hökuməti tərəfindən irəli sürülən “səsvermə hüququ” ilə bağlı qanun layihəsi Fransa parlamentində qəbul edikdən sonra adada buna etirazlar başladı, daha sonra Yelisey sarayının əmri ilə ordunun müdaxiləsi qanlı qırğınlarla nəticələndi. Makron güc yolu ilə istədiyinə nail olacağını düşünsə də, nəticə əldə edə bilmədi. Və burada Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə neokolonizmə qarşı apardığı siyasət, Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyəti mühüm rol oynadı. Belə demək mümkünsə, Azərbaycan kanakları tək qoymadı və onları Fransanın blokadasından xilas edərək, azadlıq səslərini dünyaya çatdırdı.
Yeni Kaledoniya və Fransa hökuməti arasında imzalanan müqavilədə qeyd olunur: bütün Yeni Kaledoniya vətəndaşlarının və Kanakidə davamlı əsasda ən azı 15 il yaşayan şəxslərin regional seçkilərdə iştirak edə bilməsi təmin olunacaq.
Bu, kanakların mübarizəyə başlama səbəbi idi və nəticədə onlar istədiklərinə nail oldular.
Yeni Kaledoniyanın yeni hüquqlar qazandığı müqavilədə mühüm məqamlar yer alır. Müqaviləyə əsasən, Yeni Kaledoniya Dövləti yaradılır. Bu, Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan Fransa tərkibində unikal institusional qurum olacaq “Yeni Kaledoniya Dövləti”dir.
2026-ci ilin əvvəlində Yeni Kaledoniyanın təşkilatlanmasına həsr ediləcək fundamental qanunun qəbul edilməsi nəzərdə tutulur. Qəbul rdilməsi planlaşdırılan qanuna əsasən ölkənin kimlik simvolları (ölkənin adı, bayrağı, himni, devizi və s.) dəyişdirilə bilər. Fundamental qanun Yeni Kaledoniya Konqresinin 3/5 üzvü (hazırkı layihəyə əsasən Konqresin üzvlərinin sayı 54-dən 56-yə qalxmışdır) ilə qəbul ediləcək və eyni say ilə dəyişdirilə biləcək. Yeni Kaledoniya Dövləti Fransanın beynəlxalq öhdəliklərinə və fundamental maraqlarına (müdafiə, təhlükəsizlik və millətin həyati maraqları) riayət etməklə diplomatik fəaliyyət apara biləcək. Fransa da öz diplomatik münasibətlərində Yeni Kaledoniyanın maraqlarını (xüsusilə, xarici ticarət məsələlərində) nəzərə almağı, habelə Yeni Kaledoniyanın beynəlxalq təşkilatlarda daha geniş təmsil olunması və onun beynəlxalq inteqrasiyasını dəstəkləməyi üzərinə öhdəlik kimi götürür. Bu kontekstdə Fransa və Yeni Kaledoniya arasında daimi dialoq beynəlxalq mövqelərin ahəngliyinə zəmanət verəcək.
Müqavilədə Yeni Kaledoniya Dövlətinin BMT-də yerə malik olması ilə bağlı bir müddəa mövcud deyil, lakin Fransanın müdafiə sahəsində kompetensiyaya malik olacaq və Yeni Kaledoniya onun icrasına yaxından cəlb ediləcək. Beləliklə, Fransa regiondakı strategiyaları, məqsədləri və fəaliyyətləri barədə Kaledoniya rəsmilərini məlumatlandıracaq. Fransanın Yeni Kaledoniyadakı Silahlı Qüvvələri ada dövlətin ərazi bütövlüyünə və onun əhalisinin qorunmasına zəmanət verir. Könüllü hərbi xidmət bölümü təsis ediləcək. Adaptasiya Edilmiş Hərbi Xidmət Alayının mövcudluğu gücləndiriləcək. Fransanın təhlükəsizlik və ictimai əsayişin qorunması sahəsində kompetensiyaya malik olması və Yeni Kaledoniyanın onun icrasına yaxından cəlb edilməsi də nəzərdə tutulur.
Fransanı, Kaledoniya hökumətini, merləri və adət-ənənə rəsmilərini bir araya gətirəcək Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası təsis ediləcək. Fransa dövlətinin kompetensiyasına riayət etməklə bölgələr özlərinin bölgə polislərini (ictimai asayiş, sanitariya, insanların və malların təhlükəsizliyi, ətraf mühitin qorunması məsələləri) yarada biləcəklər. Fransa dövlətinin kompetensiyasına riayət etməklə Yeni Kaledoniyanın bölgələrində adət-ənənə (adət-ənənələrə hörmət edilməsinə nəzarət) polisləri təsis ediləcək. Fransa dövlətinin müstəsna kompetensiyasına aid sahələrdən (müdafiə, valyuta, təhlükəsizlik və ictimai əsayişin qorunması, ədliyyə və qanuniliyin yoxlanılması) birinin Kanakiyə ötürülməsi də nəzərdə tutulur. Yeni Kaledoniya Konqresi tərəfindən qərar qəbul edilərsə, Fransa və Yeni Kaledoniya Konqresinin xüsusi nümayəndə heyəti arasında işçi qrupu yaradılacaq və bu ötürmənin şərtləri müzakirə olunacaq. Nəticədə tərtib ediləcək müştərək layihə kaledoniyalılar tərəfindən təsdiq ediləcək. Sözügedən səsvermədə bütün kaledoniyalılar iştirak edə biləcək.
Bununla yanaşı, Kaledoniya vətəndaşlığı yaradılacaq. 2026-cı ildən etibarən Kaledoniyalılar ikili vətəndaşlığa malik olacaqlar: Fransa və Kaledoniya. Onlar Avropa vətəndaşlığını da qoruyub-saxlayacaqlar. Fransa vətəndaşlığından imtina Kaledoniya vətəndaşlığından imtina anlamına gələcək.
- Fransa və Yeni Kaledoniya arasında Maliyyə və İqtisadi Bərpaya dair Paktın imzalanması;
- Nikelin istismarı üçün strateji planın tərtib edilməsi;
- Yeni Kaledoniyanın cəmiyyəti (xüsusilə də gənclər) üçün səhiyyə, təhsil, iqtisadiyyat, nəqliyyat, sosial evlər və s. sahələrdə xüsusi ictimai siyasətin aparılması.
Müqavilədə əks olunan bu məsələlərin icrası məqsədilə Fransa baş nazirinin rəhbərliyi altında Fransanın dənizaşırı naziri yanında nazirlərarası missiya fəaliyyət göstərəcək. Yeni Kaledoniyada valyuta vahidi avroya arxalanan Sakit Okean frankı qalır.
Bu razılaşmanın icrası yaradılacaq Nəzarət Komitəsi tərəfindən izləniləcək. Komitə Fransanı və kaledoniyalı siyasi tərəfdaşları birləşdirəcək.
Razılaşmanın icrası ilə bağlı konkret təqvim müəyyən edilib.
- Bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yerli seçkilər 2026-cı ilin iyun ayına təyin edilib. Bu il Fransa Konstitusiyasının Yeni Kaledoniya ilə bağlı bölməsini modifikasiya edəcək konstitusiya qanunu layihəsinin qəbulu nəzərdə tutulur.
- 2026-cı ilin fevral ayında razılaşma təsdiqlənməsi üçün Kaledoniyalılara təqdim ediləcək. Mart ayında bələdiyyə seçkiləri keçiriləcək. Razılaşma Kaledoniyalılar tərəfindən təsdiqlənərsə, mart-aprel aylarında razılaşmanın icrası üçün xüsusi orqanik qanun qəbul ediləcək. İyunda isə regional seçkilər keçiriləcək.
Razılaşmada bir sıra məqamlar xüsusilə önəmlidir.
Birincisi, sənədə əsasən Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır.
İkincisi, Fransa prezidenti Emanuel Makronun danışıqlarda şəxsən iştirak etməsidir. Bu, Fransanın Yeni Kaledoniyanı tərəf kimi qəbul etməsi deməkdir.
Bu, Yeni Kaledoniya üçün tarixi uğurdur. İndi əsas məsələ razılaşmanın praktiki müstəvidə icrasına nail olmaqdır. Bunun çətinlikləri də var. Həm müstəqillik tərəfdarları, həm də əleyhdarlar tərəfindən etiraf olunur ki, layihənin Yeni Kaledoniyada həyata keçirlməsi asan olmayacaq. Hərçənd, burada ən önəmli məqamlardan biri Yeni Kaledoniyanın yeni “unikal statusu”nun digər ərazilər (məsələn uzun müddətdir ki, öz statusunu dəyişməyə cəhd edən Korsika) üçün presedent ola biləcəyidir. Bu razılaşma Fransa Konstitusiyasının “toxunulmazlığı”na (Fransa rəsmilərinin Konstitusiyanın modifikasiya edilməməsi tezisinə) son qoydu. Bu da əsas məqamlar arasındadır.
XXI əsrdə neokolonizm siyasəti ciddi zərbə aldı və dünyanın gələcəyi üçün tarixi əhəmiyyət daşıyan bu prosesə Azərbaycan mühüm töhfə verdi.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta