İtaliyanın “Fiorentina” klubu yaxın günlərdə “Barselona”nın gənc müdafiəçisi Eman Koşponu heyətinə qatacaq.
90deqiqe.Az-ın məlumatına görə, transferin məbləği bir milyon avrodan bir qədər aşağı olacaq. Əlavə olaraq, müqaviləyə gələcək satışdan faiz ödənilməsi bəndi də daxil edilib. Bildirilir ki, “Fiorentina” 18 yaşlı mərkəz müdafiəçisini uzun müddət idi ki, izləyirdi və artıq transfer üçün son sənədləşmə işləri aparılır.
İsveçrə vətəndaşı olan, bosniyalı köklərə malik Koşpo hələ “Barselona”nın əsas komandasında debüt etməyib. O, ötən mövsüm Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edib və UEFA Gənclər Liqasında 8 matçda forma geyinib.