Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə o, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kızılcahamamda keçirilən toplantısında danışıb.
Ərdoğan qeyd edib ki, Türkiyənin önündə yeni bir dövrün qapıları açılır.
“Terror bəlasından xilas olmağa çox yaxınlaşmışıq. Cümə günü keçirilən mərasim bu baxımdan xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib və "Terrorsuz Türkiyə" konsepsiyası altında həyata keçirilən prosesin əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan çıxışı zamanı ictimai tənqidlərə açıq olduqlarını, lakin bunların xalqın xeyrinə olmasının vacibliyini bildirib.
O, həmçinin bu yeni mərhələdə təkcə AK Parti, Milliyyətçi Hərəkat Partiyası (MHP) və DEM Partiyasının deyil, bütün siyasi partiyaların üzərinə məsuliyyət düşdüyünü qeyd edib:
“Bu yeni dövr AK Partiyaya, MHP-yə, DEM Partiyaya deyil, bütün siyasi partilərə mühüm məsuliyyətlər yükləyir. Biz üç partiya olaraq bu prosesi sonuna qədər aparmaqda qərarlıyıq.”