AZ

Kənd Təsərrüfatı Nazirliyində “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nazirliyin Mərkəzi Aparatı və tabeli qurumlarının məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə nazirliyin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” mövzusunda tədbir başlayıb. Tədbirdən əvvəl Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın ictimai-siyasi və iqtisadi həyatında yeni bir dövrün başlanğıcı olub. Nazir Məcnun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev XX əsrin 70-80-ci illərində fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş Sovet İttifaqının geridə qalan aqrar respublikasından ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən ölkəsinə çevirib. Nazir vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi və idarəçilik prinsipləri bu gün də ölkəmizin davamlı yüksəlişinin ideoloji-siyasi əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında böyük nailiyyətlər əldə edir.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolundan, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə əldə edilən nailiyyətlərdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi ,aqrar sahədə də ciddi uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib, partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman verilib.

Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunan gənc əməkdaşlar partiyanın ideoloji prinsip və dəyərlərinə sadiq qalacaqlarını, dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib, xatirə fotosu çəkilib.

 

 

Seçilən
15
50
azertag.az

10Mənbələr