Ajans.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 10.1.1-ci, 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci, 14.6-cı, 20.1-ci, 23.3-cü, 26.1-ci, 26.2-ci və 26.3-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 20.1-ci və 26.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Qanunun 10.1.1-ci, 14.6-cı və 23.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci və 26.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur; 1.6. həmin Qanunun 26.1-ci və 26.3-cü (üçüncü halda) maddələrində “orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur; 1.7. həmin Qanunun 6.1-ci maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə uyğun olaraq, istilik enerjisindən istifadə qaydalarını; 2.1.2. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları; 2.1.3. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri; 2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Energetika Nazirliyi: 3.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsinə uyğun olaraq, aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 3.1.1. istilik qurğularının quraşdırılması qaydalarını; 3.1.2. istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını; 3.1.3. istilik qurğularının texniki istismar qaydalarını; 3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 4. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı: 4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin; 4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.