Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldırıb.
O bildirib ki, R.Səfərov istintaq təcridxanasına daxil olarkən aparılan müayinənin nəticəsi məhkəməyə təqdim edilsin. Vəkilin vəsatəti təmin edilib.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda göstərilib ki, R.Səfərov Novxanıda bağ satmaq üçün zərərçəkəndən 60 min manatdan çox pul alsa da, vədinə əməl etməyib. Buna görə zərərçəkən Natiq İmanquliyev onunla görüşüb. Görüş zamanı hüquq müdafiəçisi ona xəsarət yetirib.
Prosesdə ittihamı qəbul etməyən R.Səfərov deyib ki, Novxanıdakı torpağın bir qismini N.İmanquliyevə satıb. O, torpağın qalan 6 sotunu da Rüfətdən istəyib, R.Səfərovun ailəsi isə qalan torpağı satmayıb.
Növbəti məhkəmə prosesi sentyabrın 8-də davam edəcək.
Qeyd edək ki, Rüfət Səfərov ötən il dekabrın 3-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media