AZ

Azərbaycan-Suriya: qlobal xarici siyasətin daha bir uğuru

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycanın xarici siyasət tarixində yeni səhifənin açılmasının əsasını qoydu. Bu səfər rəsmi Bakının Yaxın Şərq regionu istiqamətində atdığı növbəti uğurlu diplomatik addımdır. 

Azərbaycan siyasi sistemindən tutmuş iqtisadiyyatı və sosial həyatı yenidən qurulan Suriya ilə münasibətləri daha da dərinləşdirməklə özünün orta güc statusuna əbəs yerə yiyələnmədiyini nümayiş etdirir. Azərbaycan təsir arealı sarıdan yerləşdiyi bölgənin hüdudlarını çoxdan aşıb. Dünyanın sabitlik, təhlükəsizlik və siyasi oriyentirlərinin tez-tez dəyişməsi baxımından ən kritik nöqtələrindən olan Yaxın Şərqdə möhkəmlənməsi Bakının yeni dünya nizamının formalaşması prosesində aktiv qlobal iştirakının göstəricisidir. 

İslam dünyası ilə həmrəyliyin növbəti təzahürü

Azərbaycanın Suriya ilə təmaslarını intensivləşdirməsi yürüdülən çoxqütblü xarici siyasətin əlamətlərindən biri olmaqla yanaşı, strateji müttəfiqimiz - qardaş Türkiyə ilə birgə tədbirlər və addımlar konsepsiyasının ruhuna cavab verir. Rəsmi Ankara Dəməşqin sabit və təhlükəsiz müqəddəratında maraqlıdır, ən azı o baxımdan ki, bu gün Suriyanı təmsil edən siyasi qüvvələr qardaş dövlətlə sıx münasibətlərə malikdir. Suriyada baş verən dəyişikliklər və keçmiş prezident Bəşər Əsədin despotik siyasi hakimiyyətinin tarixə qovuşması qardaş Türkiyənin ən böyük siyasi uğurlarından biridir. İndi Suriyada dövlət idarəetmə aparatının, milli təhlükəsizlik və ordu quruculuğu sahələrinin yenidən qurulması və iqtisadiyyatın bərpası kimi amillərdə rəsmi Ankaranın intensiv və fəal iştirakı mövcuddur. Azərbaycanın da bu prosesə qoşulması Bakı-Ankara strateji münasibətlərinin ruhuna cavab verməklə yanaşı, dövlətimizin Yaxın Şərqdə və islam dünyasındakı nüfuzunun yüksəlməsinə təsir edən mühüm amillərdən birinə çevrilir.

Bakı-Dəməşq münasibətlərinin yenidən qurulması istiqamətində ilk addım bu il aprelin 11-də Türkiyədə - IV Antalya Diplomatik Forumu çərçivəsində Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə atılıb. Həmin görüşdə tərəflər arasında münasibətlər və qarşılıqlı əlaqələrin qurulması prosesinin sürətləndirilməsi ilə bağlı qərar qəbul olunub. Bu görüşün ardınca Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri gerçəkləşib. 

Azərbaycan həmçinin Suriyada izlənən mürəkkəb humanitar vəziyyət baxımından bu ölkəyə yardım göstərən ilk dövlətlərdən biridir. Rəsmi Bakının bu addımı aksiya olmaqla yanaşı, həm də dövlətimizin növbəti dəfə islam həmrəyliyi prinsipinə sadiqliyinin nümayişidir.

Yeni dünya nizamında Azərbaycanın yeri və rolu 

Qarşıdakı dövrdə Azərbaycan-Suriya münasibətlərinin bir neçə istiqamətli kompleks məsələlər ətrafında inkişaf edəcəyini proqnozlaşdırmaq çətin deyil. Azərbaycan uzun müddətdən sonra daha bir dövlətlə xoş münasibətlərin əsasını qoymaqla müttəfiqlərinin sayını artırmış olur. Suriya islam aləminin təmsilçisi olsa da, keçmiş rejimin geosiyasi oriyentirləri müsəlman həmrəyliyi prinsiplərindən çox uzaq idi. Bəşər Əsər Suriyası özünün antitürk mahiyyəti etibarilə qardaş Türkiyəyə qarşı mənfi ruhda köklənməklə yanaşı, Azərbaycana qarşı da xoşagəlməz məzmunlu münasibət bəsləyirdi. Keçmiş Suriya uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanla müttəfiqlik münasibətlərində idi. Ölkədə xeyli sayda erməni terror mahiyyətli ünsürlərin azad fəaliyyətinə hər cür dəstək verilib. Əsədin 44 günlük Vətən müharibəsi günlərində İrəvanın mövqeyini müdafiə edən addımlar atmasını hər bir azərbaycanlı xatırlayır. Bu baxımdan hakimiyyətə yeni qüvvələrin gəlməsi və Azərbaycanla xoş münasibətlərə can atması dövlətimizin maraqlarına və xarici siyasət konsepsiyasına tam cavab verir.

Azərbaycanın yeni Suriyanın quruculuğu prosesinə qoşulması şübhəsiz ki, iqtisadi dividendlərin əldə edilməsi ilə yanaşı, həm də yeni dünya nizamının formalaşması prosesində iştirak baxımından siyasi qazancların əldə edilməsi deməkdir. Bu ilin əvvəlində yerli telekanallara verdiyi müsahibədə Prezident İlham Əliyev dövlətimizin yeni dünya nizamı prosesindən konkret gözləntiləri olduğunu bildirib. Ötən müddət ərzində rəsmi Bakının atdığı bir sıra addımlar məhz bu qlobal geosiyasi dəyişikliklərin təzahürünə cavab verir: Yaxın Şərqdəki proseslərdə iştirak, Azərbaycan-Türkiyə-Pakistan strateji üçbucağının formalaşdırılması və regionun əsas geosiyasi təsir amillərindən birinə çevrilməsi, ölkəmizin edilən təşəbbüslərlə türk dünyasında liderlik mövqeyinə yiyələnməsi, Ermənistanla münasibətlərin tənzimlənməsi və yekun sülh sazişinin imzalanması istiqamətində vasitəçilərsiz prosesin həyata keçirilməsi, Çinlə strateji tərəfdaşlığın əsaslarının yaradılması və Bakının qlobal proseslərdə, məsələn, Ankara-Təl-Əviv münasibətlərinin tənzimlənməsində vasitəçi qismində iştirakının sürətlənməsi. Bütün bu addımlar Azərbaycanı nəinki postsovet məkanında, eləcə də türk dünyası və müsəlman aləmini əhatə edən böyük coğrafiyada ən fəal siyasi iştirakçılardan birinə çevirir. 

Yaxın Şərqdə sülh prosesinə töhfə

Azərbaycanın Yaxın Şərq kimi zəngin bir bölgəyə nüfuz etməsi sabitliyin bərqərar olması prosesinə öz pozitiv töhfəsini verə bilər. Suriya və Fələstin tarixən bu bölgənin ən qeyri-sabit əraziləri olublar. Bu baxımdan Dəməşqdəki hakimiyyət dəyişikliyi qonşu Fələstində də sülhün bərqərar olmasında mühüm rol oynaya bilər. Hazırda Dəməşqlə Təl-Əviv arasında münasibətlərin normal səviyyəyə qalxması istiqamətində intensiv proseslər müşahidə olunur və belə görünür ki, Azərbaycan burada ciddi rol oynaya biləcək əsas geosiyasi aktorlardan biri kimi qəbul edilir. Suriya liderinin Bakıya səfəri ilə paralel Azərbaycanın bu ölkənin İsraillə münasibətlərini normallaşdırması prosesində bir vasitəçi kimi çıxış etməsinin mümkünlüyü barədə ehtimallar səslənməyə başladı. Bakının Təl-Əvivlə xoş münasibətləri dövlətimizi İsraillə müsəlman aləmi arasında mühüm geosiyasi körpüyə və qlobal moderatora çevirir. Ən azı o baxımdan ki, ötən müddət ərzində rəsmi Bakının Ankara-Təl-Əviv əlaqələrinin bərpası istiqamətində atdığı uğurlu addımlar Yaxın Şərqdə sülh prosesinə öz töhfəsini verib. 

Azərbaycanın İsraillə strateji əlaqələri dövlətimizin təkcə sözügedən bölgədə deyil, bütövlükdə bütün dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edir. Məsələn, ABŞ-dəki Donald Tramp hakimiyyəti bu təzahürü olduqca yüksək qiymətləndirir. Çünki rəsmi Bakının bu kursu Trampın dünyadakı münaqişələrin həlli konsepsiyası ilə bir geosiyasi harmoniya təşkil edir. 

Bu ilin əvvəlində hətta ABŞ-nin nüfuzlu yəhudi təşkilatları və ravvinləri D.Trampa müraciət edərək Azərbaycanın Avraam razılaşmasına qoşulması və İsrailin islam dünyasının təmsilçiləri ilə əlaqələrinin normallaşması prosesində Bakının iştirakına dəstək göstərməsini xahiş etmişlər. Sözügedən razılaşma yəhudi dövləti ilə ərəb-müsəlman dünyası üzvlərinin arasındakı nifaqın qaldırılması, habelə ədavəti inkar edən münasibətlərin qurulmasını ehtiva edir və Trampın ilk hakimiyyəti dövründə Vaşinqtonun ən böyük xarici siyasət uğurlarından biri sayılır. Azərbaycanın bu prosesdə vasitəçiliyi Bakının qlobal xarici siyasət oyunçusu olduğunun qəbulu deməkdir. Bu baxımdan Suriya liderinin Bakıya səfəri yalnız ikitərəfli münasibətlər deyil, həm də Yaxın Şərqdə möhkəm sülhün bərqərar edilməsi istiqamətində atılmış addımdır. Belə görünür ki, yaxın aylar ərzində dünya Azərbaycanın bu yöndə səmərəli nailiyyətlər əldə edəcəyinin şahidi olacaq. 

Yeni iqtisadi perspektivlər

Azərbaycanın Suriyanın yeni hökuməti ilə münasibətləri qarşılıqlı faydalı hədəflərə yönəlmiş iqtisadi əlaqələrin qurulmasını nəzərdə tutur. Hadisələrin gedişi göstərir ki, Dəməşq fəal surətdə Ankara və Bakının aparıcı benefisiarları olduğu regional iqtisadi arxitekturanın fəal iştirakçısı olmaq niyyətindədir. Qardaş Türkiyə dövləti və şirkətləri hazırda Suriyanın quruculuğu prosesində iştirak edirlər. Bu, Azərbaycanın da dövlət və özəl biznesinə əlverişli imkanlar yaradır. Ölkəmizin iqtisadiyyatın ən müxtəlif sahələrində fəaliyyətlə bağlı zəngin təcrübəsi var - neft hasilatından tutmuş inşaat sektoru, kənd təsərrüfatı və sənayeyədək. 

Suriya ilə iqtisadi təmaslar müstəvisində ən mühüm istiqamət təbii ki, enerji sektorudur. Əsəd rejiminin mürtəce və özünütəcrid siyasəti onunla nəticələnib ki, Suriya uzun müddət ərzində sanksiya və iqtisadi tənəzzül dövrünü yaşamalı olub. Bu böhranlı vəziyyətdə iqtisadiyyatın əksər sahələri, o cümlədən enerji sektoru da sıradan çıxıb. Azərbaycan bu istiqamətdə Suriya ilə məhsuldar tərəfdaşlıq qura bilər və belə görünür ki, bu prosesə artıq start verilib. İlkin məlumatlara görə, Bakı Türkiyə üzərindən Dəməşqi mavi yanacaqla təmin edəcək. 

Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onlar əsasən Avropa təmsilçiləridir. Azərbaycanın Suriyanı qazla təchiz etməsi bizim üçün yeni ixrac coğrafiyası açır. Söhbət heç də təkcə Suriyadan getmir. Bu ölkə bizim üçün böyük bölgəyə bir körpü rolunu oynaya bilər. Suriya  həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynamaqla ciddi iqtisadi dividendlər qazanar. Suriyanın İordaniya ilə müştərək qaz kəməri var. Onun təmiri Azərbaycan qazının hətta Misirədək ixrac potensialını artıra bilər. Bu şəbəkəyə ölkəmizin yaxın illərdə "yaşıl enerji" ixracatçısı amilini də əlavə etsək, Bakının qarşısında Yaxın Şərqi elektrik enerjisi ilə təmin edə biləcək qlobal aktor olmaq perspektivlərinin açıldığını söyləmək olar. 

Beləliklə, Yaxın Şərq Azərbaycanın şaxələnən xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Çin, Avropa, türk dünyası, ABŞ ilə yanaşı, bu regional təmaslar da dövlətimizin dünya arenasındakı mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Suriya ilə münasibətlərin qurulması fonunda bu reallıq Azərbaycana siyasi güc və nüfuza sahib olduğunu göstərməklə yanaşı, həm də gerçək iqtisadi qazanc gətirə biləcək üfüqlər açır.

İradə ƏLİYEVA,

"Azərbaycan" 

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr