Respondentlərin əksəriyyəti miqrasiya siyasətinin sərtləşdirilməsini dəstəkləyir…
Rusiyada aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 3%-i miqrantların ölkə iqtisadiyyatının inkişafı üçün faydalı olduğunu düşünür.
Poliqon xəbər verir ki, bu barədə Новости Mail tərəfindən keçirilmiş sorğunun nəticələri “Газета.Ru” tərəfindən yayımlanıb.
Respondentlərə miqrantlarla bağlı razı olduqları fikri seçmək təklif olunub. Sorğuda iştirak edənlərin 40%-i miqrant axını səbəbilə cəmiyyətdə gərginliyin artdığını bildirib. Demək olar ki, hər dörd nəfərdən biri (23%) isə miqrantların Rusiya qanunlarına əməl etməli olduğunu vurğulayıb.
Bundan əlavə, 22% respondent miqrasiyanın məktəblərə, səhiyyə sisteminə və infrastruktur sahələrinə əlavə yük yaratdığını qeyd edib.
Eyni zamanda, rusiyalıların 15%-i miqrantların ölkədə mövcudluğunu müsbət qiymətləndirib. Onların 12%-i “Əgər insan özünü düzgün aparırsa, onun haradan gəldiyi əhəmiyyətli deyil” fikrini seçib, 3%-i isə miqrantların yerli vətəndaşların maraq göstərmədiyi boş iş yerlərini dolduraraq iqtisadiyyata fayda verdiyini bildirib.
Respondentlərin böyük əksəriyyəti (91%) hesab edir ki, Rusiyada qanunsuz yaşayan xarici vətəndaşların hüquq və azadlıqları tam şəkildə məhdudlaşdırılmalıdır. Həmçinin, 61% sorğu iştirakçısı dövlətin miqrantlara rus dili öyrənməkdə kömək etməməli olduğunu və bunun üçün onların öz vəsaitlərindən istifadə etməli olduğunu düşünür.
Qeyd edək ki, 11 iyulda Dövlət Dumasının deputatı Sardanə Avksentyeva Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayaraq, miqrantların Rusiya vətəndaşlığı alması üçün yeni şərtin tətbiq olunmasını təklif edib. Təklifə əsasən, miqrantlar ölkədə yaşadıqları müddət ərzində ən azı 10 milyon rubl məbləğində vergi ödəməlidirlər.
Poliqon.info