"Diplomatiyaya şans, yoxsa təzyiq aləti?.."
ABŞ Senatında Rusiyaya və onun iqtisadi tərəfdaşlarına qarşı nəzərdə tutulmuş ən sərt sanksiya paketi - Qrem və Blumental qanun layihəsi hazırda dondurulub.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu qərarın arxasında prezident Donald Trampın 50 günlük sülh ultimatumuna üstünlük verilməsi dayanır. Senatın çoxluq lideri Con Tün bildirib ki, Tramp bu məsələdə birbaşa və təkbaşına irəliləmək niyyətindədir və bu səbəbdən qanun layihəsinin icrası təxirə salınıb.
Qanun layihəsinin mahiyyəti
Respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumental tərəfindən irəli sürülən "2025-ci il üçün Rusiyaya sanksiyalar haqqında akt" adlı layihə bugünə qədər təklif olunmuş ən sərt iqtisadi məhdudiyyətləri nəzərdə tutur. Qanuna əsasən:
Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələr, xüsusilə Çin, Hindistan və Braziliya 500 faizədək gömrük rüsumları ilə cəzalandırılacaq. Bu ölkələrin Rusiya nefti, qazı və uranını alması, Putinin müharibə maşınına dolayı yolla dəstək kimi qiymətləndirilir.
Sanksiyalar yalnız ikincili deyil, həm də birbaşa Rusiya oliqarxlarına, bank sektoruna və enerji şirkətlərinə qarşı aktivlərin dondurulması və əməliyyatların qadağan edilməsi formasında nəzərdə tutulub. Qanun prezidentə gömrük tariflərini öz qərarı ilə artırmaq səlahiyyəti də verir.
Trampın rolu və yeni prioritetlər
Prezident Trampın NATO baş katibi Mark Rütte ilə görüşü zamanı verdiyi bəyanata görə, o, Rusiyaya qarşı təzyiqlərin artmasında daha çevik yanaşma sərgiləmək istəyir. Tramp deyib: "Əgər 50 gün ərzində Rusiya Ukrayna ilə sülhə gəlməsə, ikincili gömrük tarifləri tətbiq ediləcək. Bu, çox güclü alətdir". Başlanğıcda 500 faiz rüsumdan danışan Tramp sonradan bildirib ki, 100 faizlik tarif də eyni təsiri göstərəcək və bu yanaşma daha balanslıdır.
Çin və ABŞ arasında ticarət müharibəsi
Bu proses eyni zamanda ABŞ-Çin ticarət qarşıdurmasının yeni fazasına təsadüf edir. Tramp Çindən gətirilən məhsullara artıq 104 faizik yeni tariflər tətbiq edib. Çin isə cavab olaraq ABŞ məhsullarına 34 faizlik gömrük rüsumları tətbiq etsə də, bəzi sahələrdə (dərman, tekstil və mikrosxemlər) güzəştə gedib. Tramp isə bəyan edib ki, Çinə qarşı tariflər 125 faizədək arta bilər, çünki "onlar dünya bazarlarına hörmət göstərmir".
Diplomatik pəncərə açılır
Senat hazırda gözləmə mövqeyindədir. Qanun layihəsi gündəlikdən çıxarılmasa da, onun müzakirəsi yay fasiləsinədək dayandırılıb. Respublikaçılar və demokratlar bildirir ki, bu qanun layihəsinin məqsədi Çin, Hindistan və Braziliyanı cəzalandırmaq deyil, əsas hədəf Putini danışıqlar masasına oturtmaqdır. Tramp diplomatiyaya son bir şans verir. Amma bu şans uğursuz olarsa, siyasi çəkisi və iqtisadi gücü olan qanun layihəsi yenidən aktivləşdirilə bilər və bu dəfə güzəşt olmayacaq.