"ABŞ rəhbərliyindən daha sərt, İran nümunəsinə bənzər bir yanaşma gözlənilir..."
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı mümkün ticarət sanksiyaları barədə açıqlamaları maliyyə bazarlarında gözlənilən effekti yaratmayıb. Əksinə, rubl və Rusiya səhmləri dəyər qazanıb, neftin qiyməti isə azalıb. Bu isə o deməkdir ki, investorlar Trampın təhdidlərinə tam ciddi yanaşmır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyinin analitik-yazarı Hüqo Dikson hesab edir ki, Trampın administrasiyası ikinci dərəcəli sanksiyalar olmadan da Kremlə təsir edə bilər. O, yazır: "Trampın Moskvanın illik 160 milyard dollarlıq enerji gəlirlərini azaltmaq üçün ikinci dərəcəli tariflərə ehtiyacı yoxdur".
Sərt yox, ağıllı diplomatiya
Dikson radikal tədbirlər əvəzinə daha çevik və realist diplomatik strategiya təklif edir. O, hesab edir ki, Vaşinqton Hindistanı Rusiya neftindən imtina etməyə inandıra bilər və eyni zamanda, Səudiyyə Ərəbistanını hasilatı artırmağa təşviq edərək bazarda qiymət şokunun qarşısını ala bilər. "ABŞ-ın əlində Dehli və Ankara ilə daha sərfəli enerji təchizatı razılaşmalarına nail olmaq üçün geniş diplomatik resurslar var", - o, vurğulayır.
Kölgədə qalan gəmilərə qarşı sanksiya və qiymət tavanı
Avropa İttifaqı artıq Rusiya nefti üçün alış qiyməti tavanını bir barrel üçün 47,6 dollara endirib. Diksonun fikrincə, əgər Hindistan və Türkiyə Rusiya neftindən imtina etsə, bu məhdudiyyət daha da sərtləşdirilərək 40 dollara qədər salına bilər. Bununla yanaşı, o, Rusiyanın neft daşımalarında istifadə etdiyi "kölgə donanması" adlandırılan gəmilərə qarşı sərt sanksiyaların tətbiq olunmasını təklif edir. Bu addım qiymət tavanına nəzarəti xeyli gücləndirə bilər.
Təkcə pul kifayət etməyəcək
"Putin bərkgedəndir və təkcə onun büdcəsini zəiflətmək kifayət etməyə bilər", - Dikson xəbərdarlıq edir. O əlavə edir ki, əgər ABŞ Ukraynaya silah təchizatını artırarsa və Avropa Birliyi Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq aktivlərini işə salarsa, Kreml özünü real təzyiq altında hiss edə bilər.
Trampın Putinə "oyunun sonudur" mesajı
Trampın yaxın müttəfiqlərindən olan senator Lindsi Qrem də Kremlin ünvanına sərt bəyanatla çıxış edib. O, bildirib ki, əgər Putin Trampın irəli sürdüyü şərtlərlə razılaşmasa və Ukrayna ilə sülhə gəlməsə, ciddi nəticələrlə üzləşəcək. "Putin, sənin növbən çatır. Donald Tramp Amerikanın xarici siyasətində Skotti Şefflerdir və sənə layiqli dərs verməyə hazırlaşır", - Qrem ironik şəkildə qeyd edib.
Bununla belə, Qərb mediasında skeptik yanaşmalar da mövcuddur. "The Telegraph" nəşri qeyd edir ki, Trampın ultimatumları Kremldə hələlik ciddi qarşılanmayıb və ABŞ rəhbərliyindən daha sərt, İran nümunəsinə bənzər bir yanaşma gözlənilir.