Olaylar.az xəbər verir ki, 9 il əvvəl, 2016-cı ilin həmin gecəsində FETÖ-yə bağlı hərbi qüvvələr tərəfindən dövlət çevrilişinə cəhd edilib. Çevriliş zamanı 35 hərbi təyyarə, 37 helikopter, 246 zirehli texnika (74 tank daxil olmaqla) və minlərlə yüngül silah istifadə olunub. Təxminən 9 min hərbçi bu qanunsuz prosesə cəlb edilmişdi.
Qanlı gecədə 265 nəfər həyatını itirib, 2800-dən çox insan yaralanıb. Onlardan 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.
Türkiyə xalqı və dövlət strukturları Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çevrilişə qarşı qətiyyətli mövqe sərgiləyərək, demokratik quruluşu qorumağı bacarıb. Hadisə FETÖ-nün dövlətin içində illərlə qurduğu gizli şəbəkəni tam şəkildə ifşa edib.
Çevriliş cəhdinin qarşısı alındıqdan sonra Boğaziçi körpüsünün adı "15 İyul Şəhidlər Körpüsü" olaraq dəyişdirilib və Ankarada "15 İyul Şəhidləri Abidəsi" ucaldılıb.
2016-cı ildən bəri 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi rəsmi şəkildə qeyd olunur.