Ramin Məmmədov: “Media və din ayrı-ayrılıqdacəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır”
Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilənkonfransda Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Milli mətbuatın 150 illik yubileyi münasibətilə media mənsublarını təbrik edib.
R. Məmmədov çıxışında bildirib: “Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan institusional islahatlar medianın güclənməsinə yönəlmiş dövlət siyasətinin təzahürüdür.
Dövlətin mediaya davamlı dəstəyi nəticə etibariləinformasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. İnformasiya təhlükəsizliyi isə kifayət qədər geniş, olduqca mürəkkəb struktura malik, özündə çoxsaylı çağırışları ehtiva edən xüsusi bir sahədir. Onun vacib komponentlərindən biri də cəmiyyətdə dini-ideoloji zəmində qütbləşmə yaratmaq cəhdlərinə qarşı bürokratik tədbirlərin görülməsi və ictimai müqavimətin formalaşdırılmasıdır”.
R.Məmmədov qeyd edib ki, Azərbaycan öz tarixi, dini və mədəni köklərinə bağlı, eyni zamanda dünyəvi dövlət modelinə sadiq ölkədir. “Bu gün respublikamızda dini durum sabit və sağlamdır. Bizim ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilən dövlət-din münasibətləri modelinin əsasını təşkil edir.
Azərbaycanda bir-birinin qonşuluğunda yerləşən məscidlər, kilsələr və sinaqoqlar birgəyaşayışın, qarşılıqlı hörmətin və multikultural dəyərlərimizin nümunələridir. Tolerantlıq Azərbaycanın milli sərvəti,xalqımızın mədəni yaddaşının bir hissəsidir. Media bu dəyərli sərvətin qorunması, dinin siyasiləşdirilməsinin, müxtəlif dairələr tərəfindən fərqli məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasında mühüm rol oynayır.
Çünki müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Təəssüflə qeyd etməliyik ki, bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur”.
R.Məmmədov vurğulayıb ki, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır: “Məqsəd təkcə dövlətimizə, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyətimilli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır.
Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda yeni risklər gətirir. Bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib. İndi bizim cavab verməli olduğumuz ən vacib sual bundan ibarətdir: bu çağırışlara hazırıqmı?
belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur.
Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların,dövlətlərin əlində ideoloji silaha çevrilərək, müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir.Belə məqamlarda medianın ictimai və dövlət mənafelərini qorumağı hədəfləyən fəaliyyəti cəmiyyətdə dini harmoniyanı, həmrəyliyi, konsensusu təmin etməyə mühüm töhfə verir”.
Dövlət Komitəsinin sədri bildirib ki, məlumatlandırmaq, maarifçilik, ictimai rəyə təsir kimi funksiyaları yerinə yetirən medianın ən böyük missiyası mənəvi-əxlaqi dəyərlər sisteminin formalaşmasında iştirak etməsidir. “Din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir. Məhz buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur.
Media və din ayrı-ayrılıqdacəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır.Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Bu mənada məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan mətbuatında dini mövzulara münasibətdə emosional yanaşma deyil, elmi, hüquqi və ictimai məsuliyyətə əsaslanan obyektivlik əsas meyar kimi çıxış edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq biz medianı hər zaman tərəfdaşımız kimi qəbul edir, açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürürük. İnanırıq ki, sizlərin dəstəyi ilə milli dəyərlərimizin qorunması, cəmiyyətimizdə ideoloji sabitliyin möhkəmləndirilməsi istiqamətində daha çox iş görmək mümkündür.
Ən böyük üstünlüyümüz ondan ibarətdir ki, dini etiqadından, etnik mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarımızı vahid ideya və amal uğrunda səfərbər edə biləcək, hər birimizin hüquqlarını qorumağa qadir güclü dövlətimiz var. Dinimiz, ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, söz azadlığı, dini etiqad azadlığı kimi fundamental hüquqlar bizim üçün son dərəcə mühümdür.
Lakin onların hər birini qorumaq, təmin etmək üçün hamımızın hər zaman ehtiyac duyduğumuz daha bir ali dəyər var – dövlətimiz. Bizim yaxşı din xadimi, peşəkar jurnalist, çalışqan məmur və ya başqa bir ixtisas sahibi olmaqla bərabər həm də vətəndaş kimliyimiz var. Bu mənada düşünürük ki, konfransdakı müzakirələr söz və vicdan azadlığı ilə vətəndaş məsuliyyəti arasında çox incə xətti müəyyən edən faydalı ideya və təklifləri dinləmək imkanı verəcək.
Hər birinizdən müzakirələrdə fəal olmağı xahiş edir, konfransın işinə uğurlar arzulayıram”-deyə Dövlət Komitəsi sədri bildirib.
İradə SARIYEVA