AZ

SON DƏQİQƏ! MƏNZİL almaq istəyənlərin NƏZƏRİNƏ 

Mənzil almaq nə üçün bu qədər çətindir? Mənzil sahibi olmaq istənilən ailənin ən böyük arzularından biridir. Xüsusilə də paytaxt Bakıda və Bakıətrafı ərazilərdə bu arzu hər ötən gün daha da əlçatmaz görünür. Artan qiymətlər, sərt ipoteka şərtləri və yüksək ilkin ödəniş tələbləri bir çox insanın bu arzusunu gerçəkləşdirməsini əngəlləyir.


Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Referans-a açıqlamasında bildirib ki, son 5 ildə daşınmaz əmlak bazarında qiymətlər təxminən *60%* artıb. Bu isə ipoteka yolu ilə belə mənzil əldə etməyi çətinləşdirir. Qiymətlər artdıqca, mənzil sahibi olmaq daha da əlçatmaz olur. İpoteka ilə alsanız belə, aylıq ödənişlər və ilkin ödənişlər o qədər yüksəkdir ki, vətəndaş ömrü boyu ciddi maliyyə yükü altında qalır. Bu, artıq sosial və psixoloji bir problemə çevrilir.


Bəs çıxış yolu nədir? 


Ekspert bu sahədə vəziyyətin yaxşılaşması üçün bir sıra islahatlara ehtiyac olduğunu qeyd edib. O bildirib ki, ilkin ödəniş faizinin azaldılması, aylıq ödənişlərin gəlir səviyyəsinə uyğun tənzimlənməsi,  gənclər və aztəminatlı ailələr üçün xüsusi güzəştli ipoteka mexanizmləri vacibdir. Həmçinin daha çox dövlət dəstəyi ilə sosial mənzil layihələrinin həyata keçirilməsi, tikinti sektorunda rəqabətin artırılması və kütləvi inşaatın təşviqi də zəruridir.




Elnur Azadovun fikrincə, yalnız bu hallarda ortastatistik gəlirə sahib olan vətəndaşlar da mənzil bazarında yer ala bilərlər. Əks halda, ipoteka yalnız kağız üzərində “əlçatan imkan” olaraq qalacaq. Hətta ipoteka götürmək belə çıxış yolu sayılmır. Çünki yüksək ilkin ödəniş və ağır aylıq kredit ödənişləri bir çox insan üçün həyat planlarını dəyişməyə məcbur edir. Əldə edilən ev — rahatlıq deyil, illərlə ödəniləcək bir yükə çevrilir. Ekspertlər xəbərdarlıq edir: bu gedişlə gənclər ya ailə qurmaqdan imtina edəcək, ya da ölkəni tərk edəcək. Çünki ipoteka faizləri yüksək, mənzil qiymətləri isə real gəlirlərlə uzlaşmır.

Çıxış yolu varmı? Bəli — ölkədə kütləvi tikinti bumu olmalıdır. 2000-ci illərin əvvəllərində olduğu kimi.


"O zaman həm iş yerləri çox idi, həm iqtisadiyyat stabil, həm də ev almaq hər kəs üçün real bir məqsəd idi. Bu gün isə tikinti şirkətləri daha çox qazanc üçün qiymətləri yüksəldir, bazarda isə rəqabət zəifləyib. Nəticədə daşınmaz əmlak sektoru iqtisadiyyatın digər sahələrini də boğur",- deyə ekspert qeyd edib.


Gülgəz Qədirova

Referans

Seçilən
35
referans.az

1Mənbələr