“Səbail”in qapıçısı Hüseynəli Quliyev bundan sonra Premyer Liqasının yeni iştirakçısı “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “İmişli”nin mətbuat xidməti məlumat yayıb.
Əyalət klubu 25 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Hüseynəli Quliyev daha öncə “Sabah” və “Sumqayıt”da çıxış edib. O, 2022-ci ildən “Səbail”in sıralarında idi. O, paytaxt klubunun heyətində 46 oyuna çıxıb, 84 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb. Hüseynəlinin “Səbail”lə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var idi. Amma görünür, o, Premyer Liqanı tərk etmiş komandada qalmaq istəmədiyi üçün “İmişli”dən aldığı təklifi müsbət cavablandırıb.
“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes və Rafael Vyeqası da heyətinə qatmışdı. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov və Dioqo Vaskes Rollo ilə də yeni müqavilə imzalanıb. Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarov isə əyalət təmsilçisini tərk ediblər.