AZ

Ağstafa fermerlərinin üzü gülür

Bu günlər Ağstafa fermerlərinin üzü gülür. Bir tərəfdə taxıl, bir tərəfdə kartof, digər tərəfdə isə tərəvəz məhsulları yetişdirən kənd sakinləri torpağın bəxş etdiyi ruzini vaxtında toplamaq üçün gecəni gündüzə qataraq gün çıxandan batanadək əkin sahələrindədirlər. İndi Ağstafaya yolu düşən hər kəs yolboyu kənd təsərrüfatı məhsulları toplayan, topladıqları məhsulu maşınlara yükləyərək anbarlara yola salan insanların şahidi olar. 

Belə bir gündə görülən işlərlə tanış olmaq üçün yolumuzu Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzindən saldıq. Mərkəzin direktoru Ramiz İmanov qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Dedi ki, Ağstafada hər il bol taxıl yetişdirilir: "Elə götürək keçən ili. Fermerlərimiz hər hektardan 26,1 sentner arpa, 34,2 sentner buğda götürdülər. Bu il də 2740,5 hektarda arpa, 5178,5 hektarda buğda əkən təsərrüfat sahibləri zəmilərdə bol məhsul yetişdiriblər. Hazırda biçin gedir. İndiyədək 2735 hektarda arpa biçini aparılmış, məhsuldarlıq keçənilkindən xeyli çox olmuşdur. Buğda biçinində də yüksək göstəricilər əldə edilir. Son məlumata görə, sahələrdən 3650 hektarda buğda biçini aparılmış, nəticədə hər hektardan 34,5 sentner məhsul götürülmüşdür".

Söhbət zamanı öyrəndik ki, rayonda bol taxıl yetişdirən onlarca fermer var.  Köçəsgərli Gülbəniz Həbibova 30 hektar pay torpağı ilə yanaşı, 70 hektar icarə torpaqlarında taxıl əkib. Təcrübəli taxılçı hər il zəmilərdə bol məhsul yetişdirir. Keçən il hər hektardan 40 sentner məhsul götürən Gülbəniz Həbibova bu il həmin göstəricini üstələyib. Təsərrüfatda istənilən qədər texnika var. Taxıl əkinindən biçinə qədər bütün təsərrüfat işləri həmin texnikalarla aparılır. Hətta taxılı saxlamaq üçün anbar da inşa edilmişdir. Gələcəkdə yüksək reproduksiyalı toxum istehsal etməyi planlaşdıran fermer bunun üçün hazırlıq işlərinə başlamışdır.

Göycəli kəndinin sakini Əsgər Abdullayev də təcrübəli taxılçılardandır. Hər il 50 hektarda taxıl əkən fermer bu il də məhsuldan razıdır. 30 hektarda arpa, 20 hektarda buğda əkən fermer deyir ki, zəmilərdən ötənildəkindən 5 sentner çox - 45 sentner taxıl biçib. Onun da təsərrüfatında taxılçılıq üçün lazım olan bütün texnika mövcuddur. Fermer bu il 5 hektarda qarğıdalı da əkib. Yaxın günlərdə onun biçininə başlayacaq. 

Rauf Əsgərov taxıl istehsalına son bir neçə ildir başlayıb. Uzun illər hərbçi olmuş və Qarabağ döyüşlərində iştirak etmişdir. İndi kənd təsərrüfatı sahəsində çalışır. Deyir ki, qısa vaxt ərzində taxılçılıqla məşğul olmasına baxmayaraq, bol məhsul yetişdirir. Elə bu il də zəmilərdə məhsulu boldur. 

Ağstafada fəaliyyət göstərən böyük taxılçılıq təsərrüfatlarından birinə Aşağı Kəsəmən kənd sakini Adil Nəsibov başçılıq edir. Taxılçılıq sahəsində zəngin təcrübə qazanan fermer yüksək reproduksiyalı buğda toxumu istehsal edir. Rayonda taxılçılıqla məşğul olan əksər taxılçılar demək olar ki, toxumu bu təsərrüfatdan alırlar. Hələlik narazı qalan olmayıb. Adil Nəsibov bu ilin məhsulu üçün taxıl sahəsini xeyli artırmışdır. Keçən il hər hektardan 40 sentner məhsul götürən fermer cari ildə bu rəqəmin 45 sentnerə çatacağını deyir. Onu da qeyd edək ki, fermer taxılın səpilməsindən yığımınadək bütün işləri özünəməxsus texnika ilə həyata keçirir. Hətta toxumun çeşidlənməsi və tədarükü üçün də lazımi avadanlıqları, eləcə də 2 kombaynı var. Həmin kombaynlardan birini özü idarə edir. Təsərrüfatında biçin başa çatan kimi kombaynları kömək üçün başqa təsərrüfatlara göndərir.

Rayonda taxıl biçini sürətlə davam edir. Təxminən 10-15 günə yekunlaşacaq. Cəmi 1534 hektar sahədə biçilməmiş taxıl qalıb. Biçinə 36 kombayn cəlb olunub. Onun 23-ü rayonun, 13-ü digər bölgələrindir. Biçinin mütəşəkkil aparılması üçün rayonda qərargah fəaliyyət göstərir. Qərargah biçinə ciddi nəzarət edir, hər gün yığılan məhsulun hesabatı aparılır. Ümumiyyətlə, bu il rayon üzrə 17 min 865 ton buğda, 6 min 851 ton arpanın istehsalı nəzərdə tutulub. 

 Sabir ƏLİYEV,

 "Azərbaycan"

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr