AZ

Müğənninin yaşı mahnılarının ömrü qədərdir

Əlli beş il... Onun ömrünə düşən illərin sayı bu qədər oldu. Ecazkar səsinin ömrü isə əbədidir.

Məmmədbağır Bağırzadə 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində dünyaya gəlib. Uşaqlıq illərindən Nardaran kəndində keçirilən toylarda, el şənliklərində məşhur xanəndələrin oxuduqları muğamlar, xalq mahnıları ruhunu pərvazlandırır, onu sanki nağıllardan da şirin, sehirli bir aləmə aparırdı.

Musiqiyə beləcə könül verdi. Eşitdiyi, yaddaşından öncə könlünə yazdığı muğamları, mahnıları arabir özü üçün zümzümə etməyə başladı. Səsinin gözəlliyi, məlahəti eşidənlərdə Məmmədbağır Bağırzadənin istedadına əminlik yaratdı. Bir də gördü ki, ətrafında onun da oxumasını arzulayanlar, onu da dinləmək istəyənlər var. 

Bir çoxları kimi Məmmədbağır Bağırzadə üçün də xanəndəliyə başladığı illərdə toylar, el şənlikləri sənət yoluna aparan ilk cığır idi. Sənət meydanında böyük sənətkarların olduğu zamanda gənc, həm də əvvəldən ciddi, abırlı, utancaq olan Məmmədbağır üçün qapı açmaq, öz bacarığını göstərmək asan deyildi. Ancaq büllur kimi saf, şaqraq səsi sanki sehirli bir gücə malik idi. Dinləyənləri dərhal cəlb edir, heyran qoyurdu.

Gənc Məmmədbağır ürəkdən bağlı olduğu xalqının musiqisinin, muğamlarının, şeiriyyatının vurğunu idi. O, Bakının kəndlərində hər söhbəti bir dərs olan, məlumatlı, bilikli, dünyagörmüş insanların danışdıqlarını dinləməkdən doymurdu. Beləcə, Azərbaycanın zəngin musiqisinin, muğamlarının, klassik ədəbiyyatının, xüsusən qəzəllərinin incəliklərini öyrənirdi.

Məmmədbağır Bağırzadə 1970-ci ildə Nardaran qəsəbə klubunda xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləməyə başladı. Musiqi sahəsində  təhsil almaq onun ən böyük arzularından idi. 1979-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) daxil oldu. Texnikumun muğam şöbəsində Xalq artisti Əlibaba Məmmədovun sinfində oxudu. Sonralar təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) davam etdirdi, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət Konsert Birliyində işlədi. 1985-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin solisti oldu.

O, muğam ifaçılığımızın dəyərli ənənələrini böyük məsuliyyət və sədaqətlə qoruyub yaşadır, davam etdirirdi. Məmmədbağır Bağırzadə həm də özünün bənzərsiz mahnıları ilə tanınırdı. Bəstələdiyi mahnılar ilk ifasından sevilir, məşhurlaşırdı. Məmmədbağır Bağırzadə xalq mahnılarına, eləcə də digər bəstəkarların yaradıcılığına da tez-tez müraciət edirdi. Onun repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin, Ələkbər Tağıyevin və başqa bəstəkarların mahnıları daxil idi.

Onu efirə Ələkbər Tağıyev gətirdi. Ancaq bütün Azərbaycanda tanıdan, şöhrətləndirən yalnız televeziya ilə yayımlanan çıxışları olmadı. Məmmədbağır Bağırzadə rəhbərlik etdiyi "Dilkəş" instrumental ansamblı ilə respublikanın bütün bölgələrində çıxışlar edir, hər yerdə sevgi və rəğbətlə qarşılanırdı.

Keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində keçirilən mədəniyyət günlərində, dünyanın müxtəlif ölkələrində - Türkiyədə, İranda, Almaniyada, Misirdə, Hindistanda, Şri-Lankada, Əlcəzairdə, Macarıstanda, Fransada, Norveçdə qastrol səfərlərində iştirak edən müğənni milli musiqimizin təbliğində öz bacarığını əsirgəmədi. Minlərlə musiqisevər mahnılarımızı, muğamlarımızı onun səsi ilə dinləyib sevdi. Həm də Azərbaycan musiqi sənətinə xidmətləri diqqətdən kənarda qalmadı. Məmmədbağır Bağırzadə ifaçılıq sənətindəki uğurlarına görə 1989-cu ildə "Əməkdar artist", 2002-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görüldü.

Bənzərsiz səsi ona ilahinin bəxş etdiyi xoşbəxtlik idi. Məmmədbağır Bağırzadə bu xoşbəxtliyin böyüklüyünü də, qədir-qiymətini də çox yaxşı bilirdi. Odur ki, həmişə səsini qoruyurdu. Oğlu Rahim Bağırzadə müsahibəsində atası haqqında deyib: "Dondurmanı ilk dəfə 51 yaşında yeyib. ...Mən onda məəttəl qaldım. Çünki atam səsinə görə heç vaxt soyuq şeylər yeməzdi. Bir də gördük atam ağlayır. Bacım ondan ağlamağının səbəbini soruşanda atam onun başını sığallayıb dedi: "Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi".

Onu sənət aləmində fərqləndirən yalnız bənzərsiz səsi, təkrarsız ifa tərzi deyildi. Məmmədbağır Bağırzadə ağayana, ciddi, ləyaqətli insan olduğuna görə hörmət, ehtiram qazanmışdı. Davranışı kimi, geyim-kecimi ilə də çoxlarına nümunə idi. Rahim Bağırzadə atasının geyiminə və xarici görünüşünə çox tələbkar olduğunu deyir: "Hər yer üçün ayrıca kostyumları olurdu. Bir dəfə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır, deyəsən, sən maşınla yox, piyada gəlmisən, paltarında bircə qırış da yoxdur. Adamlar onun səliqəsinə heyrət edirdilər".

Məmmədbağır Bağırzadənin şair Zivər Ağayevanın sözlərinə bəstələdiyi "Kimlərə qaldı dünya" mahnısının sözləridir:

Kimlərə qaldı dünya 

Dolub boşaldı dünya

Olmadı sirrin açan

Sehirli qaldı dünya...

Məmmədbağır Bağırzadə sirrini sirdaşa verməyən bu əsrarəngiz dünya ilə 2005-ci il oktyabrın 30-da vidalaşdı. Onun bir zamanlar şövqlə ifa etdiyi "Belə qəmli dayanma", "Sən gəlməz oldun", "Axşamlar", "Tello", "İstəmir məni", "Darıxıram sənin üçün", "Azərbaycan oğluyam", "Sənli günlərim", "Gecə yaman uzundur" və başqa mahnılar lent yazılarında qalır. Həmin mahnılar yenə sevilə-sevilə dinlənilir və bir daha inandırır ki, sənət əbədi, sənətkarlar unudulmazdır. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"  

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr