AZ

Teatrsevərlər "Ümid işığı"na toplaşdılar

Bu günlərdə tamaşaçılar Şuşa Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Ümid işığı" pyesinin əsasında hazırlanmış birhissəli tamaşaya baxdılar. Lirik-psixoloji janrda yazılmış dram əsəri Zemfira xanımın yubileyinə həsr olunmuşdur. 

Müəllif pyesdə min illərdən bəri yaddaşlarda daşlaşmış həyat gerçəklərinə sadiq qalaraq narahat dünyamızın əzəli-əbədi dəyərlərinin üzərinə işıq salır. "Ümid işığı" bir-birini saf məhəbbətlə sevən, amma gözlənilmədən müəyyən çətinliklərlə qarşılaşan iki gəncin ağrı-acılarla, üzüntülərlə dolu olan həyat dramıdır. Əsərdə insan və cəmiyyət, valideyn-övlad münasibətləri, ailə qurmağa oyun-oyuncaq kimi baxanların faciəsi, maneələr, münaqişələr, özündə güc tapıb mübarizə aparmaq, qeyri-sağlam həyat tərzindən uzaqlaşmaq cəhdləri rejissorun maraqlı yozumları ilə müxtəlif məziyyətlərlə tamaşaçılara çatdırılır. 

Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmov, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Azər Məmmədovdur. Tamaşada Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov və Nazir Rüstəmov, aktyorlar Zəhra Salayeva, Sürahi Əliməmmədova, Cavidan Kəsəmənli, Püstəxanım Zeynalova, Bahar Həmzəyeva, Mətanət Eres, Təranə Əliyeva, Dürdanə Dünyamalıyeva, Orxan Alışov, Əhliman Ərşadlı, Cavid Cavadzadə, Sahib İbrahimov və başqaları iştirak edirlər. 

"Ümid işığı"nın premyerasına xeyli tamaşaçı gəlmişdi. Pyesin  nümayişindən əvvəl çıxış edən əsərin quruluşçu rejissoru Nazir Rüstəmov dedi ki, bu gün bizim hamımızı Şuşa Dövlət Musiqili Dram Teatrının bu möhtəşəm salonuna və səhnəsinə xoş bir istək, məram gətirib: "Artıq iki gündür ki, teatrımızda premyeradır. Publisistikamızda, nəsrimizdə dəst-xəti olan tanınmış yazıçı, Əməkdar jurnalist və bu gündən həm də dramaturq adı daşımağa mənəvi haqqı olan Zemfira Məhərrəmlinin "Ümid işığı"na toplaşmışıq. Bu əlamətdar gün münasibətilə Zemfira xanımı təbrik edir, teatrımızın kollektivi adından ona yeni yaradıcılıq uğurları arzulayırıq".

Zemfira Məhərrəmli çıxış edərək tamaşaçılara pyesə baxmaq üçün gəldiklərinə görə təşəkkür etdi: "Bu gün hamımız üçün, elə doğma Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi üçün də xoş bir gündür. Çünki hər doğulan əsər yaradıcı kollektivin uğurudur, sevincidir. Bu gün çox xoşbəxtəm, çünki arzusunda olduğum bir əsərim tamaşaya qoyulub. Bizim üçün əlverişli şərait yaratdığına görə teatrın rəhbərliyinə - Yadigar Muradova minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, tamaşa hamınızın ürəyincə olacaq. "Ümid işığı"nı böyük məharətlə səhnələşdirən  quruluşçu rejissor Əməkdar artist Nazir Rüstəmova və bütün yaradıcı kollektivə "çox sağolun" deyirəm".

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək yazıçı-publisist Zemfira Məhərrəmlinin yaradıcılıq yolundan ətraflı söz açdı. Dedi ki, Zemfira xanımın istər publisistikasında, istərsə də nəsrində iki mövzu aparıcı xətt kimi özünü qabarıq şəkildə göstərir: "Bunlardan biri Qarabağ müharibəsi, ikincisi isə bu müharibədə həyatı param-parça olmuş qadın taleləridir. Onun qələmindən çıxmış bir çox hekayə və povestdə, publisistik məqalələrdə Azərbaycan qadınının Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar da parlaq şəkildə əks etdirilib. Zemfira Məhərrəmli adi bir həyat hekayəsini canlı əhvalatlar şəbəkəsinə uğurla birləşdirməyi bacaran nasirdir. Onun yaradıcılığında ən çox diqqəti cəlb edən, sevdiyi maraqlı məqamlardan biri də hekayələrində ümid çırağının şöləsinin gur olmasıdır. Çox sevindiricidir ki, "Ümid işığı" pyesi də elə bu ruhda, bu ovqatda yazılıb. Sevgiyə mane olan bütün təzadlı məqamlara sonda qadın dəyanəti qalib gəlir".    

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, "525-ci qəzet"in redaktoru yazıçı-publisist Rəşad Məcid də çıxış etdi. Bildirdi ki, teatr yarandığı gündən həmişə işıqlı, düşüncəli insanları ətrafına toplayıb: "Bu gün biz də elə yazıçı-publisist Zemfira Məhərrəmlinin "Ümid işığı"nın nuruna yığışmışıq. Yaradıcı adamlar üçün belə əlamətdar günlər həmişə yaddaqalan və unudulmaz olur.  Müxtəlif müsabiqələrdə iştirak edib və qalib gələn Zemfira xanımın ilk hekayələrini "525-ci qəzet"də çap etmişik. Bildiyimə görə, Zemfira Məhərrəmli hazırda roman üzərində işləyir. İnanıram ki, bu əsər də oxucular tərəfindən rəğbətlə qarşılanacaq. "Ümid işığı"  onun ilk pyesidir.  Zemfira xanım bir dramaturq kimi də özünü sınayıb. Bu sınaqdan uğurla çıxıb".

Çıxışlar yekunlaşandan sonra tamaşa başlandı - işıqlar söndü, salona sakitlik çökdü, aktyorlar səhnəyə çıxdı. Aktyorlar fərqli ailələr arasındakı antoqonist düşüncələrin iki sevən gəncin tale yollarına necə də mənfi, keçilməz maneələr yaratdığını bacarıqla nümayiş etdirirdilər. Sanki həyatın iç üzünü açıb tamaşaçılara göstərdilər. Ədəbiyyatın, sənətin əbədi mövzusu olan sevgi üzərində qurulan əsər bir anın içində tamaşaçıları sehirləyir. İki bir-birini sevən gənclər doğulduqları və böyüdükləri ailələrin vəziyyətinə görə həyatın dibinə yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalırlar. Qız ağlını itirmək, oğlan əyyaşlığa qoşulmaq həddinə çatır. Belə bir məqamda övladlarının xoşbəxtliyini bütün var-dövlətlərindən üstün tutan valideynlərin sağlam düşüncəsinin ümid işığı onların üzərinə düşür. Lirik-psixoloji dram janrında qələmə alınmış pyes müsbət sonluqla, xoşbəxt gələcəyə bəslənən ümidlə başa çatır. Ürəkdən axıb gələn sevgi, saf məhəbbət bütün antoqonist ziddiyyətlərə qalib gəlir. Bir-birini böyük məhəbbətlə sevən gənclər əsərin sonunda ümid işığına doğru gedirlər. 

Xüsusilə qeyd edilməlidir ki, pyesdə gənclərə sevgi və məhəbbətləri uğrunda mübarizə aparmağa, qalib gəlməyə, qarşılaşdığı maneələri aradan qaldırmağa güclü, sonsuz və həmişə ucadan eşidiləcək bir çağırış var. Bu çağırış gəncləri xoşbəxtliyə səsləyir.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr