AZ

Almaniya ABŞ-dan “Typhon” raket kompleksləri almaq niyyətindədir

Almaniya ABŞ-dan “Typhon” çoxməqsədli raket kompleksləri tədarük etmək niyyətindədir.

“Poliqon” xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olarkən Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb.

“Bu silah sistemlərinin atış məsafəsi Avropada indiyədək malik olduqlarımızdan xeyli böyükdür. Almaniya bununla yalnız öz müdafiə qabiliyyətini deyil, eyni zamanda Avropanın da çəkindiricilik gücünü əhəmiyyətli dərəcədə artıra bilər”, – deyə nazir qeyd edib.

Almaniya Avropadakı digər müttəfiqləri ilə birlikdə, ELSA (European Long-Range Strike Approach) layihəsi çərçivəsində 2.000 kilometrdən artıq mənzilli bir silah sistemin inkişafı üzərində çalışır. Çünki mövcud təhlükə vəziyyətini nəzərə alaraq, uzaqmənzilli dəqiq zərbə qabiliyyətinə malik silahların ciddi şəkildə tələb olunduğu vurğulanır. Lakin bu Avropa layihəsinin istifadəyə verilməsi üçün daha 7–10 il vaxt tələb olunacaq. B.Pistorius buna görə də ABŞ sisteminin alınmasını “keçid həlli” kimi vacib hesab etdiyini bildirib.

Bununla yanaşı, ABŞ-ın orta mənzilli raket sistemlərinin Almaniyaya yerləşdirilməsi məsələsi də müzakirə olunub. ABŞ ilə əldə olunan razılaşmaya əsasən, 2026-cı ildən etibarən 2500 kilometrə qədər mənzilli ABŞ raket sistemləri müvəqqəti olaraq Almaniyada yerləşdiriləcək. Bu addım da Avropada inkişaf etdirilən müvafiq silah sistemi istifadəyə verilənə qədər konvensional çəkindiricilik gücünün təmin olunmasına xidmət edir.

Seçilən
36
poliqon.az

1Mənbələr