Növbəti mövsümə hazırlaşan “Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirəcək.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi “Pendikspor”la üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
Xatırladaq ki, qəsəbə komandası daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “qartallar” Türkiyənin “Ankara Keçiörengücü” (2:1) və “Çorum” (2:0), İordaniyanın “Əl-Hüseyn” (1:0) komandalarından üstün olub.
Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Komanda bu turnirin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda keçiriləcək. Bu matça saat 19:30-da start veriləcək. Cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.