Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp nəhayət Rusiya lideri Vladimir Putinin ona yalan danışdığını görüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Zelenski “Newsmax” nəşrinə verdiyi müsahibədə danışıb.
“Prezident Tramp anlayır ki, Putin ona yalan danışır. Ən vacibi isə odur ki, Tramp bunu kimsədən eşitməyib, özü şəxsən görüb,” – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Tramp bu qənaətə gəlib ki, “Putin bir söz deyir, amma sonra bombalayır” və əslində “müharibənin bitməsini istəmir.”
Zelenski əlavə edib ki, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirmək barədə qərarı var və Vaşinqtonda başa düşürlər ki, Ukraynanın bu müharibədə uduzmaması ABŞ üçün vacibdir.
“Putin öz ordusunu ölümə göndərməklə böyük itkilər verir,” – deyə Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, ABŞ ilə hava hücumundan müdafiə sistemlərinin tədarükü üzrə razılaşmalarda ciddi irəliləyiş əldə olunub.
Bundan əlavə, Zelenski ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı hazırladığı yeni sanksiyalar paketinə də toxunub.
“ABŞ və Ukraynadakı analitiklər, maliyyəçilər və kəşfiyyat strukturları bu sanksiyaların Putinin gəlirlərinə zərbə vuracağını anlayır. Bu isə sülh üçün Ukraynanın, ABŞ-ın və Avropanın potensialını artıracaq. Çünki Putin enerji, neft, qaz və digər resurslardan müharibəyə böyük pullar cəlb edə bilməyəcək,” – deyə Zelenski bildirib.
Tramp Putindən məyus oldu
Daha əvvəl bildirildiyi kimi, Donald Tramp Rusiyaya qarşı rüsumlar tətbiq etmək və Ukraynaya silah göndərmək niyyətində olduğunu bəyan etmişdi. O, əgər yaxın 50 gün ərzində Ukrayna ilə bağlı sülh sazişi əldə olunmasa, Rusiyaya və onun tərəfdaşlarına qarşı əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı.
Tramp həmçinin etiraf etmişdi ki, Putindən məyus olub, çünki Kreml rəhbərinin atəşkəllə razılaşacağını ümid etsə də, bu baş verməyib.
Bu məyusluğun nəticəsi olaraq, Tramp Ukraynaya “Patriot” raketləri göndərmək qərarı verib. Əgər iyulun əvvəlində ABŞ bu raketlərin tədarükünü dayandırmışdısa, Putin və Zelenski ilə son telefon danışıqlarından sonra Tramp fikrini dəyişib.
“The New York Times” qəzetinin məlumatına görə, Avropa liderləri Trampın Putinlə bağlı fikirlərinə təsir göstərməyə nail olublar. Onlar tərif və təzyiq vasitəsilə ABŞ prezidenti ilə yeni sanksiyalar məsələsində irəliləyiş əldə etməyə çalışıblar.
Məsələn, Almaniya kansleri Fridrix Mers Trampı İrana qarşı zərbələrinə görə tərifləyib və bildirib ki, Ukraynada da bənzər addım ata bilər – amma bombalarla yox, Rusiyanın iqtisadiyyatını sarsıdacaq yeni sanksiyalar paketi ilə.
İmran Kərimli