Slovakiya Rusiyaya qarşı yönəlmiş bu təşəbbüsü bloklayıb
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çalışır. Lakin Brüssel bu məsələdə bəzi üzv ölkələrin müqaviməti ilə qarşılaşmaqdadır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı (Aİ) rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
18-ci paketdə nələr var?
Xatırladaq ki, Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı indiyədək Rusiyaya qarşı 17 sanksiya paketi qəbul edib. May ayında təsdiqlənmiş 17-ci sanksiya paketinə “kölgə donanması”ndan olan 189 gəmi daxil edilib. Paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, bu sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyib - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilib. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil edilib. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olub. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyaların hədəfi sırasındadır.
Ötən aydan isə Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində çalışır. Təxminən bir neçə həftə əvvəl rəsmi Paris iki-üç gün ərzində Avropa İttifaqı tərəfindən bu paketin razılaşdırılacağını bəyan etsə də, hələ də nəticə yoxdur.
18-ci sanksiya paketi ilə bağlı bir müddət əvvəl açıqlama verən Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması cəhdlərini özündə əks etdirə bilər. Xanım Lyayen, həmçinin deyib ki, AK öz sanksiyalarını ABŞ-ın mümkün yeni anti-Rusiya sanksiyaları ilə əlaqələndirməyə çalışır. Bundan əlavə, Fon der Lyayen və Aİ-nin ali nümayəndəsi Kaya Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini müəyyən qədər azaltmağa çalışmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağı planlaşdırdıqlarını söyləyiblər. Yeni sanksiyalar çərçivəsində Rusiyadan idxal edilən neftin qiymətinə tətbiq olunan “tavanın” azaldılması planlaşdırılır. Sənəddə neft qiymətinin yuxarı həddinin müəyyən edilməsi üçün dinamik mexanizmin tətbiqi nəzərdə tutulur.
Kallas: Biz çox yaxın idik, amma...
Müvafiq razılaşmanın iyulun 14-də Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə əldə olunması gözlənilsə də, baş tutmayıb. Belə ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Slovakiyanın mövqeyinə görə tərəflərin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib: “Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi”.
Kaya Kallas razılaşmanı blok etdiyinə görə Slovakiyanı tənqid edib. O, Slovakiyanın sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə bunun kompensasiya olunmasına dair vəd tələb etdiyini vurğulayıb. Xanım Kallas bildirib ki, Slovakiyanın tələbləri Avropa Komissiyası tərəfindən yerinə yetirilib. Lakin Slovakiyanın Baş naziri Robert Fitso bu vədləri kifayət qədər inandırıcı saymayıb.
Slovakiyanın tələbi...
Baş nazir Robert Fitso isə bəyan edib ki, ölkəsi üçün istisna maddəsinin tətbiqi ən doğru yol olardı. Bu istisna Slovakiyaya Rusiyanın “Qazprom” şirkəti ilə imzaladığı mövcud müqaviləni 2034-cü ilədək qüvvədə saxlamağa imkan verməlidir. Xatırladaq ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban da Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini vurğulamışdı.
Bununla belə, Almaniyanın xarici işlər naziri İohann Vodeful isə Avropa İttifaqının Slovakiyanın mövqeyinə baxmayaraq, yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaların 18-ci paketini qəbul edəcəyinə əminliyini bildirib: “Mən bu paketin yaxın gələcəkdə qəbul edilməsinə əminəm. Biz Avropa İttifaqı səviyyəsində danışıqların son mərhələsindəyik. Bu nəticəyə gəlməyimiz vacibdir”.
Aİ daxilində belə fikir ayrılıqları yalnız Rusiya üçün faydalı ola bilər. İndiyədək tətbiq olunan sanksiyalara baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bütün bunların fonunda Brüssel hesab edir ki, 18-ci sanksiyalar paketinin qəbul edilməsi Moskvaya təzyiqləri artıracaq. Lakin Aİ hələ də bu məqsədinə nail ola bilmir.
N.BAYRAMLI