ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FRS) əsas faiz dərəcəsini üç faiz bəndi aşağı salmağa çağırıb. Onun sözlərinə görə, bu addım ölkəyə hər il 1 trilyon dollara qədər qənaət qazandıra bilər. Ağ Ev rəhbərinin bu çağırışı qlobal maliyyə bazarlarında və inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda diqqətlə izlənir.
FED-in mümkün faiz endirimi dolların dəyərinə, beynəlxalq investisiya axınına və enerji qiymətlərinə necə təsir edə bilər? Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr bu prosesdən hansı istiqamətlərdə təsirlənər?
Publika.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli Globalinfo.az-a açıqlamasında Trampın bu tələbinin qlobal maliyyə və enerji bazarlarında rezonans doğuracaq bir çağırış olduğunu deyib:
“Bu addım reallaşarsa, inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan müxtəlif iqtisadi kanallar vasitəsilə bu dəyişiklikdən təsirlənə bilər. FED uçot dərəcəsinin azalmasının dolların zəifləməsinə gətirib çıxarması mümkündür. Bu, investorları daha aşağı gəlirli aktivlərdən uzaqlaşdırıb, yüksək gəlirli bazarlara yönləndirə bilər. Nəticədə, ABŞ dollarına olan qlobal tələbat azalacaq. Bundan əlavə, dolların ucuzlaşması qlobal ticarət balanslarını və ixrac yönümlü ölkələr üçün rəqabət şəraitini dəyişə bilər. Bu da investisiya axınlarında müəyyən yeniliklərə yol açacaq”.
İqtisadçı bildirib ki, aşağı faizli ABŞ bazarının investorları inkişaf etməkdə olan ölkələrə yönəltməsi, xüsusilə Azərbaycan kimi dövlətlər üçün bəzi hallarda investisiyaların artmasına şərait yaradar: