İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilir.
Laçın rayon Sus kənd sakini olan üç nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.
06:46
Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb. Hadisəyə səbəb bura gələn turistlərin odla ehtiyatsız davranmaları ehtimal edilir.
NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb:
“Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb”.
00:36
Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.
Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Əraziyə müvafiq texnika cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.
16 iyul, 22:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.