AZ

ABŞ Dövlət Departamentində kütləvi ixtisarlar xaos yaradıb

Bakı, 17 iyul, AZƏRTAC

ABŞ Dövlət Departamentində aparılan kütləvi ixtisarlar idarənin bəzi bölmələrində xaosa və iş prosesində ciddi pozuntulara yol açıb.

AZƏRTAC xəbər verir ki, “CBS News” telekanalı bu barədə qurumdakı mənbələrinə istinadla məlumat yayıb. Onların sözlərinə görə, ixtisar prosesinin təşkilində ciddi nöqsanlara yol verilib. Bəzi bölmələrin rəhbərləri ixtisar edilən işçilərin siyahısını almayıb və bu barədə məlumatları şəxsən axtarmalı olublar. Bundan başqa, xidmətdə olan əməkdaşların elektron poçtlarının qəfil bağlanması onların işində çətinliklər yaradıb.

Dövlət Departamentinin hazırkı və sabiq əməkdaşları kütləvi ixtisarların və bir neçə əsas bölmənin ləğv edilməsinin ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi risklər yaradacağını bildirirlər. Ekspertlər isə ixtisarlar barədə bəzi qərarların kifayət qədər əsaslandırılmadığını və yaxşı düşünülmədiyini deyir. Onların fikrincə, bu vəziyyət ABŞ-ın xarici tərəfdaşları ilə münasibətlərinə mənfi təsir göstərə və diplomatik nümayəndəliklərin fəaliyyətini zəiflədə bilər.

Bir müddət öncə, “Associated Press” agentliyi Dövlət Departamentinin 1,3 min əməkdaşının ixtisarının planlaşdırıldığı barədə məlumat yayıb. Bu, ABŞ Dövlət katibi Marko Rubionun maliyyə qənaəti və ideoloji islahatlar məqsədilə idarəni yenidən qurmaq üzrə planının bir hissəsidir.

Marko Rubio aprelin sonunda ABŞ administrasiyasının Dövlət Departamentində bürokratik aparatın ixtisarına yönələn “genişmiqyaslı islahat” aparacağını bəyan etmişdi. “The Washington Post” qəzetinin məlumatına görə, plan 80 min nəfərin çalışdığı departamentin on minlərlə əməkdaşının ixtisarını, eləcə də bir neçə konsulluğun və xarici siyasət proqramlarının bağlanmasını nəzərdə tutur. Xarici siyasət idarəsinin mərkəzi aparatında isə əməkdaşların 15 faizinin (təxminən 3,4 min nəfər) ixtisar ediləcəyi gözlənilir.

Seçilən
100
50
azertag.az

10Mənbələr